02 noyabr 2018-ci il tarixində Baş konsul Sultan Qasımov Sankt-Peterburq hökumətinin Mədəniyyət Komitəsinin sədri Konstantin Suxenko ilə görüşüb.
Görüşün əsas müzakirə mövzusunu azərbaycanlı bəstəkar, musiqişünas, alim, publisist, dramaturq, pedaqoq və ictimai xadim, müasir Azərbaycan peşəkar musiqi sənətinin və milli operasının banisi Üzeyir Hacıbəyovun Sankt-Peterburqda xatirəsinin əbədiləşdirilməsi təşkil edib. Görüşdə həmçinin Baş konsulluğun diplomatları, vitse-konsul Elçin Məmmədov və konsul Əli Baytalov iştirak ediblər.
Qeyd etmək istərdik ki, Sankt-Peterburqun Mədəniyyət Komitəsi tərəfindən Üzeyir Hacıbəyovun adının əbədiləşdirilməsi məqsədi ilə dahi bəstəkarın yaşadığı binanın qarşısında üzərində onun təsviri və barəsində məlumatları əks etdirən əzəmətli xatirə daşının qoyulması, D.D.Şostakoviç adına Sankt-Peterburq Dövlət Akademik Filarmoniyasında Üzeyir Hacıbəyovun xatirə lövhəsinin vurulması və Sankt-Peterburqda fəaliyyət göstərən musiqi məktəblərindən birinə onun adının verilməsi təklifləri irəli sürülüb. Baş konsul Sultan Qasımov Sankt-Peterburqun Mədəniyyət Komitəsinin sədri cənab Konstantin Suxenkoya bu təkliflərin nəzərdən keçiriləcəyini və müvafiq qərarın Komitəyə bildiriləcəyini qeyd edib.
Görüşün davamında Baş konsul Sultan Qasımov Azərbaycan Respublikasının Hökuməti ilə RF-ın Sankt-Peterburq Hökuməti arasında bir çox sahədə, o cümlədən mədəniyyət sahəsində əməkdaşlığın inkişaf etdiyini və son zamanlar həyata keçirilən layihələrin bunun bariz nümunəsi olduğunu tərəf müqabilinin diqqətinə çatdırıb.
Diplomat cari ilin 30 oktyabr tarixində “Mariinskiy” teatrının səhnəsində “Montegi və Kopulleti” lirik operasının nümayişi zamanı Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı Fövqəladə və Səlahiyyətli Səfiri Polad Bülbüloğlunun “Mariinskiy” teatrının səhnəsində Azərbaycan Respublikasının “Əməkdar artisti” şəhadətnamələrini və döş nişanlarını Romeo partiyasını ifa edən həmyerlimiz metso-soprano Regina Rüstəmovaya və teatrın balet truppasının premyeri həmyerlimiz Timur Əsgərova təntənəli sürətdə təqdim etdiyi barədə məlumat verib.
Sankt-Peterburq hökumətinin Mədəniyyət Komitəsinin sədri Konstantin Suxenko Baş konsul Sultan Qasımova rəhbərlik etdiyi qurumun Sankt-Peterburqla Azərbaycan Respublikası arasında mədəniyyət və incəsənət sahələrində əməkdaşlığın inkişaf etdirilməsində, birgə layihələrin həyata keçirilməsində maraqlı olduqlarını vurğulayıb.
Tərəflər dahi bəstəkar Üzeyir Hacıbəyovun Sankt-Peterburqda adının əbədiləşdirilməsi üçün irəli sürülmüş təkliflər üzərində müzakirələrin davam etdirilməsi və layihənin həyata keçirilməsi istiqamətində tədbirlərin görülməsi mövzusunda razılığa gəliblər.