2019-12-28

Cari ilin 20 dekabr tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin dəvəti ilə MDB dövlət başçılarının qeyri-rəsmi görüşündə iştirak etmək üçün Sankt-Peterburq şəhərinə səfər etmişdir.

Hava limanında dövlət başçımız İlham Əliyevi Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı səfiri Polad Bülbüloğlu, ölkəmizin Sankt-Peterburqdakı Baş konsulu Sultan Qasımov, Leninqrad vilayətinin qubernatoru Aleksandr Drozdenko, Sankt-Peterburq şəhəri hökumətinin üzvü, Xarici əlaqələr komitəsinin sədri Yevgeni Qriqoryev, Leninqrad vilayətinin Xarici əlaqələr komitəsinin sədr müavini İnna Biqotskaya və digər rəsmi şəxslər qarşıladılar.

Səfər çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində fəaliyyət göstərən diaspor təşkilatlarımızın rəhbərləri Vaqif Məmişov və digərləri ilə görüşdü. Görüş zamanı Prezident İlham Əliyev Sankt-Peterburqa Prezident Vladimir Putinin dəvəti ilə gəldiyini, MDB dövlət başçılarının ötən ilin sonunda da qeyri-rəsmi zirvə görüşü keçirildiyini, və bunun artıq ənənəyə çevrildiyini bildirdi.

Dövlət başçımız əvvəllər də həm Bakıda, həm də Sankt-Peterburqda diasporla görüşdüyünü xatırladaraq, bu dəfə ki görüşün çox əlamətdar hadisə olduğunu vurğuladı. Sankt-Peterburqda və Leninqrad vilayətində çox böyük Azərbaycan diasporunun yaşadığını və fəaliyyət göstərdiyini bildirən Prezident İlham Əliyev, burada yaşayan azərbaycanlıların Rusiyanın çox dəyərli vətəndaşları kimi həm Rusiyanın ümumi inkişafına töhfə verdiklərini, həm də tarixi Vətənlə daim əlaqədə olduqlarını müsbət hal kimi dəyərləndirdi.

Cənab İlham Əliyev bütövlükdə 2019-cu ilin Rusiya-Azərbaycan əlaqələrinin tarixində xüsusi yer tutduğunu xüsusi vurğulayaraq, Prezident Vladimir Putinlə çoxsaylı görüşlərinin baş tutduğunu, hər bir görüşün çox məhsuldar olduğunu, və bu görüşlərdə müzakirə olunmuş məsələlərin və qəbul edilmiş qərarların sonradan həyatda öz əksini tapdığını bildirdi.

Dövlət başçımız nazirlər səviyyəsində bir çox qarşılıqlı səfərlərin, Rusiyanın Federasiya Şurasının sədri xanım Valentina Matviyenkonun aprel ayında Azərbaycana rəsmi səfərinin, cari ilin sonunda Rusiyanın İqtisadi inkişaf nazirinin Bakıya gözlənilən səfərinin və sonra öz həmkarları ilə sərhəddə Samur çayı üzərində tikilmiş yeni körpünün açılışının və növbəti görüşünün gözlənildiyini qeyd etdi.

Görüş zamanı Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyevanın Rusiyaya çox uğurlu rəsmi səfərinin baş tutduğunu, səfərin çox yüksək səviyyədə təşkil edildiyi bildirildi. Birinci vitse-prezidentin Rusiya Federasiyasının Prezidenti Vladimir Putin ilə görüşü, Prezident tərəfindən Mehriban Əliyevaya “Dostluq” ordeninin təqdim edilməsi böyük hadisə kimi qiymətləndirildi. Prezident İlham Əliyev Rusiyanın Prezidenti Vladimir Putinin prezident olmayan şəxsləri çox nadir hallarda qəbul etdiyini və bu istisna halın Rusiya Prezidentinin Azərbaycana münasibətinin təzahürü olduğunu vurğuladı. Mehriban Əliyevanın səfəri çərçivəsində həm Rusiyanın Baş Naziri ilə, həm də Federasiya Şurasının sədri ilə görüşlərinin əhəmiyyətini qeyd edən Prezident İlham Əliyev, eyni zamanda, Azərbaycanda da Rusiya Prezidentinə böyük hörmətin olduğunu və ikitərəfli əlaqələrin inkişafında prezidentlərin xüsusi rolunu vurğuladı.

Ölkə başçısı bu və digər hadisələrin 2019-cu ildə Rusiya-Azərbaycan əlaqələrinin inkişafını şərtləndirdiyini, görülmüş işlərin iştirakçısı və bir çox məsələlərin təşəbbüskarı kimi bu gün Rusiya-Azərbaycan əlaqələrinin tarixdə ən yüksək səviyyədə olduğunu tam qətiyyətlə bildirdi.

Azərbaycan əsilli vətəndaşların Rusiyada sayının təqribən 700 minə yaxın olduğunu qeyd edən Prezident İlham Əliyev Rusiyada azərbaycanlılara münasibətin çox müsbət olduğunu, onların mütləq əksəriyyətinin elmdə, təhsildə, biznesdə çox fəal olduqlarını və Rusiyanın vilayətlərində, habelə böyük şəhərlərində qanunvericilik orqanlarında artıq təmsil olunduqlarını müsbət hal kimi qiymətləndirdi. Bu səbəbdən Rusiya-Azərbaycan əlaqələrinin bu səviyyədə olmasının Rusiyada yaşayan azərbaycanlılar üçün və bizim üçün əhəmiyyətini vurğuladı. Eyni zamanda, Azərbaycanda da böyük rus icmasının yaşayıb və fəaliyyət göstərdiyini qeyd edən Prezident İlham Əliyev Cənubi Qafqazda ən böyük rus icmasının Azərbaycanda olduğunu, onların bizim qardaşlarımız kimi Azərbaycanın ümumi inkişafına öz töhfələrini verdiklərini bildirdi.

Azərbaycanlıların Sankt-Peterburqdakı diaspor təşkilatının rəhbəri Vaqif Məmişov diasporun nümayəndələri adından Prezident İlham Əliyevə onlara göstərilən dəstəyə görə minnətdarlığını bildirdi. Qeyd olundu ki, Azərbaycan diasporu Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə aparılan dərin islahatlar prosesini, əldə olunan inkişafı, qazanılan uğurları böyük maraqla izləyir və dəstəkləyir.

Dövlət başçısının diaspora göstədiyi qayğısını daim öz üzərində hiss etdiyini vurğulayan Vaqif Məmişov, Azərbaycan və Rusiya prezidentlərinin dostluq münasibətlərinin ölkələrimiz arasındakı əlaqələrin möhkəmlənməsində mühüm rol oynadığını, diasporun da bu münasibətlərdən bəhrələndiyini, onun dərinləşməsinə töhfə verdiyini və bundan sonra da verəcəyini vurğuladı.

Sonda Prezident İlham Əliyev görüş iştirakçılarını qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə təbrik edərək, salamlarının Sankt-Peterburqda və Leninqrad vilayətində yaşayan bütün soydaşlarımıza çatdırılmasını xahiş etdi.

Səfər çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev MDB dövlət başçılarının qeyri-rəsmi görüşündə iştirak etdi.

Rusiya Prezidenti Vladimir Putin MDB dövlət başçılarını salamlayaraq, Böyük Vətən müharibəsində Qələbə münasibətilə tədbirlərin keçirilməsinin qərara alındığını xatırlatdı. İkinci Dünya müharibəsi tarixinin saxtalaşdırılmasının yolverilməz olduğunu bildirən Vladimir Putin bəzi dairələr tarixi saxtalaşdırmağa çalışsalar da, onların cəhdləri boşa çıxacağını qeyd etdi. Prezident Vladimir Putin ictimaiyyətin bu cür tarixi faktlarla daha yaxından tanış olmasının vacibliyini vurğuladı. Tarixi həqiqətləri və ədaləti qorumaq, həmçinin həmin dövrün həqiqətlərinin saxtalaşdırılmasına qarşı çıxmaq üçün arxiv sənədlərinə nəzər salmağın vacibliyini qeyd edən Rusiya Prezidenti bu sənədlərdən faktlar və sitatlar gətirdi.

Rusiya Prezidenti İkinci Dünya müharibəsində böyük Qələbənin əldə olunmasında sovet xalqının misilsiz şücaətindən danışaraq bildirdi ki, ata-babalarımız bu qələbə uğrunda canlarından keçiblər. Həmin dövrdə Sovet İttifaqının hər bir ailəsi bu və ya digər dərəcədə bu müharibənin ağrılarını hiss ediblər. Vladimir Putin gələcəkdə İkinci Dünya müharibəsi ilə bağlı həqiqətlərin saxtalaşdırılmaması üçün özündə faktları əks etdirən arxiv materiallarının daha dərindən təhlil olunmasının vacibliyini qeyd etdi. Rusiya Prezidenti İkinci Dünya müharibəsində baş verənlərin siyasi məqsədlərlə qeyri-obyektiv təqdim edilməsinin təhlükəli tendensiya olduğunu bildirdi.

Sonra Prezident İlham Əliyev görüş iştirakçıları ilə birgə “1939-cu il II Dünya müharibəsinin başlanması” mövzusunda tarixi-sənədli sərgi ilə tanış oldu. Sərgidə toplanan arxiv sənədlərinin əsilləri, kinoxronika, fotolar, muzey əşyaları və digər çoxsaylı eksponat irimiqyaslı dünya müharibəsinə gətirib çıxaran hadisələr haqqında məlumat verir. Həm tarixçilər, həm də ən geniş auditoriya üçün nəzərdə tutulan sərgi Rusiyanın Federal Arxiv Agentliyi, Dövlət Hərbi Tarix Arxivi, Xarici İşlər Nazirliyinin tarixi sənədlər departamenti və Prezident Qrantları Fondunun dəstəyi ilə təşkil edilmişdir.

Günün sonunda Prezident İlham Əliyev MDB dövlət başçılarının qeyri-rəsmi görüşünün iştirakçılarının şərəfinə təşkil edilmiş ziyafətdə iştirak etmişdir.

Dekabrın 20-də Prezident İlham Əliyevin Rusiya Federasiyasına səfəri başa çatmışdır.

Arxiv üzrə axtarış