2019-04-01

Sankt-Peterburqda Baş konsulluğun təşkilatçılığı ilə Novruz bayramı qeyd olunub.

26 mart 2019-cu il tarixində Baş konsulluğun təşkilati dəstəyi ilə Sankt-Peterburqda “Min bir gecə” milli mətbəx mərkəzində diaspor fəalları, Moskva şəhəri Dumasının deputatları, ictimaiyyətin nümayəndələri, AMOR gənclər təşkilatının Sankt-Peterburqdakı bölməsinin fəalları, Sankt-Peterburqda akkreditə olunmuş Baş konsulluqların diplomatlarının iştirakı ilə Novruz bayramı şənlikləri keçirilmişdir. Baş konsul Sultan Qasımovun dəvəti ilə Novruz bayramında fəxri qonaq qismində Moskva şəhəri Dumasının deputatları Anna PolyakovaAleksandr Nikolayev iştirak ediblər.

Tədbirin rəsmi hissəsində çıxış edən Baş konsul Sultan Qasımov qonaqları salamlayaraq, Novruz bayramı münasibəti ilə təbrik edib. Diplomat Novruz bayramının Azərbaycan xalqı üçün tarixi mahiyyəti və mənəvi dəyəri barədə danışıb. Baş konsul bildirib ki, bu bayram əsrlər boyu Azərbaycan xalqı ilə yanaşı dünyanın bir çox xalqları tərəfindən ənənəvi olaraq qeyd olunur. Novruz bayramı özündə yazın gəlişini, təbiətin yenilənməsini, ruzi və bərəkəti, sülh və əmin-amanlığı əks etdirir. Novruz bayramı həmçinin Azərbaycan xalqının qədim adət ənənəsini ən gözəl şəkildə təcəssüm edir. Diplomat bayram şənliklərində məhz xalqımıza xas olan rəmzlər barədə danışıb, bayram sovqatlarını xalqımızın süfrə mədəniyyətini və qonaqpərvərliyini vurğulayıb. Çıxışının davamında Baş konsul Sultan Qasımov Rusiyada yaşayan çoxsaylı xalqların hər il Novruz bayramını təntənəli şəkildə qeyd etdiyinə və bunun üçün Rusiya hökuməti tərəfindən şəraitin yaradıldığına diqqət yetirib.                                                       

Baş konsul Sultan Qasımov bayram şənliklərində fəxri qonaq qismində iştirak edən Rusiya Federasiyası Dövlət Dumasının deputatları Anna Polyakova və Aleksandr Nikolayevi salamlayıb. Diplomat Rusiya və Azərbaycan arasında ikitərəfli əlaqələrin möhkəm olduğunu və çoxşaxəli əməkdaşlığın surətlə inkişaf etdiyinə diqqət yetirib. Baş konsul S.Qasımov mehriban qonşuluq siyasətinin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ilə Rusiya Federasiyasının Prezidenti cənab Vladimir Putin arasındakı qarşılıqlı etimad və səmərəli dialoqla möhkəmləndiyini bildirib. Dövlətlərarası münasibətlərin tarixinə nəzər salan diplomat qeyd edib ki, müasir Azərbaycanla Rusiya arasındakı münasibətlər dostluq, təhlükəsizlik və strateji əməkdaşlıq kimi sahələri əhatə edən fundamental sazişlərlə tənzimlənir. Baş konsul Azərbaycanla Rusiya arasındakı parlamentlərarası əlaqələrin, müxtəlif təşkilatlar arasında əməkdaşlığın, təcrübə mübadiləsinin, Xarici İşlər Nazirlikləri arasında təşkil edilən ardıcıl görüşlərin ikitərəfli münasibətlərin inkişafına müsbət təsir göstərdiyini vurğulayıb.

Baş konsul Sultan Qasımov Cənubi Qafqazda ən çoxsaylı rus diasporunun məhz Azərbaycanda fəaliyyət göstərdiyini qeyd edib. Ölkəmizdə rus dilində dövrü mətbuatın çap olunduğuna, 340-dan çox orta məktəbdə təhsilin rus dilində aparıldığına diqqət yetirib. Azərbaycan Rusiyanın 50-dən çox regionu ilə iqtisadi sahədə sıx əməkdaşlıq etdiyini, 20 regionla, o cümlədən Sankt-Peterburqla ikitərəfli sazişlərin imzalandığını və qarşılıqlı surətdə faydalı əməkdaşlığı davam etdirmək üçün möhkəm qanunvericilik bazası yaradıldığını bildirib.

Çıxışının davamında Baş konsul Sultan Qasımov Ermənistanın Azərbaycana qarşı apardığı işğalçı siyasəti nəticəsində Cənubi Qafqazda sabitliyin ciddi təhlükə altında olduğunu qeyd edib. O, Azərbaycanın Dağlıq-Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin tərəfdarı olduğunu və Rusiyanın da bu mövqeyi dəstəklədiyini vurğulayıb.

Tədbir bayram şənlikləri ilə davam edib. Qonaqlara Azərbaycanın milli rəqsləri nümayiş etdirilib, Bakıdan dəvət olunmuş müğənnilərin ifasında milli mahnılar səsləndirilib, milli mətbəx, Novruz şirniyyatları ilə bəzədilmiş ziyafət verilib.  

Arxiv üzrə axtarış