Baş konsul Sultan Qasımov Rusiya Federasiyası Prezidentinin Şimal-Qərb Federal Dairəsi üzrə Səlahiyyətli Nümayəndəsi Aleksandr Beqlov ilə görüşmüşdür
13 aprel 2018-ci il tarixində Baş konsul Sultan Qasımov Rusiya Federasiyası Prezidentinin Şimal-Qərb Federal Dairəsi üzrə Səlahiyyətli Nümayəndəsi Aleksandr Beqlov ilə görüşmüşdür.
Aleksandr Beqlov 11 aprel tarixində keçirilmiş Azərbaycan Respublikası Prezidentinin seçkilərində cənab İlham Əliyevin qalib gəlməsi ilə əlaqədar Baş konsul Sultan Qasımovu təbrik etmişdir.
Baş konsul A.Beqlova təşəkkür edərək, öz növbəsində 18 mart tarixində keçirilmiş seçkilərdə cənab Vladimir Putinin Rusiya Federasiyasının Prezidenti vəzifəsinə seçilməsi ilə əlaqədar öz təbriklərini çatdırmışdır.
Görüş zamanı Baş konsul Sultan Qasımov A.Beqlova Azərbaycanla Rusiya arasında mədəni, humanitar, siyasi və iqtisadi əlaqələrin inkişafı, iqtisadiyyat və strateji tərəfdaşlığın səmərəli inkişafı, o cümlədən əldə edilmiş nailiyyətlər barədə ətraflı məlumat vermişdir. Baş konsul 2017-ci ilin aprel ayında Sankt-Peterburqda Azərbaycan Respublikası Hökuməti ilə Sankt-Peterburq Hökuməti arasında iqtisadi və humanitar əməkdaşlıq üzrə Komissiyanın birinci iclasının keçirildiyini və yekun protokolunun imzalandığı barədə qarşı tərəfi məlumatlandırıb. Qeyd olunan sənədin Azərbaycan hökuməti ilə Sankt-Peterburq hökuməti arasında əməkdaşlığın inkişafına, mədəniyyət, ticarət və iqtisadiyyat sahələrində bir sıra mühüm layihələrinin həyata keçirilməsinə yeni-yeni imkanlar yaradacağını vurğulayıb. Baş konsul A.Beqlova həmçinin, hal-hazırda Azərbaycan Respublikası Hökuməti ilə Leninqrad vilayəti Hökuməti arasında ticarət-iqtisadi, elmi-texniki və mədəniyyət sahəsində Saziş layihəsi üzərində müzakirələrin aparılması barədə məlumat vermişdir. Diplomat qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Rusiya ilə əməkdaşlığın genişləndirilməsinə xüsusi önəm verir.
Baş konsul dünyanın tanınmış teatrlarından sayılan “Mariinski” teatrında opera və balet səhnələrində uğurla çıxış edən Azərbaycan Respublikasının vətəndaşları Regina Rüstəmovaya və Timur Əsgərova Rusiya Federasiyasının “Əməkdar artisti” fəxri adının verilməsi məsələsinə baxılmasını xahiş etmiş və bununla əlaqədar Baş konsulluq tərəfindən Aleksandr Beqlova rəsmi müraciət göndərilmişdir. Eyni zamanda, 1913 – 1914-cü illərdə Sankt-Peterburq şəhərində musiqi təhsil almış Azərbaycanın dahi bəstəkarı Üzeyir Hacıbəyovun yaşadığı binaya barelyefin qoyulması məsələsinə baxılmasını xahiş etmişdir.
Görüşün yekununda Baş konsul Sultan Qasımov Aleksandr Beqlova xatirə hədiyyələrini təqdim etdi.