25 aprel 2018-ci il tarixində Baş konsul Sultan Qasımov Sankt-Peterburq şəhərinin Prokuroru Sergey Litvinenko ilə görüşmüşdür.
Səmimi şəraitdə keçən görüşdə Baş konsul Sultan Qasımov Azərbaycan və Rusiya arasında mövcud olan sıx dostluq və əməkdaşlıq əlaqələrindən söz açmışdır. Ölkə rəhbərliyin bu əlaqələrin möhkəmləndirilməsində rolunu qeyd edən Sultan Qasımov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Rusiya Federasiyasının Prezidenti cənab Vladimir Putinin rəhbərliyi altında əlaqələrimizin uğurla və dinamik şəkildə inkişaf etdiyini diqqətə çatdırmışdır. Sultan Qasımov iki ölkənin hüquq-mühafizə orqanları arasında əməkdaşlığın möhkəmləndirilməsinin zəruriliyini qeyd etmişdir.
Öz növbəsində, ölkələrimiz arasında ikitərəfli əlaqələrin səviyyəsinin məmnunluq doğurduğunu ifadə edən Sergey Litvinenko Sankt-Peterburq şəhərində fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatlarının fəaliyyətindən söz açmış və Azərbaycanlıların mühüm vəzifələrdə və aktiv fəaliyyət göstərdiklərini bildirmiş və Sankt-Peterburqla Azərbaycan arasında münasibətlərin daha da inkişaf etməsi üçün bundan sonra da əlindən gələni edəcəyini səmimiyyətlə vurğulamışdır. Baş konsulluğun diaspor təşkilatları ilə keçirəcəyi tədbirlərdə məmnuniyyətlə iştirak etmək niyyətini bildirmişdir.
Görüş səmimi və dostluq şəraitində baş tutmuşdur.