2018-04-03

Dahi bəstəkar Qara Qarayevin 100 illik yubileyi Sankt-Peterburqda təntənəli şəkildə qeyd olunub.

Cari ilin 28 mart tarixində Sankt-Peterburqun D.D.Şostakoviç adına Akademik Filarmoniyasının böyük zalında Azərbaycan mədəniyyətinin görkəmli nümayəndəsi, böyük bəstəkar, tanınmış alim-pedaqoq və ictimai xadim, SSRİ xalq artisti, Sosialist Əməyi Qəhrəmanı, SSRİ və Azərbaycan Dövlət mükafatları laureatı, akademik Qara Əbülfəz oğlu Qarayevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş konsert keçirilib.

Tədbir Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin Azərbaycan musiqi mədəniyyətinin tarixi nailiyyətlərlə zənginləşdirilməsi və dünya miqyasında tanıdılmasında müstəsna xidmətlər göstərmiş görkəmli sənətkar Qara Qarayevin 100 illik yubileyinin təntənəli şəkildə qeyd olunması ilə bağlı Sərəncamı əsasında Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı və Baş konsulluğun iştirakı ilə baş tutub.

Dahi bəstəkar Qara Qarayevin 100 illik yubileyinə həsr olunmuş tədbirin açılışında Baş konsul Sultan Qasımov və fəxri qonaq qismində Sankt-Peterburq Hökumətinin Xarici Əlaqələr Komitəsinin sədri Yevgeniy Qriqoryev iştirak edib.

Konsertin rəsmi hissəsinin açılışında 25 mart 2018-ci il tarixində Rusiyanın Kemerovo şəhərində baş vermiş yanğının qurbanları bir dəqiqəlik sükutla anıldı.Tədbirin davamında çıxış edən cənab Yevgeniy Qriqoryev tanınmış Azərbaycan və SSRİ-nin məşhur mədəniyyət və ictimai xadimi, SSRİ-nin Xalq artisti, Lenin və Stalin mükafatlarının laureatı Qara Qarayevin Azərbaycan və dünya mədəniyyətinə ölməz əsərlər bəxş etdiyini bildirib. Cənab Y.Qriqoryev Qara Qarayevin 100 illik yubileyi münasibəti ilə Sankt-Peterburqun qubernatoru Georgiy Poltavçenkonun təbrik məktubunu tədbir iştirakçılarına oxuyub. Məktubda qubernator G.Poltavçenko bildirilib ki, Qara Qarayevin əsərləri Azərbaycan xalqının zəngin mədəni irsini əks edir və bu gün Sankt-Peterburq ictimaiyyəti Azərbaycan incəsənəti ilə yaxından tanış olmaq imkanını əldə edib. Məktubda həmçinin son illərdə Azərbaycan Respublikası Hökuməti ilə RF-ın Sankt-Peterburq Hökuməti arasında ikitərəfli münasibətlərin yüksək səviyyədə inkişaf etdiyi qeyd olunub, mədəniyyət və təhsil, həmçinin iqtisadi əlaqələrin möhkəmləndiyi bildirilib.

Açılışın davamında Rusiya Federasiyası Federal Məclisinin Federasiya Şurasının sədri Valentina Matviyenkonun təbrik məktubu oxunub. Məktubda Azərbaycanın və SSRİ-nin xalq artisti Qara Qarayevin möhtəşəm əsərləri ilə mədəniyyət və incəsənətdə yeni səhifə açdığı bildirilib. Görkəmli bəstəkar Qara Qarayevin ölməz əsərlərinin ümumbəşər mədəniyyətinin incisi olduğunu qeyd edib. Sankt-Peterburqun D.D.Şostakoviç adına Akademik Filarmoniyasının böyük zalında keçirilmiş konsert proqramı Azərbaycan Respublikasının xalq artisti, professor,  Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin bədii rəhbəri və baş dirijoru Rauf Abdullayevin rəhbərliyi altında Filarmoniyanın Akademik Simfonik Orkestrinin kollektivi və dünya şöhrətli skripkaçı, “Gremmi” mükafatının laureatı Maksim Vengerov tərəfindən ifa edilib.      

İki hissədən ibarət konsertdə dahi bəstəkar Qara Qarayevin “Leyli və Məcnun” simfonik poeması, “Don Kixot” simfoniyası, “İldırımlı yollarla” baletinin 2-ci süitası səsləndirilib. Qara Qarayevin 100 illik yubileyi şərəfinə keçirilən konsertdə Sankt-Peterburq hökumətinin nümayəndələri, tanınmış mədəniyyət və incəsənət xadimləri, Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin nümayəndə heyəti, ölkəmizin və Sankt-Peterburqda akkreditə olunmuş xarici dövlətlərin Baş konsulluqlarının diplomatları, Azərbaycan diasporunun nümayəndələri, Sankt-Peterburqun sənət sevərləri və Rusiyanın Azərbaycan Gənclər Təşkilatı AMOR-un Sankt-Peterburq bölməsinin fəalları iştirak etmişdirlər. Sankt-Peterburqun D.D.Şostakoviç adına Akademik Filarmoniyasının 1500 nəfərlik böyük zalında tam anşlaqla baş tutmuş konsert Sankt-Peterburqun mədəni həyatında əlamətdar hadisə kimi kütləvi informasiya vasitələrində və hökumət portallarında işıqlandırılıb.

Arxiv üzrə axtarış