2017-06-10

Azərbaycan Respublikasının Sankt-Peterburqdakı Baş konsulu Sultan Qasımov RF Kareliya Respublikasının başçısı Artur Parfençikovla görüşüb.

Cari ilin 10 iyun tarixində Azərbaycan Respublikasının Sankt-Peterburqdakı Baş konsulu Sultan Qasımov RF Kareliya Respublikasının başçısı Artur Parfençikovun dəvəti ilə Kareliya Respublikasında səfərdə olub. Baş konsul Sultan Qasımov 10 iyun tarixində Kareliya Respublikasının 97-ci ildönümü şərəfinə Olontse şəhərində təşkil edilmiş təntənəli tədbirdə iştirak edib. Səfər çərçivəsində Baş konsul Sultan Qasımovun Kareliya Respublikasının başçısı Artur Parfençikovla görüşü baş tutub.              

Görüş zamanı Baş konsul Sultan Qasımov Azərbaycanla Rusiya arasında bir çox sahədə qurulmuş əlaqələr, humanitar, mədəniyyət, iqtisadiyyat və strateji tərəfdaşlığın səmərəli inkişafı barədə danışıb. Diplomat qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Rusiya ilə əməkdaşlığın dərinləşməsinə xüsusi önəm verir. Azərbaycanla Rusiya arasındakı çoxşaxəli əməkdaşlıq regionlararası səviyyədə də davam edir. Baş konsul Rusiyada işlədiyi dövr ərzində bu ölkəyə hörmət bəslədiyini, Rusiya tərəfindən də Azərbaycana isti münasibət gördüyünü bildirib. O, 2017-ci ilin aprel ayında Sankt-Peterburqda Azərbaycan Respublikası Hökuməti ilə Sankt-Peterburq Hökuməti arasında iqtisadi və humanitar əməkdaşlıq üzrə Komissiyanın birinci iclasının keçirildiyi və yekun protokolun imzalandığı barədə qarşı tərəfi məlumatlandırıb. Qeyd olunan sənədin Azərbaycan hökuməti ilə RF Sankt-Peterburq hökuməti arasında əməkdaşlığın inkişafına, mədəniyyət, ticarət və iqtisadiyyat kimi sahələrdə bir sıra mühüm layihənin həyata keçirilməsinə yeni-yeni imkanlar yaradacağını vurğulayıb. Azərbaycanın Rusiyanın Şimal-Qərb federal dairəsinə daxil olan digər regionları ilə də əməkdaşlıq əlaqələrinin möhkəmlənməsinə önəm verdiyini qeyd edib.                                                                                   

RF Kareliya Respublikasının başçısı Artur Parfençikov Azərbaycanla Rusiya arasındakı dostluq münasibətlərinin tarixi köklərə dayandığını bildirib. O, Rusiyanın digər bölgələrində olduğu kimi Kareliyada da müxtəlif millətlərin yaşadığını və azərbaycanlıların vilayətin mədəni-ictimai həyatında fəal iştirak etdiyini vurğulayıb. Qubernator Kareliyanın ölkəmizlə əməkdaşlıqda maraqlı olduğunu qeyd edib. Müxtəlif sərmayə yatırımı, iqtisadiyyat və turizm kimi sahələrdə birgə layihələrin həyata keçirilməsi üçün əlverişli şəraitin mövcud olduğunu bildirib. Kareliya Respublikasının coğrafi yerləşimindən irəli gələrək hava, dəniz və yerüstü nəqliyyat qovşağına malik olduğunu, beynəlxalq nəqliyyat dəhlizi ilə bağlı layihələrdə iştirak etdiyini bildirib. O həmçinin Kareliyanın zəngin təbiəti ilə Rusiyanın ən tanınmış turistik bölgələrindən biri olduğunu qeyd edib.                                                                                 

Kareliyanın başçısı Artur Parfençikov Azərbaycanda aparılan uğurlu islahatların diqqət mərkəzində olduğunu bildirib. Azərbaycanın qısa müddətdə əldə etdiyi nailiyyətlərin ölkə rəhbərliyinin düşünülmüş siyasəti nəticəsində əmələ gəldiyinin aşkar olduğunu vurğulayıb. Söhbət zamanı cənab A.Parfençikov dəfələrlə Azərbaycana səfər etmək arzusunda olduğunu qeyd edib.                                                                                         

Baş konsul Sultan Qasımov münasib bir vaxtda Kareliya başçısının Azərbaycana səfərinin təşkilinin mümkün olduğunu bildirib və səmimi qəbula görə Kareliya rəhbərliyinə təşəkkür edib. Görüşün sonunda diplomat Azərbaycan istehsalı olan şərabçılıq məhsullarını, şirniyyat bağlamalarını, “Bakı” jurnalının son nömrələrini və Azərbaycan xalçaları barədə nəşrləri Kareliya Respublikasının administrasiyasına hədiyyə edib.            

Arxiv üzrə axtarış