2017-05-26

Sankt-Peterburqun müasir incəsənət muzeyi “Erarta”da Heydər Əliyev Fondunun təşkilatçılığı ilə “Abşeron küləyində doğulanlar. 1960-1980-ci illərin Azərbaycan rəssamları” adlı sərgi açılıb.

Cari ilin 26 may tarixində Sankt-Peterburqun müasir incəsənət muzeyi “Erarta”da Heydər Əliyev Fondunun təşkilatçılığı və ölkəmizin Sankt-Peterburqdakı Baş konsulluğunun dəstəyi ilə “Abşeron küləyində doğulanlar. 1960-1980-ci illərin Azərbaycan rəssamları” «Рожденные ветром Апшерона. Азербайджанские художники 1960—1980-х годов» adlı sərgi açılıb.                                                               

Sərginin açılışında Heydər Əliyev Fondunun şöbə müdiri Emin Məmmədov və Fondun Rusiyadakı nümayəndəliyinin şöbə müdiri Tamilla Əhmədova, Baş konsul Sultan Qasımov, Rusiyanın “Mərcanı” Fondunun direktoru Rüstəm Süleymanov, Sankt-Peterburqun müasir incəsənət muzeyi “Erarta”nın direktoru, heykəltəraş və rəssam Mixayil Nazanskiy, Rusiyanın tanınmış mədəniyyət və incəsənət xadimləri, rusiyalı rəssam Mixayil Şimyakinin “Şimyakin Fondu”nun rəhbərliyi, Sankt-Peterburq Administrasiyasının nümayəndələri, MDB Parlamentlərarası Assambleyasının baş katibinin müavini Aydın Cəfərov, Sankt-Peterburqda akkreditə olunmuş Baş konsulluqların rəhbərləri və diplomatları, incəsənət və elm xadimləri, Sankt-Peterburqun aparıcı kütləvi informasiya vasitələrinin nümayəndələri, “Komsomolskaya Pravda” Mediaholdinqinin nümayəndəliyinin baş direktoru Anna Upryamtseva-Alevtinskaya, “Rossiyskaya qazeta”nın baş redaktoru Anjelika Qurskaya, “Sankt-Peterburqskiye vedomosti” qəzetinin müxbiri, “Sankt-Peterburq” və “5 Kanal” televiziya kanallarının nümayəndələri, Azərbaycan diasporunun rəhbəri Vaqif Məmişev və diaspor təşkilatlarımızın fəalları, Rusiya Yazıçılar ittifaqının üzvü, mədəniyyətşünaslıq elmləri doktoru, professor Yuriy Pompeyev, general-leytenant Aleksandr Volox, Rusiyalı Azərbaycan Gənclər Təşkilatı AMOR-un Sankt-Peterburq üzrə regional bölməsinin fəalları və burada təhsil alan gənclərimiz iştirak ediblər.                                             

Sərginin açılışında çıxış edən Heydər Əliyev Fondunun nümayəndəsi Emin Məmmədov, “Mərcanı” Fondunun direktoru Rüstəm Süleymanov, Sankt-Peterburqun müasir incəsənət muzeyi “Erarta”nın direktoru, heykəltəraş və rəssam Mixayil Nazanskiy sərgidə XX əsrin ortalarında Azərbaycanda yaranmış Abşeron məktəbi adlanan axını təmsil edən və bütün dünyada tanınmış azərbaycanlı rəssamların yaradıcılığının müntəzəm nümunələrinin nümayiş etdirildiyini qeyd ediblər. Əsərlərin müəllifi olan Azərbaycan incəsənətinin klassiklərinin həyatı və yaradıcılığı barədə danışıblar. Heydər Əliyev Fondunun təşəbbüsü və təşkilatçılığı həyata keçirilmiş bu maraqlı layihənin Sankt-Peterburqda 27 avqust tarixinədək davam edəcəyini bildiriblər.          

Sərgidə Azərbaycanın tanınmış rəssamları Toğrul Nərimanbəyov, Geyur Yunus, Cavad Mircavadov, Tofiq Cavadov, Əfşar Murad, Kamal Əhməd, Rasim Babayevin və heykəltəraş Fazil Nəcəfovun əsərləri nümayiş etdirilib. Sərgi böyük maraqla qarşılanıb, kütləvi informasiya vasitələri, “Rossiyskaya qazeta” və digər informasiya mənbələri tərəfindən işıqlandırılıb.

(https://rg.ru/2017/05/27/reg-szfo/v-peterburge-otkrylas-vystavka-masterov-apsheronskoj-shkoly.html)

 

Arxiv üzrə axtarış