Sankt-Peterburqda keçirilmiş türk dünyası musiqisindən ibarət “Şərqin musiqi əfsanələri” adlı konsert keçirilib.
10-13 may 2019-cu il tarixlərində Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY) Türkiyə və Rusiyanın mədəniyyət və turizm ili çərçivəsində Sankt-Peterburqda “Şərqin musiqi əfsanələri” adlı konsert təşkil edib. Konsert proqramı Rusiyanın Xalq artisti Dmitri Xoxlovun rəhbərliyi ilə V.V.Andreyev adına Dövlət Akademik Rus Orkestri Sankt-Peterburq Akademik Filarmoniyasının Böyük zalının və Dövlət Akademik Kapellasının səhnələrində baş tutub.
Layihə çərçivəsində rusiyalı sənətsevərlər türk xalqlarının zəngin musiqi mədəniyyəti ilə tanış olublar. İdeya müəllifi TÜRKSOY-un baş katibi Düsen Kaseinov olan konsertin repertuarına Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Özbəkistanın parlaq musiqi nümunələri daxil idi. Üzeyir Hacıbəyli, Qara Qarayev, Arif Məlikov, Vasif Adıgözəlov, habelə Həsən Rzayev, Atay Oqombayev, Kalıy Moldobasanov, Mukan Tulebayev, Əhməd Jubanov kimi görkəmli türk bəstəkarlarının əsərlərini dinləmək tamaşaçıların zövqünü oxşayıb.
Rusiyalı musiqisevərlər türk dünyasının musiqi şedevrləri – Şərq sivilizasiyalarının motivləri əsasında yaradılmış “Yeddi gözəl”, “Məhəbbət əfsanəsi” baletlərinə, “Birjan və Sara”, “Koroğlu” və “Abay” operalarına tamaşa etmək, tar, xomıs, qaval və kuray kimi ənənəvi türk musiqi alətlərində ifa edilən melodiyaları dinləmək imkanı qazanıblar.
Tanınmış dirijorlar Dmitri Xoxlov və Yevgeni Xoxlovun rəhbərliyi ilə V.V.Andreyev adına Dövlət Akademik Rus Orkestri, məşhur dirijorlar Faruk Sadıkov (Özbəkistan), Ağaverdi Paşayev (Azərbaycan) və Duysen Ukimbay (Qazaxıstan), adlı-sanlı artistlər Cihan Yurtçu (Türkiyə), Sayan İsin və Ayqerim Muxtardin (Qırğızıstan), Sahib Paşazadə (Azərbaycan), Ramil Qayzullin (Başqırdıstan) və Aliyə Kikenovanın (Qazaxıstan) çıxışları tamaşaçılar tərəfindən gur alqışlarla qarşılanıb.
Qeyd etmək lazımdır ki, Azərbaycanın Sankt-Peterburqdakı Baş konsulu Sultan Qasımov və TÜRKSOY təşkilatına üzv ölkələrin baş konsulluqlarının rəhbərləri konsertə fəxri qonaqlar kimi dəvət edilmişdi. Tamaşaçılar xüsusi ilə Azərbaycan bəstəkarlarının əsərlərini davamlı alqışlarla qiymətləndiriblər.
Sankt-Peterburq Akademik Filarmoniyasının Böyük zalındakı konsertdən sonra TÜRKSOY təşkilatının baş katibi Düsen Kaseinov artistlərə uğurlu çıxışlarına görə təşəkkürünü bildirib. Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının rəhbəri dirijor Dmitri Xoxlova “TÜRKSOY – 25 il” medalını təqdim edib. Faruk Sadıkov, Ağaverdi Paşayev, Duysen Ukimbay, Yevgeni Xoxlov və Ramil Qayzullin TÜRKSOY tərəfindən Mukan Tulebayevin şərəfinə təsis olunmuş fəxri medallara layiq görülüblər. Konsert və Azərbaycanın mədəniyyət xadimlərinin uğurlu çıxışı yerli KİV və “Azərtac” informasiya agentliyi tərəfindən işıqlandırılıb.