2018-03-03

Rusiyanın Xalq artisti, Rusiya Dövlət Dumasının deputatı İosif Kobzon Sankt-Peterburq Dövlət Humanitar Universitetinin fəxri doktoru adına layiq görülüb.

Cari ilin 3 mart tarixində Sankt-Peterburq Dövlət Humanitar Universitetində SSRİ-in və Rusiyanın Xalq artisti, Rusiya Dövlət Dumasının deputatı İosif Kobzon Universitetin fəxri doktoru adına layiq görülmüşdür. Sankt-Peterburq Dövlət Humanitar Universitetinin rektoru, professor, akademik, Rusiya Federasiyasının əməkdar elm xadimi Aleksandr Zapesotskinin dəvəti ilə tədbirdə fəxri qonaq qismində Baş konsul Sultan Qasımov iştirak edib.

İosif Kabzonun təltif edilmə mərasimi Universitetin bəstəkar Andrey Petrov adını daşıyan “Teatralnıy” zalında baş tutmuşdu. Universitetin rektoru Aleksandr Zapesotski Elmi şuranın qərarını tədbir iştirakçılarına bəyan etdi. Universitet tələbələri fəxri doktor mantiyasını, təltifnaməni və gül dəstələrini SSRİ və Rusiyanın Xalq artisti İosif Kobzona təqdim etdilər. İosif Kobzon layıq görüldüyü mükafata görə Universitet rəhbərliyinə və pedaqoji heyətə təşəkkürünü bildirdi. Təhsil ocağına və burada oxuyan tələbələrə gələcək fəaliyyətlərində uğurlar arzuladı.

Tədbirdə çıxış edən Universitetin təsisçisi, Rusiyanın Müstəqil həmkarlar ittifaqının sədri Mixail Şmakov, Baş konsul Sultan Qasımov, Rusiyanın əməkdar incəsənət xadimi Sergey Oskolkov, Rusiyanın xalq artisti Nikolay Marton, rejissor Valentin Soşnikov, professor Anna Uspenskaya cənab İosif Kobzonu Universitetin fəxri doktoru adını alması münasibəti ilə təbrik etdilər.

Tədbirin davamında rektor Aleksandr Zapesotski qonaqları Universitetin elmi şurasının zalında fəxri doktorun adı verilmiş mərmər lövhənin açılışına dəvət edib. Tədbirdə çıxış edən Baş konsul Sultan Qasımov Baş konsulluğun Sankt-Peterburq Dövlət Humanitar Universiteti ilə sıx və səmərəli əməkdaşlıq etdiyini bildirib. Sankt-Peterburqun aparıcı təhsil müəssisələrindən olan Universitetin elm və mədəniyyət sahəsində həyata keçirdiyi geniş miqyaslı layihələrinin gənclərin tərbiyəsində, onların gələcəyin peşəkar mütəxəssisləri kimi yetişdirilməsində böyük rol oynadığını qeyd edib. Baş konsul Sultan Qasımov Azərbaycanda da İosif Kobzona böyük məhəbbətin olduğunu vurğulayıb. Tədbirdən sonra qonaqlar üçün konsert proqramı və  ziyafət təşkil edilib.

Sankt-Peterburq Dövlət Humanitar Universitetində fəxri doktorlar İnstitutu 1993-cü ildən etibarən təsis edilib və bu günədək təhsil müəssisəsinin fəxri doktoru adına akademiklər Dmitriy Lixaçev, Jores Alferov, Natalya Baxtereva, Oleq Basilaşvili, Andrey Voznesenskiy, Daniil Qranin Eldar Ryazanov, İngiltərə Kral ailəsinin üzvü Maykl Kentskiy və digər dünya şöhrətli şəxslər layiq görülüblər. Qeyd etmək istərdik ki, Azərbaycan Respublikasının Sankt-Peterburqdakı Baş konsulu Sultan Qasımov tədbirə dəvət almış yeganə diplomat olub.

Arxiv üzrə axtarış