20 yanvar 2018-ci il tarixində Sankt-Peterburqun “Lensovet” mədəniyyət mərkəzində “20 Yanvar” faciəsinin 28-ci ildönümünə həsr olunmuş xatirə gecəsi keçirilmişdir.
20 yanvar 2018-ci il tarixində Sankt-Peterburqun “Lensovet” mədəniyyət mərkəzində Baş konsulluğun və Sankt-Peterburqun “Azərbaycan mədəni-milli muxtariyyəti”nin təşkilatçılığı ilə “20 Yanvar” faciəsinin 28-ci ildönümünə həsr olunmuş xatirə gecəsi keçirilmişdir.
Tədbirdə Baş konsul Sultan Qasımov, Sankt-Peterburqun Azərbaycan mədəni-milli muxtariyyətinin sədri, Sankt-Peterburqdakı diasporumuzun lideri Vaqif Məmişov, “Naxçıvan” ictimai cəmiyyətinin sədri İdris Qəhrəmanov və diaspor təşkilatlarımızın fəalları, Rusiya Yazıçılar ittifaqının üzvü, yazıçı, elmlər doktoru, professor Yuriy Pompeyev, Rusiyalı Azərbaycan Gənclər Təşkilatı AMOR-un Sankt-Peterburq üzrə regional bölməsinin fəalları - burada təhsil alan azərbaycanlı tələbələr və gənclər, kütləvi informasiya vasitələrinin nümayəndələri, Sankt-Peterburqun tanınmış incəsənət və mədəniyyət xadimləri, “Mariinskiy” teatrının solisti, Rusiyanın əməkdar artisti Askar Abdrazakov və Alyona Sobolevskaya, həmçinin Baş konsulluğun diplomatları iştirak ediblər.Tədbirdə çıxış edən Baş konsul Sultan Qasımov qanlı yanvar faciəsi ilə bağlı xatirələri ilə bölüşüb. Diplomat 20 yanvar 1990-cı il hadisələrinin hər bir azərbaycanlının yaddaşına və Azərbaycan tarixinə qanlı hərflərlə həkk olunduğunu bildirib.
Baş konsul Sultan Qasımov Azərbaycan xalqının bu ağır dərdinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində ilk tədbirin Ümummilli Lider Heydər Əliyev tərəfindən görüldüyünü iştirakçılara xatırladıb. Diplomat bildirib ki, faciədən bir gün sonra Ulu Öndər Heydər Əliyev ailəsi ilə birlikdə Azərbaycanın Moskvadakı nümayəndəliyinə gəlib və kəskin bəyanatla çıxış edərək milli məsələlərin güc vasitəsilə həlli cəhdlərini pisləyib. Məhz o, xalqına sədaqət, cəsarət və mətanət nümayiş etdirərək xalqına tutulan divan haqqında bütün dünyaya məlumat verib. Çıxışının yekununda Baş konsul Sultan Qasımov Baş konsulluğun təşəbbüsü ilə “Komsomolskaya Pravda” qəzetinin saytında 20 Yanvar faciəsinə həsr olunmuş məqalənin dərc olunduğunu bildirib. Azərbaycan mədəni-milli muxtariyyəti”nin sədri, Sankt-Peterburqdakı diasporumuzun lideri Vaqif Məmişov qanlı yanvar faciəsinin daim Azərbaycanda və xaricdə yaşayan həmvətənlərimizin gəlbində sağalmaz yara olaraq qalacağını bildirib. O gələcək nəsillərin bu ağır tarixi yaddaşı unutmayacağını qeyd edib.“Naxçıvan” ictimai cəmiyyətinin sədri İdris Qəhrəmanov xalqımıza baş sağlığı bildirərək, ağır günlərlə bağlı xatirələri ilə bölüşdü. O, 20 Yanvar müsübətinin Sovet rəhbərliyinin səhv siyasi qərarlarının nəticəsində baş verdiyini qeyd edib.
Rusiya yazıçılar ittifaqının üzvü, profesor Yuriy Pompeyev 23 yanvar 1990-cı ildə Bakıya gəldiyi zaman xalqımızın başına gələn faciənin dərin izlərinin ölkənin hər yerində və insanların üzündə ağır ifadə ilə həkk olunduğunu gördüyünü deyib. Yuriy Pompeyev sovet hakimiyyətinin fövqəladə vəziyyətlərdə tarazlı siyasi qərarlar verməyə qadir olmadığını, təzyiq və gücdən istifadə etməyə üstünlük verən cəfəng ideologiya üzərində qurulduğunu qeyd edib.;Lensovet” mədəniyyət mərkəzinin səhnəsində tanınmış dirijor İsmayıl Hacıyev atası, Azərbaycanın və Sovet İttifaqının tanınmış bəstəkarı, Azərbaycanın xalq artisti Cövdət Hacıyevin “Şəhidlər” simfoniyasını və Ulu Öndər Heydər Əliyevə həsr olunmuş “Onu zaman seçdi” simfonik trilogiyasını pianoda ifa edib. “Mariinskiy” teatrının solisti Alyona Sobolyevskaya isə 20 Yanvar faciəsinə həsr olunmuş lirik mahnılar oxuyub. Tədbirin davamında Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatı AMOR-un Sankt-Peterburqdakı bölməsinin fəalları Qanlı yanvar mövzusunda şerlər oxuyublar. Tədbirin rəsmi hissəsinin yekununda Baş konsulluq və “Azərbaycan mədəni-milli muxtariyyəti” adından 20 Yanvar şəhidlərinin əziz xatirəsinə ehsan verildi. ;AzərTac” informasiya agentliyi və “AzTv” televiziya kanalı tərəfindən işıqlandırılıb. Qanlı Yanvar faciəsinin 28-ci ildönümünə həsr olunmuş tədbirlər silsiləsində Baş konsulluğun təşkilatçılığı ilə “Komsomolskaya Pravda – Sankt-Peterburq”un internet səhifəsində müxbir Oksana Nikulinanın müəllifi olduğu «В Петербурге вспоминают жертв «Черного января» başlıqlı məqalə dərс olunub. https://www.spb.kp.ru/daily/26783/3817291/