Sankt-Peterburqda Respublika günü və Azərbaycan Respublikasının diplomatik xidmət orqanlarının 100 illiyinə həsr olunmuş təntənəli tədbir keçirilib.
Cari ilin 24 may tarixində Baş konsulluğun təşkilatçılığı ilə Sankt-Peterburqun mərkəzində yerləşən “Astoriya” mehmanxanasının “Qış zalı”nda 28 May – Respublika günü və Azərbaycan Respublikasının diplomatik xidmət orqanlarının 100 illiyinə həsr olunmuş təntənəli tədbir keçirilib.
Tədbirdə fəxri qonaq qismində Sankt-Peterburqun vitse-qubernatoru Yevgeniy Yelin, Sankt-Peterburq Hökumətinin Xarici Əlaqələr Komitəsinin sədri Yevgeniy Qriqoryev, Leninqrad vilayəti Hökumətinin Xarici Əlaqələr Komitəsinin sədri Andrey Minin, MDB Parlamentlər Assambleyasının Baş katibi Dmitriy Kobitski Sankt-Peterburq Qanunvericilik Məclisinin komitə sədri Denis Çetırbok Sankt-Peterburq Qanunvericilik Məclisinin beynəlxalq əməkdaşlıq idarəsinin rəisi Nərgiz Əhədova, Sankt-Peterburqda akkreditə olunan Baş konsulluqların rəhbərləri, Sankt-Peterburqun bələdiyyə başçıları, yerli ictimaiyyətin nümayəndələri, mədəniyyət xadimləri, Sankt-Peterburq Universitetlərinin rektorları və professor heyəti, Azərbaycan diasporunun rəhbərləri və fəalları, AMOR gənclər təşkilatının Sankt-Peterburqdakı bölməsinin üzvləri, Sankt-Peterburq televiziya kanalının rəhbərliyi, “Rossiyskaya qazeta” qəzetinin müxbirləri və digər KİV nümayəndələri, Baş konsulluğun diplomatları iştirak ediblər.
Tədbirin rəsmi hissəsində Azərbaycan Respublikasının və Rusiya Federasiyasının dövlət himnləri səslənib. Baş konsul Sultan Qasımov qonaqları salamlayaraq, dövlət bayramı münasibəti ilə keçirilən tədbirə gəldiklərinə görə qonaqlara təşəkkürünü bildirib. Baş konsul Azərbaycanın Cənubi Qafqazda 10 milyon əhalisi olan ən böyük dövlət olduğunu və regionun 70 faiz iqtisadiyyatının məhz Azərbaycanda formalaşdığını diqqətə çatdırıb. Diplomat bildirib ki, regionu dünya ilə əlaqələndirən ən vacib strateji nəqliyyat qovşaqları Azərbaycandan keçir və ölkəmiz genişmiqyaslı iqtisadi layihələrdə fəal iştirak edir. O həmçinin bildirib ki, Azərbaycan dini tolerantlığa və multikulturalizmə böyük əhəmiyyət verən ölkədir, Cənubi Qafqazda ən böyük rus icması Azərbaycanda yaşayır və ölkənin 300-dən artıq orta məktəblərində rus sektorları fəaliyyət göstərir və rus dilində tədris həyata keçirilir.
Baş konsul 28 may tarixində Azərbaycanda dövlət bayramı, Respublika gününün qeyd olunduğunu xatırladaraq ölkəmizin tarixi və inkişafı barədə danışıb. Baş konsul tarixə nəzər salaraq qeyd edib ki, ölkəmiz 1918-ci ildə müsəlman şərqində ilk demokratik dövlət - Azərbaycan Demokratik Respublikasının sələfidir. Təəssüf ki, bu dövlət yalnız 1920-ci ilə qədər ömür sürüb.
Baş konsul Azərbaycan dövlətçiliyinin əsasının dahi siyasətçi Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulduğunu vurğulayıb. O bildirib ki, Heydər Əliyev bütün həyat və fəaliyyətini ölkəsinin və xalqının tərəqqisinə həsr edib. Ölkə müstəqilliyinin əsas tarixi səhifələri Heydər Əliyevin adı ilə bağlıdır. Məhz onun rəhbərliyi altında 1969-cu ildə Azərbaycan hərtərəfli inkişaf kursunu götürüb. İqtisadiyyat, mədəniyyət və elmin bir çox sahələrində uğurlar əldə edilib.
Ölkə mədəniyyətindən danışan diplomat Azərbaycanın bir çox tanınmış, dünya şöhrətli yazıçı, şair, bəstəkar və digər ictimai və siyasi xadimlərin vətəni olduğunu qeyd edib. O bildirib ki, dahi yazıçı Nizami Gəncəvinin heykəli Sankt-Peterburqun tarixi mərkəzi Petroqrad rayonunda ucaldılıb. Azərbaycan Mstislav Rostropoviç, Uzeyir Hacıbəyov, Qara Qarayev, Fikrət Əmirov və Rixard Zorge kimi şəxsiyyətlərin vətənidir. Bir çox tanınmış azərbaycanlının, o cümlədən dahi siyasətçi Heydər Əliyevin həyat səhifələri Sankt-Peterburqla bağlı olub. Azərbaycanın tərəqqisi naminə çalışan bir çox alimlər, yazıçılar, bəstəkarlar ali təhsilini Leninqradda alıblar. Bu ənənə davam etməkdədir, azərbaycanlı gənclər bu gün də Sankt-Peterburq Universitetlərində təhsil almağı tərcih edirlər.
Diplomat tarixə nəzər salaraq Azərbaycan xalqının yüz minlərlə igid övladının Böyük Vətən Müharibəsindəki iştirakını və ümumi vətənin müdafiəsi uğrundakı qəhramanlıqlarını qeyd edib.
Azərbaycan və Sankt-Peterburq münasibətlərinə nəzər salan Baş konsul Sultan Qasımov Hökumətlərarası əməkdaşlığın surətlə inkişaf etdiyini bildirib. Azərbaycan Respublikasının Prezident İlham Əliyevin Rusiya ilə əlaqələrin genişlənməsinə və möhkəmlənməsinə xüsusi diqqət yetirdiyini vurğulayıb. Ötən illər ərzində Azərbaycan-Rusiya münasibətləri yeni mərhələyə yüksəlib. Bu gün Azərbaycan və Rusiya strateji tərəfdaşdırlar.
Diplomat bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi düşünülmüş daxili və xarici siyasət nəticəsində Azərbaycan sürətlə inkişaf edən ölkələrdəndir. Bu gün Azərbaycan uğurla inkişaf edən ölkədir və dünya birliyinin tam hüquqlu üzvüdür. Azərbaycan Birinci Avropa Olimpiya oyunları, “Formula 1”, “Avroviziya” mahnı müsabiqəsi, Beynəlxalq Muğam Festivalı, Mədəniyyətlərarası Dialoq və Bakı Humanitar Forumu kimi beynəlxalq əhəmiyyətli tədbirlərə ev sahibliyi edir.
Çıxışının davamında Baş konsul Sultan Qasımov tədbirin Respublika günü ilə yanaşı Azərbaycanın diplomatik xidmət orqanlarının 100 illiyinə həsr olunduğunu bildirib. Baş konsul ölkə diplomatiyasının müsəlman şərqində ilk demokratik Respublikanın yaradılmasındakı mühüm rolundan danışıb. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə 9 iyul tarixi ölkədə diplomatik xidmət orqanlarının peşə bayramı kimi qeyd olur. O qeyd edib ki, 1919-cu ildə ilk dəfə olaraq Azərbaycan Xarici İşlər Nazirliyinin katibliyi təsis edilib. Bu il Azərbaycanda diplomatik xidmət orqanlarının 100 illiyi qeyd olunur. Müasir Azərbaycan diplomatiyası Prezident İlham Əliyevin rəhbərliyi altında milli mənafelərə xidmət edən müstəqil xarici siyasəti uğurla həyata keçirir.
Baş konsul Sultan Qasımov bildirib ki, bu gün Azərbaycanın diplomatik xidmət orqanları qarşıda duran vacib məsələlərin həllini təmin edir, ilk növbədə Ermənistan-Azərbaycan Dağlıq-Qarabağ münaqişəsinin ölkəmizin ərazi bütövlüyü çərçivəsində, sülh yolu ilə həlli istiqamətində aparılan danışıqları, ölkə maraqlarının beynəlxalq aləmdə möhkəmlənməsi və müdafiəsi, mədəniyyətlərarası dialoqa dəstək, beynəlxalq miqyaslı humanitar layihələrdə iştirak, mədəni irsin təbliği və digər qarşıya qoyulan məqsədlərin öhdəsindən müvəffəqiyyətlə gəlir.
Baş konsul Azərbaycan Respublikasının xarici siyasətinin prioritet istiqamətlərindən birinin Rusiya Federasiyası ilə əlaqələrin möhkəmlənməsi və əməkdaşlığın inkişaf etdirilməsinin təşkil etdiyinə diqqət yetirib. Bu gün Azərbaycan diplomatiyası qarşısında duran başlıca məsələlərdən əsasını Ermənistan-Azərbaycan Dağlıq-Qarabağ münaqişəsinin həlli təşkil edir. Artıq 30 ilə yaxındır ki, Ermənistan Azərbaycanın ərazi bütövlüyünə qarşı işğalçı siyasətini davam etdirir. Münaqişənin həlli ilə bağlı sülh danışıqlarında Rusiya Federasiyasının ölkəmizə dəstəyi yüksək qiymətləndirilir. Çıxışının sonunda Baş konsul Sultan Qasımov bildirib ki, bu gün müasir və müstəqil Azərbaycan dövləti Prezident İlham Əliyevin rəhbərliyi altında uğurlu və çoxşaxəli inkişafını davam edir.
Tədbirin davamında yüksək qonaq qismində çıxış edən Sankt-Peterburqun vitse-qubernatoru Yevgeniy Yelin qubernator Aleksandr Beqlovun 28 May–Respublika günü münasibəti ilə Baş konsul Sultan Qasımova ünvanlanan təbrik məktubunu oxuyub. Vitse-qubernator Y.Yelin öz çıxışında Azərbaycan Respublikası Hökuməti ilə RF Sankt-Peterburq Hökuməti arasında dostluq və səmərəli əməkdaşlıq əlaqələrinin gündən-günə inkişaf etdiyini bildirib. 2019-cu ildə Sankt-Peterburq hökumətinin üzvlərindən ibarət nümayəndə heyətinin Azərbaycana mədəni-işgüzar missiyasının planlaşdırıldığını vurğulayıb. Sankt-Peterburq Qanunvericilik Məclisinin komitə sədri Denis Çetırbok Sankt-Peterburq Qanunvericilik Məclisinin sədri Vyaçeslav Makarovun diplomatlara ünvanlanmış təbrik məktubunu oxuyub və 101 il əvvəl müsəlman şərqində ilk dəfə Azərbaycanda demokratik dövlətin yaradıldığını qeyd edib. Azərbaycan Respublikasının Milli Məclisi ilə əməkdaşlığın mühüm əhəmiyyət kəsb etdiyini də vurğulanıb. Sankt-Peterburq Qanunvericilik Məclisinin komitə sədri Denis Çetırbok çıxışında Sankt-Peterburqun Qanunvericilik Məclisi ilə Azərbaycan Respublikasının Milli Məclisi arasında sıx əlaqələrin və səmərəli əməkdaşlığın davam etdirildiyini və Qanunvericilik Məclisinin Azərbaycanın Sankt-Peterburqdaki Baş konsulluğu ilə möhkəm əlaqələr qurduğunu və əməkdaşlıq etdiyini diqqətə yetirib. Leninqrad vilayəti Administrasiyasının Xarici əlaqələr Komitəsinin sədri Andrey Minin Leninqrad vilayətinin qubernatoru cənab Aleksandr Drozdenkonun təbrik məktubunu oxuyub. Çıxışının davamında cənab A.Minin Leninqrad Hökuməti ilə Azərbaycan Respublikası Hökuməti arasında əməkdaşlığın inkişaf etdirilməsi, qarşılıqlı sərmayələrin yatırılması üçün geniş imkanların mövcud olduğu və bu istiqamətdə işin aparıldığını, kənd təsərrüfatı sahəsində işçi qruplarının səmərəli görüşlər keçirdiyini qeyd etdi.
Hökumət rəsmilərinin və ali təhsil mərkəzlərinin təbrik məktublarının surəti məlumat üçün əlavə olunur. Tədbirdə fəxri qonaq qismində iştirak edən Yevgeniy Yelin, Sankt-Peterburq Hökumətinin Xarici Əlaqələr Komitəsinin sədri Yevgeniy Qriqoryev, Sankt-Peterburq Qanunvericilik Məclisinin qanun komitəsinin sədri Denis Çetırbok, o cümlədən Türkiyənın Baş konsulu Yunus Belet, İsrailin Baş konsulu Olqa Slov və İranın Rusiyadakı Səfiri Mehdi Sənai “AzTV” dövlət televiziya kanalının Rusiya üzrə müxbirinə müsahibə verərək, Azərbaycan Respublikasını dövlət bayramı münasibəti ilə və ölkə diplomatlarını peşə bayramları münasibəti ilə ürəkdən təbrik ediblər. Ölkəmizə və xalqımıza sülh və əmin-amanlıq, firavanlıq və davamlı inkişaf arzu ediblər.
Tədbirin rəsmi hissəsindən sonra “Astoriya” otelində qonaqlar Azərbaycanın Əməkdar artistləri, “Mariinski” teatrının solistləri Regina Rüstəmovanın, Elnarə Məmmədova və Həsən Bağırovun, həmçinin Alyona Sobalevskayanın ifalarında Azərbaycan və dünya bəstəkarlarının əsərlərini dinləyiblər. Baş konsulluq adından qonaqlara ziyafət verilib. Tədbir “AzTV” dövlət televiziya kanalı, “Azərtac” informasiya agentliyi tərəfindən işıqlandırılıb və Baş konsul Sultan Qasımovun “Sankt-Peterburq” televiziya kanalında geniş izləyici kütləsinə malik “Dördüncü studiya” verilişində canlı müsahibəsi yayımlanıb.