2018-01-27

Piskaryovo Memorial məzarlığında Leninqradın blokadadan azad olunmasının növbəti ildönümünə həsr olunmuş təntənəli mərasim keçirilmişdir.

Cari ilin 27 yanvar tarixində Sankt-Peterburq hökumətinin təşkilatı dəstəyi ilə Piskaryovo Memorial məzarlığında Böyük Vətən Müharibəsində Leninqradın blokadadan tamamı ilə azad olunmasının növbəti ildönümünə həsr olunmuş təntənəli mərasim keçirilmişdir.

Tədbirdə Peterburqun qubernatoru Georgi Poltavçenko və Prezidentin Şimal-Qərb federal dairəsində səlahiyyətli nümayəndəsi Aleksandr Beqlov, RF Federasiya Şurasının sədri Valentina Matvienko, Baş konsul Sultan Qasımov, Sankt-Peterburq hökumətinin nümayəndələri, Xarici əlaqələr komitəsinin və RF XİN-in Sankt-Peterburqdakı nümayəndəliyinin rəhbərliyi və digər rəsmilər, xarici ölkələrin Sankt-Peterburqdakı Baş konsulluqlarının rəhbərləri və diplomatları, ictimaiyyət nümayəndələri, kütləvi informasiya vasitələri, ali hərbi məktəblərin kursantları iştirak ediblər.

Məlum olduğu kimi Leninqradın 1941-ci il sentyabrın 8-dən başlanmış blokadası 900 gün davam edib və 1943-cü il yanvarın 18-də yarılıb. Lakin mühasirəyə tamamilə son qoyulması 1944-cü il yanvarın 27-nə təsadüf edir. Bu il blokada qurbanlarının xatirəsini anmaq üçün 30 minə yaxın insan Sankt-Peterburqdakı Piskaryovo qəbiristanlığına gəlib.

Sankt-Peterburq hökumətinin təşkilatçılığı ilə keçirilmiş anım mərasimində iştirak edən Baş konsul Sultan Qasımov blokadada və Leninqrad uğrunda aparılan döyüşlər zamanı həlak olanların xatirəsini ehtiramla anıb. Diplomat Piskaryovo Memorial məzarlığındakı “Ana Vətən” abidəsi qarşısına Azərbaycan Respublikasının Sankt-Peterburqdakı Baş konsulluğu adından gül çələngi qoyub.

Qeyd etmək istərdik ki, keçən il 8 may tarixində Baş konsul Sultan Qasımovun təşəbbüsü ilə Piskaryovo Memorial məzarlığında Leninqradın faşistlərdən azad olunması uğrunda döyüşlərdə həyatını itirmiş azərbaycanlı əsgərlərin şərəfinə qoyulmuş köhnə xatirə lövhəsi yenisi ilə əvəz edilmişdir.

27 yanvar 2018-ci il tarixində Piskaryovo məzarlığında keçirilən tədbir çərçivəsində Baş konsul Sultan Qasımov və diplomatlarımız azərbaycanlı zabit və əsgərlərin xatirə lövhəsinin önünə gül dəstələri qoyublar, onların əziz xatirəsini yad ediblər.

Arxiv üzrə axtarış