2020-01-28

Azərbaycan nümayəndə heyəti Leninqradın faşist mühasirəsindən azad olunmasının 76-cı ildönümü ilə əlaqədar keçirilən tədbirdə iştirak edib.

27 yanvar 2020-ci il tarixində Azərbaycan nümayəndə heyəti Leninqradın faşist mühasirəsindən azad olunmasının 76 illiyi ilə əlaqədar Piskaryov Xatirə Məzarlığında keçirilən tədbirdə iştirak edib.

Nümayəndə heyətinə Azərbaycanın Respublikasının Sankt-Peterburqdakı Baş konsulu Sultan Qasımov, “Azərbaycan Milli-Mədəni Muxtariyyəti” təşkilatının sədri Vaqif Məmişov, Azərbaycan diasporunun nümayəndələri, Baş konsulluğun əməkdaşları daxil olub.

Tədbirdə Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenko, Sankt-Peterburqun qubernatoru Aleksandr Beqlov, Leninqrad vilayətinin qubernatoru Aleksandr Drozdenko, Rusiya Federasiyası Prezidentinin Şimal-Qərb Federal dairəsində səlahiyyətli nümayəndəsi Aleksandr Qutsan, Sankt-Peterburq hökumətinin, ictimaiyyətin nümayəndələri, ali hərbi məktəblərin kursantları, Rusiyanın şimal paytaxtında akkreditə olunmuş diplomatik korpusun təmsilçiləri iştirak ediblər.

Nümayəndə heyətimiz Piskaryov Memorial Məzarlığında Əbədi Məşəl kompleksinin və “Ana Vətən” abidəsinin önünə Azərbaycanın Baş konsulluğu adından əklil qoyub. Həmçinin məzarlıqda Leninqradın azad edilməsi uğrunda döyüşlərdə həlak olmuş azərbaycanlı döyüşçülərin xatirəsini əbədiləşdirən lövhəni ziyarət edib, önünə çiçəklər qoyub.

Leninqradın blokadası 1941-ci il sentyabrın 8-dən başlayaraq 900 gün davam edib. 1943-cü il yanvarın 18-də şəhərin blokadası yarılıb. Lakin şəhər blokadadan tamamilə 1944-cü il yanvarın 27-də azad edilib.

Arxiv üzrə axtarış