2020-09-22

Sankt-Peterburqda keçirilmiş “Memarlıq irsi – 2020” adlı Beynəlxalq Memarlıq Festivalında Azərbaycanın Qarabağ ərazisinə aid ekspozisiya təqdim olunub.

Cari ilin 17 sentyabr tarixində Rusiyanın Memarlar İttifaqının və Sankt-Peterburq hökumətinin təşkilatçılığı ilə Sankt-Peterburqun Mərkəzi rabitə muzeyində “Архитектурное наследие-2020» “Memarlıq irsi – 2020” adlı Beynəlxalq Memarlıq Festivalının açılışı baş tutmuşdur. Festivalda Rusiyanın 40 bölgəsinin tarixi memarlıq abidələri haqqında geniş məlumat və fotoşəkilləri əks etdirən stendlər nümayiş etdirilib.

Qeyd etmək vacibdir ki, tədbirdə yeganə xarici dövlət olaraq Azərbaycana xüsusi ekspozisiya yeri ayrılmışdır. Festivalda Azərbaycan Memarlıq İttifaqı tərəfindən hazırlanmış Qarabağ ərazisindəki memarlıq abidələrini əks etdirən ekspozisiya tədbir iştirakçılarına nümayiş etdirilmişdir. Festivalda ölkəmizin və Qarabağın yüksək səviyyədə təqdim edilməsi məqsədi ilə fəxri qonaq qismində Sankt-Peterburqdakı Baş konsulumuz Sultan Qasımov və diplomatlar iştirak etmişdir.                                                           

Təşkilatçılar tərəfindən söz verilən Baş konsul Sultan Qasımov çıxışında Azərbaycanın tarixi əraziləri olan Qarabağın zəngin mədəni memarlıq irsi və torpaqlarımızın işğalı nəticəsində Qarabağ ərazisindəki tarixi abidələrin məruz qaldığı dağıntılar barədə tədbir iştirakçılarına məlumat verib. Çıxışının davamında Baş konsul Sultan Qasımov Azərbaycana məxsus tarixi və mədəni irsin məhv edilməsi, bütün maddi dəyərlərimizin - Azərbaycan xalqına məxsus qiymətli əşyaları, geyim, memarlıq nümunələri, ibadət yerləri, musiqi əsərləri və alətləri, folklor, toponimlər, tarixi və tətbiqi sənətə aid nümunələri, yazılı məlumatları, habelə milli elementlərlə zəngin memarlıq abidələrinin dağıdıldığını və mənimsənmək məqsədi ilə təhrif edildiyini qeyd edib. Yekunda diplomat festival təşkilatçılarına Azərbaycanın tarixi Qarabağ ərazisinin memarlıq abidələrinin təbliği üçün yaradılmış imkana görə təşəkkürünü bildirib.            

Tədbirdə həmçinin Sankt-Peterburqun vitse-qubernatoru Nikolay-Linçenko, Moskva Memarlar İttifaqının Prezidenti Nikolay Şumakov, Sankt-Peterburqun Memarlar İttifaqının Prezidenti Oleq Romanov və digər rəsmilər mədəni irsin qorunması məqsədini daşıyan festivalın Sankt-Peterburq və dünya mədəniyyəti üçün kəsb etdiyi əhəmiyyətdən danışdılar. Moskva Memarlar İttifaqının Prezidenti Nikolay Şumakov Azərbaycanın festivala ekspozisiya ilə qatıldığına xüsusi diqqət yetirərək Baş konsul Sultan Qasımova, Azərbaycan Memarlar İttifaqına və ölkəmizin Mədəniyyət Nazirliyinə dərin təşəkkürünü bildirib.                                                                                                                                       

19   sentyabr   tarixində  “Memarlıq  irsi-2020”  Beynəlxalq  Memarlıq Festivalının bağlanışı günü Qarabağ ərazisindəki memarlıq  abidələrini əks etdirən xüsusi  ekspozisiyaya  görə Azərbaycan Memarlar İttifaqının layiq görüldüyü mükafat Baş konsul Sultan Qasımova təqdim olunmuşdur. S.Qasımov çıxışında Azərbaycan Respublikasının Festivalda Qarabağ regionu ilə təmsil olunmasının ölkəmiz  üçün böyük əhəmiyyət kəsb etdiyini bir neçə dəfə vurğulayıb. Diplomat Azərbaycan ərazisini və tarixi abidələrini əks etdirən sərgi ekspozisiyasına göstərilən böyük marağa görə təşkilatçılara və tədbir iştirakçılarına dərin təşəkkürünü bildirib.                                                                                                                    

Baş konsul çıxışını davamında cari ilin 12-14 noyabr tarixlərində Sankt-Peterburq şəhərində keçiriləcək Beynəlxalq Mədəniyyət Forumunda Azərbaycan Respublikasının Fəxri qonaq statusunda iştirak edəcəyini və Qarabağ mövzusunun daha geniş şəkildə təqdim ediləcəyini vurğulayıb.                                                                                             

Çıxışın yekununda Baş konsul Azərbaycanla Rusiya arasında dostluq münasibətlərinə və mədəni əlaqələrə diqqət yetirərək, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin yüksək qayğısı və Sərəncamı ilə Sankt-Peterburqun aparıcı mədəniyyət mərkəzlərində çalışan bir neçə incəsənət ustalarımızın, həmvətənlərimizin Əməkdar artist fəxri adları ilə təltif edildiyini xüsusi ilə qeyd edib.

“Memarlıq irsi – 2020” adlı Beynəlxalq Memarlıq Festivalı Rusiya və Azərbaycanın aparıcı kütləvi informasiya vasitələrində, xüsusi ilə Sankt-Peterburq televiziya kanalı, “AzTV” televiziya kanalı, “Oxu.az” və digər portallar tərəfindən işıqlandırılıb.

Arxiv üzrə axtarış