2018-04-02

Baş konsul Sultan Qasımov A.İ.Gertsen adına Rusiya Dövlət Pedaqoji Universitetinin rektoru Sergey Boqdanovla görüşüb.

19 mart 2018-ci il tarixində Baş konsul Sultan Qasımov A.İ.Gertsen adına Rusiya Dövlət Pedaqoji Universitetinin rektoru Sergey Boqdanovla Universitetdə görüşüb. Görüşdə A.İ.Gertsen adına Rusiya Dövlət Pedaqoji Universiteti ilə Azərbaycan Respublikasının ali təhsil ocaqları arasında əməkdaşlıq əlaqələrinin qurulması və təhsil sahəsində digər maraq kəsb edən məsələlər müzakirə edilib. Görüşdə həmçinin Milli Məclisin deputatı Elmira Axundova iştirak edib.

Görüş zamanı Universitetin rektoru S.Boqdanov Baş konsul Sultan Qasımova təhsil müəssisəsində oxuyan Azərbaycan Respublikası vətəndaşları barədə məlumat verib və 22 nəfərdən dörd tələbənin dövlət xətti ilə təhsil aldığını, digər 18 gəncin isə müxtəlif ixtisaslar üzrə müqavilə əsasında oxuduğunu bildirib.

Tərəflər A.İ.Gertsen adına Rusiya Dövlət Pedaqoji Universiteti ilə Azərbaycan Respublikasının ali təhsil ocaqları arasında əməkdaşlıq əlaqələrinin genişlənməsi və Universitetdə Azərbaycandan daha çox tələbənin təhsil almaq imkanları barədə danışıblar.

Baş konsul Sultan Qasımov rektor Sergey Boqdanova Azərbaycanda rus dilinə olan müsbət münasibət, onun tədrisi üçün dövlət səviyyəsində göstərilən dəstək, rus dilinin 300-dən artıq orta məktəbdə tətbiq edildiyi və Rusiyanın Azərbaycanda aparıcı ali təhsil mərkəzlərinin filiallarının fəaliyyət göstərdiyi barədə məlumat verib.

Görüş zamanı Baş konsul Sultan Qasımov və millət vəkili Elmira Axundova Universitetin kitabxanasına baxış keçiriblər, burada mövcud olan üç milyonluq kitab və 165 cildi özündə cəmləşdirən elektron resurslarla tanış olublar.

Görüşün yekununda Baş konsul Sultan Qasımov Universitetin rektoru Sergey Boqdanova xatirə hədiyyələri təqdim edib, Universitetin kitabxanasına Ümummilli lider Heydər Əliyev və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev haqqında kitablar hədiyyə edilib.

Qeyd etmək istərdik ki A.İ.Gertsen adına Rusiya Dövlət Pedaqoji Universiteti aparıcı ali təhsil mərkəzlərindəndir və burada dünyanın müxtəlif ölkələrindən iyirmi minədək tələbə təhsil alır.

Arxiv üzrə axtarış