2017-09-22

Sankt-Peterburq Qanunvericilik Məclisinin sədri Vyaçeslav Makarovun başçılıq etdiyi nümayəndə heyətinin ölkəmizə rəsmi səfəri baş tutub.

Cari ilin sentyabrın 22-də olan Sankt-Peterburq Qanunvericilik Məclisinin sədri Vyaçeslav Makarovun ölkəmizə rəsmin səfəri  başlayıb. Səfər çərçivəsində Sankt-Peterburq Qanunvericilik Məclisinin nümayəndə heyətini Azərbaycan Respublikasının Sankt-Peterburqdakı Baş konsulu Sultan Qasımov müşayiət edib. Sentyabrın 22-də Milli Məclisin Sədri Oqtay Əsədov ölkəmizdə səfərdə olan Sankt-Peterburq Qanunvericilik Məclisinin sədri Vyaçeslav Makarovun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Görüş zamanı Parlamentin Spikeri qonaqları səmimi salamlayaraq, bu səfərin ikitərəfli münasibətlərin inkişafına təkan verəcəyinə əminliyini bildirib. Oqtay Əsədov Sankt-Peterburqla bağlı xoş təəssüratlarını bölüşüb. O, cari ilin mart ayında bu şəhərə səfəri zamanı keçirdiyi görüşləri yada salıb. Bildirilib ki, Azərbaycanla Rusiya arasında əlaqələr dərin tarixi köklərə malikdir. Dövlət başçılarının mütəmadi görüşləri, aparılan danışıqlar əməkdaşlığın yüksələn xətlə inkişafında böyük rol oynayır. Rusiya Federasiyasının subyektləri ilə də əlaqələrin qurulması əməkdaşlığın dərinləşməsində xüsusi əhəmiyyət kəsb edir. 
Çıxışının davamında Milli Məclisin sədri Oqtay Əsədov qeyd etdi ki, bu gün ölkələrimiz arasında müxtəlif sahələrdə  200-dən çox dövlətlərarası və hökumətlərarası sənəd imzalanıb.  Ticari-iqtisadi əlaqələrin daha da genişləndirilməsi üçün böyük potensial imkanlar mövcuddur. Sosial, mədəni, humanitar sahələrdə də qarşılıqlı münasibətlər  dinamik inkişaf edir. Bildirildi ki, Azərbaycanda rus mədəniyyətinə və dilinə həmişə hörmətlə yanaşılıb. Xalqlarımız arasında əlaqələrin möhkəmlənməsində diaspor təşkilatları üzərlərinə düşən vəzifələri layiqincə yerinə yetirirlər. 

Sankt-Peterburq Qanunvericilik Məclisinin sədri Vyaçeslav Makarov səmimi görüşə görə minnətdarlığını ifadə etdi. V.Makarov bildirildi ki, dövlətlərarası münasibətlərin möhkəmlənməsində Ulu Öndər Heydər Əliyevin, onun layiqli  davamçısı Prezident İlham Əliyevin verdiyi töhfələr  mühüm əhəmiyyət kəsb edir. O, Milli Məclisin Sədri Oqtay Əsədovun ictimai-siyasi fəaliyyətini, iki ölkə arasında əlaqələrin inkişafında göstərdiyi səyləri dövlətçilik baxımından yüksək dəyərləndirdi. 
Qonaq Rusiya və Azərbaycan arasında müxtəlif sahələrdə əməkdaşlığın dinamik inkişaf etdiyini söylədi. Ölkəmizdə rus dilinin qorunması istiqamətində görülən işləri təqdir etdi. Bunun dostluq və əməkdaşlıq bağlarının möhkəmlənməsində əhəmiyyəti barədə danışdı. Diqqətə çatdırıldı ki, Rusiyada yaşayan çoxsaylı millətlər arasında Azərbaycan diasporu özünəməxsus yer tutur.                                                                                                     

Söhbət zamanı parlamentlər səviyyəsində əməkdaşlığın daha da dərinləşməsi, iqtisadi, humanitar, təhsil sahələrində əlaqələrin genişləndirilməsi və tərəfləri maraqlandıran digər məsələlər barədə fikir mübadiləsi aparıldı.

Qəbulda parlament Aparatının rəhbəri Səfa Mirzəyev, Rusiya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun başçısı, Milli Məclisin komitə sədri Əli Hüseynli, Azərbaycanın Sankt-Peterburqdakı Baş konsulu Sultan Qasımov, MDB-nin Parlamentlərarası Assambleyasında Milli Məclisin daimi nümayəndəsi Aydın Cəfərov və digər rəsmi şəxslər iştirak ediblər.

Görüşün sonunda Azərbaycan Milli Məclisi və Sankt-Peterburq Qanunvericilik Məclisi arasında danışıqların yekunlarına dair Protokol imzalanıb.

Həmin gün Milli Məclisin Rusiya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri Sankt-Peterburq Qanunvericilik Məclisinin sədri Vyaçeslav Makarovun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüblər.

Rusiya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun başçısı, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli qonaqları səmimi salamlayaraq bildirib ki, bu cür görüşlərin keçirilməsi münasibətlərimizin dərinləşməsində böyük rol oynayır.  Azərbaycan-Rusiya əlaqələri həyatın bütün sahələrində inkişaf edir. Parlamentlərarası əlaqələr dövlətlərarası münasibətlərin dərinləşməsinə öz töhfəsini verir. O, deputatlarımızın Sankt-Peterburqa işçi səfərləri, o cümlədən MDB Parlamentlərarası Assambleyasının tədbirlərində iştirakı barədə danışdı. 

Görüşdə çıxış edən Milli Məclisin deputatı Mixail Zabelin bildirdi ki,  xalqlarımız arasında dostluq münasibətləri durmadan möhkəmlənir. Qeyd edildi ki, Azərbaycanda həmişə rus dilinə böyük hörmətlə yanaşılıb. Bu gün Azərbaycanda çox sayda rusdilli orta məktəb fəaliyyət göstərir, ali təhsil ocaqlarında rus dili tədris edilir. Diqqətə çatdırıldı ki, ölkəmizdəki rus icmasının üzvləri Azərbaycanın ictimai-siyasi həyatında  fəal iştirak edirlər.

Səmimi qəbul üçün minnətdarlığını bildirən Sankt-Peterburq Qanunvericilik Məclisinin sədri Vyaçeslav Makarov səfərdən məmnun qaldıqlarını dedi. O, Azərbaycanın müxtəlif sahələrdə əldə etdiyi  nailiyyətləri təqdir etdi. Parlamentlər səviyyəsində əməkdaşlığın daha da dərinləşməsini, deputatlarımızın nüfuzlu beynəlxalq qurumlarda birgə səmərəli fəaliyyətini önəmli hesab etdi. 

Söhbətdə tərəfləri maraqlandıran məsələlər ətrafında fikir mübadiləsi aparıldı.
Görüşdə deputatlar Muxtar Babayev, Malik Həsənov, Sevinc Hüseynova, Ülvi Quliyev, Elşad Həsənov və Baş konsul Sultan Qasımov iştirak edib.

Arxiv üzrə axtarış