2019-01-20

Sankt-Peterburqda 20 Yanvar faciəsinin 29-cu ildönümü münasibətilə anım mərasimi keçirilib.

Azərbaycanın Sankt-Peterburqdakı Baş konsulluğunun təşkil etdiyi tədbirdə diaspor üzvləri, Rusiyanın şimal paytaxtının ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Mərasim iştirakçıları 20 Yanvar şəhidlərinin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Baş konsul Sultan Qasımov çıxışında qeyd edib ki, 1990-cı il yanvarın 20-nə keçən gecə Azərbaycanın müasir tarixinə ən böyük faciələrdən biri, eyni zamanda, xalqımızın qəhrəmanlıq salnaməsinin parlaq səhifəsi kimi daxil olub. Konsul vurğulayıb ki, 20 Yanvar hadisələri öz miqyası, xarakteri və mahiyyəti etibarilə görünməmiş cinayət idi. Azərbaycanın lideri Heydər Əliyev həmin günlər Moskvada idi. Faciədən bir gün sonra Ulu Öndər ailə üzvləri ilə birlikdə Azərbaycanın Moskvadakı Daimi Nümayəndəliyinə gələrək sərt bəyanatla çıxış edib və milli məsələlərin zorakı yollarla həlli cəhdlərini pisləyib. Məhz Heydər Əliyev öz xalqına sədaqət, mərdlik və mətanət nümayiş etdirərək bu dəhşətli faciə barədə həqiqətləri bütün dünyaya yayıb. “İndi Azərbaycan Respublikası suveren, müstəqil dövlətdir. 20 Yanvar faciəsi qurbanlarının xatirəsi əbədi olaraq qəlbimizdə yaşayacaq”,-deyə S.Qasımov vurğulayıb.

Matəm tədbirində “Sankt-Peterburq Azərbaycan Milli-Mədəni Muxtariyyəti” ictimai təşkilatının sədri Vaqif Məmişov çıxış edib.

Sonra tədbir iştirakçıları 20 Yanvar faciəsi haqqında sənədli filmə tamaşa edib, 20 Yanvar faciəsini əks etdirən fotosərgi ilə tanış olublar.

Arxiv üzrə axtarış