Azərbaycan Respublikasının Milli Məclisinin sədri Oqtay Əsədov 27 mart tarixində Sankt-Peterburqda MDB Parlamentlərarası Assambleyasının yaz sessiyasında iştirak edib.
Cari ilin 27 mart tarixində Rusiyanın Sankt-Peterburq şəhərində MDB Parlamentlərarası Assambleyasının (PA) yaz sessiyasının açılışı olub. Tədbirdə Milli Məclisin sədri Oqtay Əsədovun rəhbərliyi altında Azərbaycan nümayəndə heyəti iştirak edib.
27 mart tarixində MDB Parlamentlərarası Assambleyasının yaz sessiyası çərçivəsində MDB PA Şurasının iclası keçirilib. İclas iştirakçıları Beynəlxalq Parlamentarizm Gününün təsis edilməsi, Qırğızıstanda ötən il keçirilən referendumun monitorinqinin nəticələri, habelə MDB ölkələrində 2017-ci ildə keçirilməsi nəzərdə tutulmuş elektoral kampaniyalarda müşahidəçi qruplarının təşkili məsələlərini müzakirə ediblər. MDB ölkələri parlamentlərinin rəhbərləri Parlamentlərarası Assambleyanın 25 illik yubileyi münasibətilə bəyanat qəbul ediblər. Bəyanatda qeyd olunur ki, MDB PA həm üzv ölkələr arasında ikitərəfli, həm də beynəlxalq təşkilatlarla çoxtərəfli qarşılıqlı fəaliyyət meydanı kimi beynəlxalq parlament əməkdaşlığının genişləndirilməsi sahəsində böyük potensiala malikdir. Sənəddə MDB PA-nın fəaliyyətinin başlıca istiqaməti kimi insan hüquqları və azadlıqlarının müdafiəsi, dövlət hakimiyyəti orqanlarının formalaşmasına dair seçki kampaniyalarının monitorinqi və digər sahələr göstərilib.
MDB Parlamentlərarası Assambleyasının 46-cı plenar iclasında çıxış edən Milli Məclisin sədri Oqtay Əsədov bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyev MDB ölkələri arasında əməkdaşlığın dərinləşməsinə xüsusi önəm verir. Birlik çərçivəsində qarşılıqlı fəaliyyət üzv ölkələrin parlamentləri arasında əlaqələrin möhkəmlənməsində, iqtisadi tərəfdaşlığın genişlənməsində mühüm rol oynayır. Oqtay Əsədov mədəniyyət, humanitar, elm, ticarət və digər sahələrdə çoxtərəfli əməkdaşlığın perspektivlərindən də danışıb. Eyni zamanda, Milli Məclisin sədri vurğulayıb ki, təşkilatın fəaliyyətini daha da yaxşılaşdırmaq üçün keçmiş sovet məkanında mövcud olan münaqişələrin həlli məsələlərini ön plana çıxarmaq lazımdır.
İclasda MDB PA Şurasının sədri Valentina Matviyenko Milli Məclisin sədri Oqtay Əsədova layiq görüldüyü MDB PA-nın 25 illik yubileyi medalı təqdim edib.
Tədbirin davamında “Poçta Rossii” şirkətinin buraxdığı MDB PA-nın yubiley poçt markası təqdim olunub. Sonda MDB ölkələri səhnə ustalarının iştirakı ilə konsert olub. Konsertdə Azərbaycanın Xalq Artisti Murad Hüseynov, Əməkdar Artist Afaq Abbasova, tarzən, beynəlxalq müsabiqələr laureatı Rövşən Qurbanov çıxış ediblər.
Sankt-Peterburqa baş tutmuş səfəri çərçivəsində Milli Məclisin sədri Oqtay Əsədov Rusiya Federasiyasının hökumət nümayəndələri və beynəlxalq təşkilatların rəhbərləri ilə görüşlər keçirib və mühüm əhəmiyyət kəsb edən məsələləri müzakirə edib.
Sankt-Peterburqda səfərdə olan Azərbaycan Respublikası Milli Məclisinin sədri Oqtay Əsədov martın 27-də Rusiya Federasiyası Federal Məclisinin Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb.
Valentina Matviyenko Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə Rusiya Federasiyası Federal Məclisinin Federasiya Şurası sədrinin müavini İlyas Umaxanovun “Dostluq” ordeni ilə təltif edilməsini iki ölkənin parlamentləri arasında əməkdaşlığa verilən yüksək qiymət kimi dəyərləndirib, dövlətimizin başçısına təşəkkürünü bildirib. O qeyd edib ki, bu il Rusiya ilə Azərbaycan arasında diplomatik əlaqələrin qurulmasının 25-ci ildönümü qeyd olunur. Münasibətlərimizin yüksələn xətlə inkişafı görülən işlərin nəticəsidir və biz bundan qürur duya bilərik. Rusiya ilə Azərbaycan arasında iqtisadi, mədəni, humanitar əlaqələrin intensivliyindən danışan V.Matviyenko regionlararası iqtisadi forumun, ölkələrimizin prezidentlərinin himayəsi ilə keçirilən Bakı Beynəlxalq Humanitar Forumunun əhəmiyyətini vurğulayıb.
Oqtay Əsədov ölkələrimiz arasında yaradılmış möhkəm müqavilə-hüquq bazasının ticari-iqtisadi, kənd təsərrüfatı, yanacaq-energetika, humanitar, mədəniyyət və digər sahələrdə əlaqələrin genişləndirilməsinə imkan verdiyini vurğulayıb. Milli Məclisin sədri ölkələrimiz arasında müxtəlif sahələrdə əməkdaşlığa dair 200-dən çox sənəd imzalandığını bildirib. Spiker əlaqələrin inkişafında Azərbaycan-Rusiya Hökumətlərarası Komissiyasının, parlamentlərarası dostluq qrupunun və digər qurumların fəaliyyətinin səmərəli olduğunu diqqətə çatdırıb. Milli Məclisin sədri Azərbaycanda rus dilinə xüsusi qayğı ilə yanaşıldığını, ölkədə 340-dan çox rus dilində təhsil verən orta məktəbin fəaliyyət göstərdiyini deyib. Daha sonra tərəflər parlamentlərarası münasibətlərin inkişaf perspektivləri barədə fikir mübadiləsi aparıb, bir sıra aktual məsələləri müzakirə ediblər.
Səfər çərçivəsində Milli Məclisin sədri Oqtay Əsədov ATƏT-in Parlament Assambleyasının (PA) prezidenti xanım Kristine Muttonen və AŞPA-ın Prezidenti Pedro Aqromuntla görüşüb. Görüş zamanı tərəflər səmərəli əməkdaşlığın perspektivlərini müzakirə ediblər və Ermənistan-Azərbaycan Dağlıq-Qarabağ münaqişəsinin həlli prosesində ATƏT-in Minsk qrupunun fəaliyyəti nəzərdən keçiriblər. Azərbaycan parlamentinin sədri Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması istiqamətində danışıqların hazırkı vəziyyəti və perspektivlərindən danışaraq təəssüflə vurğulayıb ki, ATƏT-in Minsk qrupu çərçivəsində danışıqlar prosesinin davam etməsinə, Minsk qrupunun həmsədrlərinin daim dəyişməsinə baxmayaraq, münaqişə hələ də öz həllini tapmayıb. Milli Məclisin spikeri qeyd edib ki, danışıqlar prosesi sonsuz davam edə bilməz və bu məsələnin həllinin həvalə olunduğu Minsk qrupu daha qətiyyətli addımlar atmalıdır.