2020-10-05

“Təkrar edirəm, məqsədimiz torpaqlarımızı azad etməkdir” – Sultan Qasımov

Sentyabrın 27-dən Dağlıq Qarabağda başlayan eskalasiya dünyanın gündəmindədir. Dünyanın aparıcı ölkələrinin media quruluşları bu mövzuya xüsusi diqqət ayırır. 

 

Yenisabah.az xəbər verir ki, Rusiyanın “Komsolskiy Pravda” nəşri bu günlərdə Dağlıq Qarabağda baş verənlərlə bağlı Azərbaycanın Sankt-Peterburqdakı Baş konsulu Sultan Qasımovla söhbətləşib.

Baş konsul əvvəlcə nəşrə məsələnin əsl mahiyyətini anladıb. “Ermənistan-Azərbaycan münaqişəsi dünən, bir il, hətta 10 il əvvəl başlamayıb. Baş verənlərin başlanğıc nöqtəsi 1988-ci ildə Ermənistan rəhbərliyinin qəfildən Azərbaycanın tarixi ərazisi olan Dağlıq Qarabağ Muxtar Vilayətini ələ keçirmək barədə qərarı hesab edilməlidir.  

Beləliklə, məlum olur ki, ərazimizi bir hissəsi artıq 30 ildən çoxdur qonşu ölkə tərəfində işğal olunub. Üstəlik işğal faktının özü dünya ictimaiyyəti tərəfindən tanınır. Dünyanın bütün dövlətləri Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir. Dünyada heç bir ölkə müstəqilliyini elan edən “DQR” i tanımır. Unutmayaq ki, hələ 1990-cı illərin əvvəllərində Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası Ermənistan silahlı birləşmələrinin qyed-şərtsiz Azərbaycan ərazilərindən çıxarılması tələbi ilə 4 qətnamə qəbul edib. Ancaq bu, vəziyyəti dəyişməyib”, - deyə Sultan Qasımov bildirib.

Baş konsul daha sonra qeyd edib ki, hazırda müharibə Azərbaycan ərazisində gedir. “Azərbaycanın xəritəsinə baxın, Dağlıq Qarabağın harada yerləşdiyini görün, özünüz də bunu asanlıqla başa düşəcəksiniz. Biz öz evimiz uğrunda mübarizə aparırıq. Bu səbəbdən “qan tökməkdə” günahlandırıldığımızı eşitmək mənə və həmvətənlərimə qəibə gəlir. Hörmətli Prezidentimiz İlham Əliyevin dediyi kimi “Belə suallar verməzdən əvvəl soruşun ki, erməni əsgəri bizim torpaqda nə edir? Erməni ordusu bizim torpaqda nə edir?!”

Nə etməliydik? Biz artıq 30 ildir gözləyirik ki, münaqişənin sülh yolu ilə həll edilməsi üçün yaradılan Rusiya, ABŞ və Fransanın həmsədr ölkə olduğu ATƏT-in Minsk Qrupu problemi həll edəcək. Amma hələ bir nəticə yoxdur”, - deyə Sultan Qasımov vurğulayıb.

Baş konsul müharibənin nə zaman hansı şərtlərlə bitməsinə dair sualı isə belə cavablandırıb:

“Ermənistan üçün yeganə tələbimiz var idi - ərazilərimizdən qoşunların çıxarılması. Axı əslində, yalnız Dağlıq Qarabağın özü deyil, Azərbaycanın daha yeddi bölgəsi Ermənistanın işğalı altındadır.

Biz Ermənistan silahlı qüvvələrinin Dağlıq Qarabağ ərazisindən və ətrafındakı yeddi bölgədən tamamilə və dərhal çıxarılması şərtilə danışıqlara hazırıq.

Axı biz dəfələrlə bəyan etmişik ki, sülh bir şərtlə - erməni qoşunlarının ərazilərimizdən tamamilə çıxarılması və bir milyona yaxən məcburi köçkünün doğma torpaqlarına qayıtmasından sonra bərqərar olacağını bəyan etmişik”.

Sultan Qasımov “Rusiya bu münqişədə hansı rolu oynaçalıdır?” sualına cavabında Rusiyanın ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrindən biri olduğunu, eyni zamanda Azərbaycanla tarixi, mədəni əlaqələrinin mövcudluğunu xatırladıb. “Ən başlıcası, Rusiyanın da bizim kimi sülh istədiyini anlayırıq. Buna görə də gözləyir və ümid edirik ki, Rusiya ermənilərə mövqelərinin səhv olduğunu izah edə biləcək”, - deyə o əlavə edib.

Baş konsul bildirib ki, Azərbaycanın bir məqsədi var – torpaqlarını işğaldan azad etmək: “Hər şeyin, o cümlədən insan səbrinin bir həddi var. Təsəvvür edin, 30 ildir ki, münaqişənin sülh yolu ilə həll olunacağına ümid edərək danışıqlar aparırıq. Təkrar edirəm, məqsədimiz torpaqlarımızı azad etməkdir”.

Sultan Qasımov Rusiyanın bəzi KİV-lərinin baş verənləri birtərəfli qaydada işıqlandırmasına da toxunub.

“Rusiyanın bəzi KİV-lərinin Azərbaycan və Rusiya arasında əsrlər boyu davam edən dostluq münasibətlərinə xələl gətirmək üçün hər şeyi etdiyini, münaqişəni məqsədyünlü şəkildə qərəzli işıqlandırdığını görmək məni çox ağrıdır”, - deyə o vurğulayıb.

Arxiv üzrə axtarış