Cari ilin 28 oktyabr tarixində Rusiyanın Sankt-Peterburq şəhərində "Buta Airways" aviaşirkətinin turizm agentlikləri üçün təqdimatı keçirilib.
Təqdimatda Azərbaycanın Sankt-Peterburqdakı Baş konsulu Sultan Qasımov, "Vozduşnıe Vorota Severnoy Stoliçi" MMC-nin kommersiya direktoru Yevgeni İlyin, "Silk Way Travel" turizm agentliyinin nümayəndələri, Rusiyanın kütləvi informasiya vasitələri və yüzdən çox turizm agentliklərinin nümayəndələri iştirak ediblər.
Tədbirdə çıxış edən Baş konsul Sultan Qasımov Azərbaycanda turizmin inkişafı və Rusiyadan turist axının ölkəmizə cəlb edilməsi üçün ekonom büdcəli aviadaşıyıcının fəaliyyətinə ehtiyacın olduğunu bildirdi. Diplomat “Buta Airways” şirkətinin həyata keçirəcəyi uçuşların Azərbaycanla Rusiya arasında turizm sahəsindəki əməkdaşlığın inkişafına təkan verəcəyini və ölkələrimizin yaxın zamanda bu layihənin müsbət nəticələrini görəcəyini qeyd etdi. Çıxışının davamında diplomat Azərbaycan və Rusiya münasibətlərinin yüksək səviyyəsi barədə danışaraq, Azərbaycan Respublikasının və Rusiya Federasiyasının prezidentləri - cənab İlham Əliyev və cənab Vladimir Putinin siyasi iradələrinə uyğun olaraq, son illər qarşılıqlı səfərlər, keçirilən yüksək səviyyəli görüşlər, aparılan danışıqlar nəticəsində ölkələrimiz arasında mehriban qonşuluq və strateji tərəfdaşlıq münasibətlərinin daha da inkişaf etdiyini vurğuladı.
Baş konsul Sultan Qasımov 4 aprel 2017-ci il tarixində Azərbaycanla Rusiya arasında diplomatik münasibətlərin 25 illiyinin qeyd olunduğunu və Sankt-Peterburqda Azərbaycan Respublikası Hökuməti ilə Rusiya Federasiyasının Sankt-Peterburq Hökuməti arasında iqtisadi və humanitar əməkdaşlıq üzrə Komissiyanın birinci iclasının yekun protokolun imzalandığını xatırlatdı. İkitərəfli əməkdaşlığın inkişafı barədə danışan Baş konsul ötən ay Sankt-Peterburq Qanunvericilik Məclisinin sədri Vyaçeslav Makarovun və RF DİN-in Sankt-Peterburq şəhəri və Leninqrad vilayəti üzrə Baş İdarəsinin rəisi, polis general-leytenantı Sergey Umnovun başçılıq etdiyi nümayəndə heyətlərinin Baş konsulluğun təşkilati dəstəyi ilə Bakıya rəsmi səfərlərinin həyata keçirildiyini bildirdi.
Azərbaycanda dövlət səviyyəsində rus dilinin tədrisinə göstərilən diqqət barədə danışan Sultan Qasımov “Rus dilinin intensiv tədrisi” layihəsinin davam etdirilməsi barədə Azərbaycan Respublikasının təhsil naziri Mikayıl Cabbarovun imzaladığı əmrə diqqət yetirdi. Diplomat bildirdi ki, Azərbaycan postsovet məkanında rus dilinə bu cür diqqətlə yanaşan yeganə ölkədir. Baş konsul ölkədə rus dilində təhsilin aparıldığı 350-dən çox təhsil ocağının olduğunu, Bakıda M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin filialının və İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin filialının fəaliyyət göstərdiyini bildirdi. Bütün bunların Rusiyaya böyük məhəbbətdən irəli gəldiyini qeyd etdi.
"Super Avia" şirkətinin turizm üzrə direktoru Olqa Voykina çıxışı zamanı Azərbaycanın turizm imkanları haqqında danışdı. O vurğuladı ki, Azərbaycanda həm qış və yay istirahəti, həm də ekskursiya və müalicə-sağlamlıq turizmi üçün şərait yaradılıb.
Tədbirin davamında çıxış edən turizm şirkətlərinin rəhbərləri Azərbaycanda turizm sahəsinin qısa zamanda xeyli inkişaf etdiyinə diqqət yetirdilər. Ölkədə Avropa standartlarına və müxtəlif büdcələrə uyğun otellərin və pansionatların fəaliyyət göstərdiyini, rusiyalı turistlər üçün Azərbaycanın bütün bölgələrinin böyük maraq kəsb etdiyini qeyd etdilər. "Buta Airways"in təklif etdiyi əlverişli uçuş şərtlərinin Rusiyadan Azərbaycana turist axının artımasına yol açacağını qeyd etdilər.
Təqdimatın sonunda "Buta Airways"in hədiyyə uduşları oynanıldı.
Qeyd etmək istərdik ki, “Buta Airways” Azərbaycanın ilk aşağı büdcəli aviaşirkətidir və "Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) struktur bölməsidir. 2016-ci ilin dekabrında əsası qoyulmuşdur. Aviaşirkətinin donanması müasir “Embraer” təyyarələrindən ibarətdir. Aviaşirkət Bakıda, Heydər Əliyev Beynəlxalq Hava Limanında yerləşir.
Bakı - Sankt-Peterburq istiqamətində uçuşlar oktyabrın 30-dan etibarən yerinə yetiriləcək. Aviaşirkətin digər istiqamətləri kimi bu istiqamət üzrə də minimal qiymət 29 avro (bir tərəfə) təşkil edir. Uçuşlar çərşənbə axşamı və bazar günündən başqa hər gün yerinə yetiriləcək. Bakıdan uçuş yerli vaxtla saat 08:00-da, Sankt-Peterburqdan uçuş isə yerli vaxtla saat 12:10-da həyata keçiriləcək.