2017-06-08

Sankt-Peterburqda Rusiya Federasiyası Daxili İşlər Nazirliyinin Sankt-Peterburq Dövlət Universitetində məzunların buraxılış mərasimi keçirilib.

2017-ci ilin 07 iyun tarixində Rusiya Federasiyası Daxili İşlər Nazirliyinin Sankt-Peterburq Dövlət Universitetinin xarici mütəxəssislərin hazırlığı fakültəsinin məzunlarının buraxılış mərasimi keçirilmişdir. Sankt-Peterburqun “Qələbə meydanı”nda təşkil olunmuş möhtəşəm və təntənəli mərasimə Azərbaycan Respublikasının Sankt-Peterburqdakı Baş konsulu Sultan Qasımov fəxri qonaq qismində dəvət edilmişdir.

Rusiya Federasiyası Daxili İşlər Nazirliyinin Sankt-Peterburq Dövlət Universitetinin rəhbəri, general-leytenant Vasiliy Kudin tədbir iştirakçılarını salamlayaraq ilk sözü Baş konsul Sultan Qasımova verdi.

Baş konsul Sultan Qasımov Rusiya Federasiyası Daxili İşlər Nazirliyinin Sankt-Peterburq Dövlət Universitetinin rəhbərliyini, müəllim və tələbə heyətini salamlayaraq, onlara yeni peşəkar kadrların hazırlanmasında göstərdikləri əvəzsiz xidmət və zəhmətə görə təşəkkürünü bildirdi, gəncləri ali təhsillərini başa çatdırmaqları münasibəti ilə təbrik etdi. Diplomat Azərbaycanla Rusiya arasındakı səmərəli əməkdaşlığın Daxili İşlər Nazirlikləri arasında da uğurla davam etdiyini vurğuladı. Baş konsul Azərbaycanla Rusiyanı tarixi dostluq əlaqələrinin birləşdirdiyini qeyd etdi. Bu əlamətdar gündə məzun olan azərbaycanlı tələbələrin əldə etdikləri yüksək bilik nəticəsində yaxın gələcəkdə peşəkar kadr kimi Azərbaycan dövlətinə xidmət edəcəklərini qeyd etdi. Baş konsul Sultan Qasımov Universitetin məzun olan  həmvətənlərimizi ürəkdən təbrik edərək, onlara Azərbaycan Respublikasının hüquq-mühafizə orqanlarındakı fəaliyyətlərində uğurlar arzuladı və diplomlarını təqdim etdi.

Rusiya Federasiyası Daxili İşlər Nazirliyinin Sankt-Peterburq Dövlət Universitetinin rəhbərliyi, yüksək rütbəli zabitlər Baş konsul Sultan Qasımova Universitetdə oxuyan azərbaycanlı tələbələrin uğurları barədə danışdılar.                                                 

Söhbət zamanı RF DİN-in Sankt-Peterburq Dövlət Universitetinin rəhbəri general-leytenant Vasiliy Kudin Azərbaycan Respublikasının Daxili İşlər Naziri cənab Ramil Usubovun yüksək peşəkarlığını xüsusi ilə qeyd etdi, onun rəhbərliyi altında AR DİN-in fəaliyyəti və qurumlar arasındakı əməkdaşlığın səviyyəsi barədə müsbət fikirləri ilə bölüşdü. General-leytenant Vasiliy Kudin rəhəbrlik etdiyi Universitetin çox sayda azərbaycanlı tələbə qəbul etməyə və Azərbaycan üçün yeni kadrlar yetişdirməyə hazır olduğunu Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin rəhbərliyinə çatdırılmasını xahiş etdi.

Cari ildə RF DİN-in Sankt-Peterburq Dövlət Universitetindən məzun olan tələbələr sırasında Azərbaycanla yanaşı, Qırğızıstan, Tacikistan, Əfqanıstan və digər dövlətlərin vətəndaşları yer alıb. Tədbirin yekununda Baş konsul Sultan Qasımov Rusiya Federasiyası Daxili İşlər Nazirliyinin Sankt-Peterburq Dövlət Universitetinin rəhbəri, general-leytenant Vasiliy Kudin, generallar, məzunlar və digər tədbir iştirakçıları ilə birlikdə xatirə şəkilləri çəkdirdi.

 

Arxiv üzrə axtarış