2019-03-07

Sankt-Peterburqda Nobel mükafatı laureatı, SSRİ və Rusiyalı alim-fizik, AMEA-nın fəxri üzvü, Rusiya Federasiyası Dövlət Dumasının deputatı Jores Alfyorovla vida mərasimi keçirilib.

Cari ilin 01 mart tarixində Sankt-Peterburqda Nobel mükafatı laureatı, Yarımkeçiricilər fizikası, yarımkeçiricilər və kvant elektronikası sahəsi üzrə böyük mütəxəssis, SSRİ və Rusiyalı alim-fizik, Azərbaycan Milli Elmlər Akademiyasının fəxri üzvü, Rusiya Federasiyası Dövlət Dumasının deputatı, siyasi xadim Jores Alfyorov  vəfat edib.

Dünya miqyaslı alim Jores Alferovun vəfatı ilə bağlı Sankt-Peterburqun hökuməti və Rusiyanın Elmlər Akademiyası tərəfindən cari ilin 05 mart tarixində təşkil olunmuş vida mərasimi Rusiya Elmlər Akademiyasının Sankt-Peterburqdakı mərkəzində keçirilib. Görkəmli alim və Rusiya Federasiyası Dövlət Dumasının deputatı Jores Alferovla vida mərasimində Sankt-Peterburqun qubernatoru Aleksandr Beqlov, Sankt-Peterburqun Qanunvericilik Məclisinin sədri Vyaçeslav Makarov, Baş konsul Sultan Qasımov, Rusiya Elmlər Akademiyasının prezidenti Aleksandr Sergeyev, Rusiya Federasiyası Dövlət Dumasının fraksiya rəhbəri Gennadiy Zyüqanov, Sankt-Peterburq Dövlət Humanitar Həmkarlar Universitetinin rektoru Aleksandr Zapesotskiy, mərhumun alim həmkarları, Sankt-Peterburqda akkreditə olunmuş baş konsulluqların diplomatları, ictimai və siyasi xadimlər iştirak ediblər.

Tədbirdə çıxış edən Sankt-Peterburqun qubernatoru Aleksandr Beqlov Jores Alferov kimi dahi alimin vəfatının Rusiya və dünya elmi üçün böyük itki olduğunu qeyd edib və onun əziz xatirəsinin Sankt-Peterburqda əbədiləşdiriləcəyini vurğulayıb. Sankt-Peterburq hökumətinin rəsmiləri Jores Alferovun elmin inkişafındakı xidmətləri, onun şəxsi və insani keyfiyyətləri, ali təhsil müəssisələrində oxuduğu maraqlı mühazirələri barədə danışıblar.

Tədbirdə çıxış edən Baş konsul Sultan Qasımov Jores Alferovun yalnız SSRİ və Rusiya miqyasında deyil, dünyanın bir çox ölkəsində, o cümlədən Azərbaycanda görkəmli alim kimi tanındığını, 2004-cü ildə Azərbaycan Milli Elmlər Akademiyasının xarici fəxri üzvü seçildiyini xatırladıb. Diplomat ölkəmizin Moskvadakı Səfirliyi və Baş konsulluq adından gül çələngi qoyub.

Tədbirin rəsmi hissəsindən sonra Nobel mükafatı laureatı, görkəmli alim Jores Alferov Sankt-Peterburqun fəxri vətəndaşları üçün nəzərdə tutulmuş Komarovski məzarlığında Rusiya himni və hərbi qarovul müşayiəti ilə dəfn edilib. 

 

Arxiv üzrə axtarış