Sankt-Peterburqda 20 Yanvar faciəsinin 30-cu ildönümü münasibətilə anım mərasimi keçirilib.
Cari ilin 19 yanvar tarixində Azərbaycanın Sankt-Peterburqdakı Baş konsulluğunun təşkilatçılığı və diasporun iştirakı ilə 20 Yanvar faciəsinin 30-cu ildönümü münasibətilə anım mərasimi keçirilib. Tədbirdə diaspor üzvləri, Sankt-Peterburq hökumətinin rəsmiləri, burada orta və ali təhsil müəssisələrində oxuyan azərbaycanlı və rus tələbələr, gənclər birliyi AMOR-un fəalları, Baş konsulluğun diplomatları və həmvətənlərimiz iştirak etmişdir.
Mərasim iştirakçıları 20 Yanvar şəhidlərinin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Tədbirdə Baş konsul Sultan Qasımov, “Sankt-Peterburq Azərbaycan Milli-Mədəni Muxtariyyəti” təşkilatının sədri Vaqif Məmişov və digər şəxslər çıxış ediblər. Baş konsul Sultan Qasımov çıxışında qeyd edib ki, 1990-cı il yanvarın 20-nə keçən gecə Azərbaycanın müasir tarixinə ən böyük faciələrdən biri, eyni zamanda, xalqımızın qəhrəmanlıq salnaməsinin parlaq səhifəsi kimi daxil olub. Baş konsul vurğulayıb ki, 20 Yanvar hadisələri öz miqyası, xarakteri və mahiyyəti etibarilə görünməmiş cinayət idi. Azərbaycanın lideri Heydər Əliyev həmin günlər Moskvada idi. Faciədən bir gün sonra Ulu Öndər ailə üzvləri ilə birlikdə Azərbaycanın Moskvadakı Daimi Nümayəndəliyinə gələrək sərt bəyanatla çıxış edib və milli məsələlərin zorakı yollarla həlli cəhdlərini pisləyib. Məhz Heydər Əliyev öz xalqına sədaqət, mərdlik və mətanət nümayiş etdirərək bu dəhşətli faciə barədə həqiqətləri bütün dünyaya yayıb. “İndi Azərbaycan Respublikası suveren, müstəqil dövlətdir. 20 Yanvar faciəsi qurbanlarının xatirəsi əbədi olaraq qəlbimizdə yaşayacaq”,-deyə S.Qasımov vurğulayıb.
Sonra 20 Yanvar faciəsi haqqında sənədli film nümayiş etdirilib, tədbir iştirakçılarına ehsan süfrəsi verilib.