2018-05-30

Sankt-Peterburqda Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illik yubileyi münasibətilə təntənəli qəbul təşkil olunub

Sankt-Peterburqun “Ermitaj” otelində Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illik yubileyi münasibətilə ölkəmizin Sankt-Peterburqdakı baş konsulluğu tərəfindən təntənəli qəbul təşkil olunub.

Tədbirdə Sankt-Peterburqun vitse-qubernatoru Sergey Movçan, Rusiya Xarici İşlər Nazirliyinin Sankt-Peterburq şəhərindəki nümayəndəsi Vladimir Zapevalov, Leninqrad vilayəti xarici əlaqələr komitəsinin sədri Andrey Minin, Qanunvericilik Məclisinin deputatları, Rusiyanın şimal paytaxtı ictimaiyyətinin və Azərbaycan diasporunun nümayəndələri iştirak ediblər.

Baş konsul Sultan Qasımov Azərbaycan Xalq Cümhuriyyətinin yaranması və tarixi mahiyyəti barədə məlumat verərək Azərbaycan xalqının öz müstəqilliyini XX əsrin sonlarında yenidən bərpa etdiyini və ümummilli lider Heydər Əliyevin ölkə rəhbərliyinə dönüşü ilə əbədiləşdirdiyini vurğulayıb. Bildirib ki, məhz ulu öndər Heydər Əliyevin uzaqgörən siyasəti və yüksək idarəçilik qabiliyyəti ilə Azərbaycan Respublikası müstəqil dövlət kimi beynəlxalq arenada tanınıb. Diplomat bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dövlətin və xalqın azadlığı və rifahı naminə uğurlu siyasət apardığını xüsusi ilə vurğulayıb. Baş konsul qeyd edib ki, dövlətimizin başçısının düşünülmüş, balanslı xarici və daxili siyasəti nəticəsində Azərbaycan beynəlxalq münasibətlərin müstəqil mövqeyə malik suveren üzvüdür. Bu gün Azərbaycan üzərində üçrəngli bayrağın dalğalanmasında ümummilli lider Heydər Əliyevin və onun layiqli davamçısı Prezident İlham Əliyevin əməyi danılmazdır.

Tədbirdə Sankt-Peterburqun qubernatoru Georgi Poltavçenkonun Azərbaycan Prezidentinə və xalqına təbrik məktubu oxunub.Rəsmi hissədən sonra təntənəli gecə maraqlı mədəni proqramla davam edib.Baş konsul Sultan Qasımov Sankt-Peterburqun bir sıra əslən Azərbaycandan olan incəsənət xadimlərinə Azərbaycan fəxri adlarının verilməsi haqqında Prezident İlham Əliyevin Sərəncamını oxuyub.Gecədə iştirak edən Sankt-Peterburqun məşhur “Mariinski” teatrının aparıcı solistləri – balet ustası Timur Əsgərov və vokalçı Regina Rüstəmova, “Yelena Obraztsova Beynəlxalq Musiqi Akademiyası”nın solisti Elnarə Məmmədova və Sankt-Peterburq Caz Musiqisi Filarmoniyasının solisti Həsən Bağırov sənətlərinə verilən yüksək qiymətə görə Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.Gecədə Azərbaycan milli geyimlərinin nümayişi keçirilib. Qeyd edək ki, Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi münasibəti ilə keçirilən təntənəli gecə Sankt-Peterburq KİV-ləri, o cümlədən “Kanal Sankt-Peterburq” televiziya kanalı vasitəsilə geniş işıqlandırılıb.

 

Arxiv üzrə axtarış