18-19 aprel 2019-cu il tarixlərində Sankt-Peterburqda MDB Parlamentlərarası Assambleyası (MDB PA) Şurasının 49-cu iclası keçirilib.
İclasda ölkəmizi Milli Məclisin sədri cənab Oqtay Əsədov təmsil edib. Rusiya Federasiyası Federasiya Şurasının sədri xanım Valentina Matviyenkonun sədrliyi ilə keçən iclasda təşkilati məsələlərə baxılıb.
Aprelin 18-də keçirilmiş tədbirdə Milli Məclisin sədri Oqtay Əsədov Valentina Matviyenkonun yenidən MDB PA Şurasının sədri seçilməsi təklifi ilə çıxış edib. Milli Məclisin sədri bildirib ki, 2011-ci ildən Şuraya inamla sədrlik edən Valentina Matviyenko dövlətlərarası və beynəlxalq əlaqələr sahəsində böyük təcrübəyə malikdir. Təklif yekdilliklə qəbul olunub.
Rusiya Federasiyası Federasiya Şurasının sədri xanım Valentina Matviyenko MDB Parlamentlərarası Assambleyası Şurasının aprelin 18-də Sankt-Peterburqda keçirilən iclası çərçivəsində Milli Məclisin sədri Oqtay Əsədov ilə görüşündə Azərbaycana aprelin əvvəllərində səfərini məmnuniyyətlə xatırlayıb. V.Matviyenko səmimi qəbula və yüksək mükafata – Azərbaycanın “Dostluq” ordeninə layiq görüldüyünə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə təşəkkürünü bildirib.
Rusiya Federasiyası Federasiya Şurasının sədri Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyeva ilə görüşünün yüksək səviyyədə keçdiyini qeyd edib. Hörmətli Mehriban xanımın Birinci vitse-prezident kimi Rusiyaya səfərində maraqlı olduqlarını vurğulayıb.
Milli Məclisin sədri Oqtay Əsədov səmimi sözlərə görə təşəkkürünü bildirərək, xanım Valentina Matviyenkonun Azərbaycan-Rusiya münasibətlərinin inkişafında rolunu yüksək qiymətləndirib. Görüşdə ikitərəfli əməkdaşlıq, parlamentlər arasında qarşılıqlı fəaliyyətlə bağlı bir sıra məsələlərə dair fikir mübadiləsi aparılıb. Milli Məclisin sədri Oqtay Əsədov V.Matviyenkoya Azərbaycan parlamentinin 100 illik yubileyinə həsr edilmiş xüsusi medal və Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisinin Fəxri medalını təqdim edib.
Aprelin 19-da Müstəqil Dövlətlər Birliyi Parlamentlərarası Assambleyasında “Beynəlxalq terrorizmlə mübarizə” mövzusunda konfrans keçirilib. Sankt-Peterburqun Tavriya sarayında keçirilən tədbirlərdə Milli Məclisin nümayəndə heyəti və Baş konsul Sultan Qasımov iştirak edib.
Konfransı açan Rusiya Federasiyası Federasiya Şurasının sədri Valentina Matviyenko terrorizmlə mübarizənin hamılıqla aparılmasının vacibliyini vurğulayaraq bildirib ki, heç kim təkcə özü üçün təhlükəsiz şərait qura bilməz. Bu işdə milli parlamentlər və parlamentlərarası təşkilatların əməkdaşlığının səmərə verə biləcəyini söyləyən Federasiya Şurasının sədri internet vasitəsilə ekstremizmlə mübarizə aparılması məsələsini önə çəkib.
Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli konfransda çıxış edərək bildirib ki, həll olunmamış münaqişələr, dövlətlərin suverenliyinə və ərazi bütövlüyünə qarşı yönəldilmiş separatizm beynəlxalq terrorizm üçün münbit zəmindir. O vurğulayıb ki, suveren dövlətlərin ərazilərində müxtəlif şüarlar altında yaradılan “boz ərazilər”də qanunazidd fəaliyyətlər aparılır, terrorçular hazırlanır, qanunsuz silah alveri həyata keçirilir. Azərbaycanın Dağlıq Qarabağ ərazisində terrorçu qruplar hazırlanır və onlardan Azərbaycana qarşı istifadə olunur. Əli Hüseynli qeyd edib ki, xarici təhdidlərə baxmayaraq, Azərbaycanda təhlükəsizlik təmin edilir. Respublikamız təhlükəsizlik və sabitlik göstəricisinə görə regionun lider ölkəsidir. Komitə sədri vurğulayıb ki, Milli Məclis də terrorizmlə mübarizə sahəsinə öz töhfəsini verir.
Həmçinin, Aprelin 19-da Sankt-Peterburqda MDB Parlament Assambleyasının 49-cu plenar iclası keçirilib. İclasda MDB PA-nın parlament nümayəndə heyətləri, daimi komissiyalarının üzvləri, alimlər, ekspertlər iştirak ediblər.
İclasda MDB PA-nın hüquq məsələləri, iqtisadi və maliyyə məsələləri, elm və təhsil məsələləri üzrə daimi komissiyalarının hazırladıqları 11 model qanunvericilik aktı və tövsiyələrinin nəzərdən keçirilib. Toplantı çərçivəsində təhlükəsizlik və yeni çağırışlar və təhdidlərə qarşı mübarizə birləşmiş komissiyasının, siyasi məsələlər və beynəlxalq əməkdaşlıq daimi komissiyasının, müdafiə və təhlükəsizlik daimi komissiyasının iclasları olub.