Azərbaycan nümayəndə heyəti Leninqradın mühasirədən azad olunmasının 75 illiyi ilə bağlı tədbirdə iştirak edib.
Azərbaycan nümayəndə heyəti Leninqradın faşist mühasirəsindən azad olunmasının 75 illiyi ilə əlaqədar Piskaryov Xatirə Məzarlığında keçirilən tədbirdə iştirak edib.
Nümayəndə heyətinə Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu, ölkəmizin Sankt-Peterburqdakı baş konsulu Sultan Qasımov, Azərbaycan diasporunun nümayəndələri, baş konsulluğun əməkdaşları daxil olub.
Tədbirdə Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenko, Sankt-Peterburqun qubernatoru vəzifəsini icra edən Aleksandr Beqlov, Sankt-Peterburq hökumətinin, ictimaiyyətin nümayəndələri, ali hərbi məktəblərin kursantları, Rusiyanın şimal paytaxtında akkreditə olunmuş diplomatik korpusun təmsilçiləri iştirak ediblər.
Nümayəndə heyətimiz Piskaryov Memorial Məzarlığında Əbədi Məşəl kompleksinin və “Ana Vətən” abidəsinin önünə Azərbaycanın Rusiyadakı səfirliyi adından əklillər qoyub. Həmçinin məzarlıqda Leninqradın azad edilməsi uğrunda vuruşlarda həlak olmuş azərbaycanlı döyüşçülərin xatirəsini əbədiləşdirən lövhəni ziyarət edib, önünə tər çiçəklər qoyub.
Leninqradın blokadası 1941-ci il sentyabrın 8-dən başlayaraq 900 gün davam edib. 1943-cü il yanvarın 18-də şəhərin blokadası yarılıb. Lakin şəhər blokadadan tamamilə 1944-cü il yanvarın 27-də azad edilib.