2018-12-26

Azərbaycan Respublikası Hökuməti və Rusiya Federasiyası Sankt-Peterburq Hökumətləri arasında iqtisadi və humanitar sahələrdə əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın ikinci iclası keçirilib.

20 dekabr 2018-ci il tarixində Sankt-Peterburq şəhərində Azərbaycan Respublikası Hökuməti və Rusiya Federasiyası Sankt-Peterburq Hökumətləri arasında iqtisadi və humanitar sahələrdə əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın ikinci iclası videokonfrans formatında keçirilmişdir.

İlk dəfə olaraq videokonfrans formatında təşkil edilən iclasda Hökumətlərarası Komissiyanın həmsədrləri - Azərbaycan Respublikasının İqtisadiyyat nazirinin müavini Sahib Məmmədov və Rusiya Federasiyası Sankt-Peterburq şəhəri Sahibkarlığın və İstehlak Bazarının İnkişafı Komitəsinin sədri Elgiz Kaçayev, eləcə də hər iki tərəfdən Komissiyada təmsil olunan müvafiq qurumların nümayəndələri və Baş konsul Sultan Qasımov iştirak ediblər.

Rusiya Federasiyası Sankt-Peterburq şəhəri Sahibkarlığın və İstehlak Bazarının İnkişafı Komitəsinin sədri Elgiz Kaçayev  iqtisadi əməkdaşlığın inkişafı perspektivləri barədə fikirləri ilə bölüşüb. Həmsədr Azərbaycanla Rusiya Federasiyasının subyektləri, o cümlədən Sankt-Peterburqla iqtisadi əməkdaşlığın inkişaf etdiyini, iqtisadi-ticarət əlaqələrinin genişləndiyini qeyd etmişdir.

Nazir müavini Sahib Məmmədov energetika, kənd təsərrüfatı, nəqliyyat, kiçik və orta sahibkarlıq, turizm, təhsil və digər sahələrdə Azərbaycan-Rusiya əməkdaşlığının daha surətlə inkişaf etdiyini bildirmişdir. İclasda qeyd edilib ki, bu ilin sentyabr ayında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Rusiyaya rəsmi səfəri, aparılmış danışıqlar, səfər zamanı imzalanmış sənədlər bu baxımdan mühüm əhəmiyyət kəsb edir.

Azərbaycanın Sankt-Peterburqdakı Baş konsulu Sultan Qasımov iclas iştirakçılarını salamlayaraq, bu tədbirin məhz Smolnı sarayında təşkil olunmasına görə təşəkkürünü bildirmişdir. Baş konsul Sultan Qasımov Azərbaycan və Rusiya dövlət başçılarının birgə səyləri, siyasi iradəsi və qarşılıqlı səfərləri sayəsində ikitərəfli əlaqələrin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyini və inkişaf etdiyini vurğulayıb. Regionlararası münasibətlərin ölkələrimiz üçün prioritet sahələrindən olduğunu vurğulayan Baş konsul 2018-ci ili ölkələrimizin iqtisadi əlaqələrinin inkişafı baxımından uğurlu olduğunu qeyd edib. Diplomat Rusiya-Azərbaycan əməkdaşlığının daha da genişlənəcəyinə əmin olduğunu bildirib. 

Azərbaycan Respublikası Hökuməti və Rusiya Federasiyası Sankt-Peterburq Hökumətləri arasında iqtisadi və humanitar sahədə əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın ikinci iclası çərçivəsində müxtəlif istiqamətlərdə ölkələrimiz arasında birgə həyata keçirilən layihələrə, iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsinə dair müzakirələr aparılıb. Nümayəndə heyətlərində təmsil olunan rəsmi şəxslərin çıxışları dinlənilib. Azərbaycan-Sankt-Peterburq Hökumətlərarası Komissiyasının 2017-ci ilin 5 aprel tarixində Sankt-Peterburq şəhərində keçirilmiş ilk iclasından ötən dövr ərzində görülən işlər barədə fikir mübadiləsi aparılıb, müxtəlif sahələrdə əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə olunub.

Arxiv üzrə axtarış