Sankt-Peterburqda Böyük Vətən Müharibəsində həlak olmuş azərbaycanlıların xatirə lövhəsi yenisi ilə əvəz olunub
Azərbaycanın Sankt-Peterburqdakı baş konsulu Sultan Qasımovun təşəbbüsü ilə bu şəhərdəki Piskaryov memorial məzarlığında 1941-1945-ci illər Böyük Vətən Müharibəsi zamanı Leninqrad uğrunda döyüşlərdə həlak olmuş azərbaycanlıların xatirəsini əbədiləşdirən mərmər lövhə yenisi ilə əvəz olunub.
Lövhənin açılışı 9 may- Qələbə Günü münasibətilə keçirilən anım mərasimi çərçivəsində reallaşıb.
Sankt-Peterburqdakı Piskaryov məzarlığında, rəsmi məlumata görə, 1941-1945-ci illərdə blokada nəticəsində həyatını itirmiş 470 min yerli sakin və Leninqrad uğrunda döyüşlərdə həlak olmuş 50 minə yaxın əsgər və zabit dəfn olunub. Müharibədən sonra məzarlıqda xatirə kompleksi yaradılıb, “Ana Vətən” abidəsi ucaldılıb. Buradakı Xatirə Xiyabanında Rusiyanın digər regionları, MDB ölkələri öz həmvətənlərinin şərəfinə xatirə lövhələri quraşdırıblar. Belə xatirə lövhələrindən biri də Azərbaycanın mərd oğul və qızlarını yad etmək üçün quraşdırılmışdı. Lakin vaxt ötdükcə, lövhə yarasız hala düşmüş, solmuş mərmərin üstündə ləkələr əmələ gəlmiş, yazıları silinmişdi.
Baş konsul Sultan Qasımov öz vəsaiti hesabına köhnə lövhəni üzərində Azərbaycan Respublikasının dövlət rəmzilərinin əks olduğu və xatirə yazısı qızılı hərflərlə həkk edilmiş yenisi ilə əvəz edib. Yeni lövhə bu il Piskaryov məzarlığında Qələbə Günü münasibətilə keçirilən ənənəvi anım mərasiminin iştirakçılarına təqdim edilib.
Qələbənin növbəti ildönümü münasibətilə keçirilmiş ənənəvi anım mərasiminin iştirakçıları, xarici diplomatlar, diaspor nümayəndələri Böyük Vətən Müharibəsində həlak olmuş həmvətənlərimizin yeni xatirə lövhəsinin önünə gül dəstələri qoyublar.
Həmin gün Piskaryov memorial məzarlığındakı keçirilən anım mərasimində Azərbaycanın Sankt-Peterburqdakı baş konsulluğu adından “Ana Vətən” abidəsinin önünə də əklil qoyulub.
Anım mərasimində Sankt-Peterburqun qubernatoru Georgi Poltavçenko, hökumətin və ictimaiyyətin nümayəndələri iştirak ediblər.