2019-02-27

Sankt-Peterburqda Xocalı soyqırımının 27-ci ildönümünə həsr olunmuş tədbir keçirilib

Sankt-Peterburqda Xocalı soyqırımının 27-ci ildönümünə həsr olunmuş anım tədbiri keçirilib.

Azərbaycanın Sankt-Peterburqdakı Baş konsulluğu tərəfindən təşkil edilmiş tədbirdə Rusiyanın şimal paytaxtının ictimai və siyasi xadimləri, diaspor təşkilatlarının nümayəndələri, tələbələr iştirak ediblər.

Tədbirdə çıxış edən Azərbaycanın Sankt-Peterburqdakı Baş konsulu Sultan Qasımov Azərbaycan xalqının tarixində ən dəhşətli faciələrdən biri olan Xocalı soyqırımından ətraflı bəhs edib. O deyib: “27 il əvvəl – 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Azərbaycanın Xocalı şəhəri erməni silahlı dəstələri tərəfindən zəbt olunub. Hücum şəhər əhalisinin gülləboran edilməsi ilə başlayıb. Nəticədə 613 nəfər qətlə yetirilib, 487 dinc sakin yaralanıb, 1275 insan girov götürülüb, 197 xocalılı itkin düşüb. Orada dinc əhalini xüsusi qəddarlıqla qətlə yetiriblər. Bu, Azərbaycan xalqına qarşı törədilmiş əsl soyqırımı aktı idi”.

2008-ci ildən Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə “Xocalıya ədalət!” kampaniyasının keçirildiyini xatırladan Baş konsul qeyd edib ki, bu kampaniyanın məqsədi beynəlxalq ictimaiyyətin Xocalı hadisələri haqqında daha ətraflı məlumatlandırılmasıdır. Xocalı soyqırımının 10-dan çox ölkə tərəfindən tanındığını vurğulayan diplomat əlavə edib ki, bu, tarixi həqiqətlərin düzgün əks etdirilməsi nöqteyi-nəzərindən və dəhşətli cinayəti törədənlərin mühakimə olunması baxımından əhəmiyyətlidir.

S.Qasımov qeyd edib: “Bu tədbirin keçirilməsi bir daha göstərir ki, Xocalı qurbanlarının xatirəsi hər bir azərbaycanlının qəlbində yaşayır. Bu gün Sankt-Peterburq azərbaycanlıları və dünyadakı soydaşlarımız bütün dövlətlərə və beynəlxalq təşkilatlara soyqırımı aktlarının və terrorun mühakimə olunması barədə müraciət edirlər”.

Tədbirdə Sankt-Peterburqda Azərbaycan Milli-Mədəni Muxtariyyətinin sədri Vaqif Məmişov çıxış edərək gələcək nəsillərin Xocalı faciəsini unutmamalarının zəruriliyini qeyd edib. O vurğulayıb ki, bu cinayət təkcə Azərbaycan xalqına deyil, bütün bəşəriyyətə qarşı törədilib.

Arxiv üzrə axtarış