Sankt-Peterburqda Rusiya Dövlət Ermitajı və Azərbaycan Dövlət Xalça Muzeyi arasında əməkdaşlıq haqqında Memorandum imzalanıb.
Tədbirdə Rusiya Dövlət Ermitajının Baş direktoru Mixail Piotrovski, Azərbaycan Milli Xalça Muzeyinin direktoru Şirin Məlikova, Azərbaycanın Sankt-Peterburqdakı Baş konsulu Sultan Qasımov, Sankt-Peterburqun elm xadimləri və muzey ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Razılaşma ikitərəfli əlaqələrin, mədəni əməkdaşlığın inkişafı və genişləndirilməsini, birgə elmi-tədqiqat işlərinin və sərgilərin hazırlanmasını nəzərdə tutur. Fəaliyyətin əsas istiqamətləri arasında inklüziv layihələr xüsusi yer tutur.
Rusiya Dövlət Ermitajının Baş direktoru Mixail Piotrovski bəyan edib ki, tərəflər münasibətləri inkişaf etdirmək və genişləndirmək niyyətindədir. Məsələn, onlar “Pazırık xalısı” adlı birgə inklüziv toxunulmaqla duyulan layihə hazırlayırlar. Bu layihə görmə qabiliyyəti məhdud insanların incəsənətlə təmasına kömək edəcək.
Şirin Məlikova muzeyin fondlarında olan mədəni dəyərlərin xüsusi qayğıya ehtiyacı olan insanlar üçün əlçatan olmasından ötrü şəraitin yaradılması istiqamətində Azərbaycan Milli Xalça Muzeyində aparılan işlərdən danışıb. “Bu ornamentlərə ətraflı tamaşa etmək, müfəssəl şəkildə gözdən keçirmək mümkündür. Bunları görmə imkanı məhdud insanlar əlləri ilə toxunaraq hiss edə bilərlər”, - deyə Şirin Məlikova izah edib.
Ermitajın qiymətli və arxeoloji metalların elmi bərpası laboratoriyasının müdiri İqor Malkiel “Pazırık xalısı” adlı birgə gələcək layihəni təqdim edib. Bu layihə planlaşdırılan inklüziv proqramların sırasında birinci olacaq.
Azərbaycanın Sankt-Peterburqdakı Baş konsulu Sultan Qasımov çıxışında tərəflərə bundan sonrakı fəaliyyətlərində məhsuldar əməkdaşlıq arzulayıb. Diplomat Azərbaycan ilə Rusiya arasında humanitar və mədəni əlaqələrin genişləndirilməsində Beynəlxalq Mədəniyyət Forumunun əhəmiyyətli rolunu vurğulayıb. O, bu ilin noyabrında Sankt-Peterburqda təşkil olunacaq tədbirdə Azərbaycanın fəxri qonaq statusunda iştirak edəcəyini bildirib. Baş konsul, həmçinin dahi Azərbaycan bəstəkarı, müasir Azərbaycan peşəkar musiqi sənətinin və milli operanın banisi, 1913-1914-cü illərdə Sankt-Peterburqdakı Rimski-Korsakov adına Konservatoriyada təhsil alan Üzeyir Hacıbəylinin xatirəsinin əbədiləşdirilməsi məqsədilə görülən işlərdən danışıb.