2020-06-25

Mariya sarayında “Hamı üçün bir Qələbə” adlı fotosərgi açılıb

Сari ilin 23 iyun tarixində Mariya sarayında Böyük Vətən müharibəsində sovet xalqının Qələbəsinin 75 illiyinə və Qızıl Meydanda tarixi Qələbə Paradının 75-ci ildönümünə həsr edilmiş “Hamı üçün bir Qələbə” adlı fotosərgi keçirilmişdir.

Sərgidə müharibə illərinin arxivlərində saxlanılan, vahid sovet xalqının böyük şücaətinin çoxsaylı epizodlarının təsvir edildiyi nadir fotoşəkillər təqdim olunmuşdur. Sankt-Peterburq Qanunverici Məclisinin bu sərgi üçün materiallar təqdim edilməsi təşəbbüsünə Azərbaycan, Belarus, Qazaxıstan, Tacikistan, Özbəkistan və digər ölkələrin parlamentləri qoşulublar. Milli parlamentlərin MDB Parlamentlərarası Assambleyasındakı səlahiyyətli nümayəndələri sərginin təşkilinə böyük kömək göstəriblər.

Tədbirdə Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan ölkələrin baş konsulları, milli parlamentlərin MDB Parlamentlərarası Assambleyası Şurasındakı səlahiyyətli nümayəndələri, Sankt-Peterburq Qanunverici Məclisinin deputatları iştirak ediblər.

Sankt-Peterburq Qanunverici Məclisinin sədri Vyaçeslav Makarov sərginin təşkilinə verdikləri böyük töhfəyə və çox nadir fotomateriallar təqdim etdiklərinə görə diplomatik korpusun nümayəndələrinə təşəkkürünü bildirib. Sankt-Peterburq parlamentinin rəhbəri vurğulayıb: “İllər keçir, Böyük Vətən müharibəsinin xalqlarımız üçün əhəmiyyəti daha da artır. Biz bu müharibə barədə, xalqlarımızın igidliyi barədə xatirəni gələcək nəsillərə çatdırmağa borcluyuq. Ortaq tariximiz, veteranların qardaşlığı bizi bu gün də birləşdirir. Bu sərgi tarixi həqiqətin qorunub saxlanması kimi nəcib məqsədə xidmət edir”.

Mərasimdə birinci çıxış etmək üçün söz Azərbaycan Respublikasının Sankt-Peterburqdakı baş konsulu Sultan Qasımova verilib. Diplomat qeyd edib ki, 9 May günü bəşəriyyətin tarixinə müasir dövrün ən ağır müharibələrindən biri olmuş Böyük Vətən müharibəsində Qələbə günü kimi daxil olub. O qorxulu vaxtda Azərbaycan xalqı keçmiş SSRİ-nin bütün xalqları ilə bir sırada ölkənin müdafiəsinə qalxıb və bu Qələbənin qazanılmasına böyük töhfələr verib. Müharibənin ilk günlərindən başlayaraq minlərlə Azərbaycan vətəndaşı cəbhələrdə faşizmə qarşı mərdliklə döyüşüb. Azərbaycandan 640 min nəfər səfərbər edilərək cəbhəyə göndərilib, onlardan 350 mindən çoxu geri qayıtmayıb.

Baş konsul Sultan Qasımov İkinci Dünya müharibəsi illərində Qələbənin qazanılmasında Azərbaycan neftinin rolunu və əhəmiyyətini də vurğulayıb.

Böyük Vətən müharibəsi haqqında tarixi həqiqətin qorunub saxlanması üzrə fəal işinə, Sankt-Peterburq ilə əməkdaşlığın möhkəmlənməsinə verdiyi töhfəyə və sərginin təşkilində iştirakına görə Azərbaycan Respublikasının baş konsulu Sultan Qasımova Sankt-Peterburq parlamentinin sədri adından təşəkkürnamələr təqdim edilib.

 

Arxiv üzrə axtarış