2017-03-20

14 mart 2017-ci il tarixində Sankt-Peterburqun “Ledovıy” konsert zalında Novruz bayramı münasibəti ilə xeyriyyə konserti keçirilmişdir.

Cari ilin 14 mart tarixində Sankt-Peterburqun ən böyük “Ledovıy” konsert zalında Sankt-Peterburqun Azərbaycan milli-mədəni muxtariyyətinin təşkilatçılığı, Azərbaycan Respublikasının Baş konsulluğunun, Sankt-Peterburq hökumətinin Xarici əlaqələr Komitəsinin, Millətlərarası münasibətlər və miqrasiya siyasəti Komitəsinin iştirakı ilə Novruz bayramına həsr olunmuş xeyriyyə konserti keçirilmişdir. Konsertdə Azərbaycan diasporunun və Sankt-Peterburq ictimaiyyətinin nümayəndələri, Sankt-Peterburq hökumətinin rəsmiləri, burada orta və ali təhsil müəssisələrində oxuyan  azərbaycanlı və rus tələbələr, gənclər birliyi AMOR-un fəalları, Baş konsulluğun diplomatları və çox sayda seyrçi iştirak etmişdir. Tədbiri Rusiyanın əməkdar artisti İrina Smolina və tanınmış azərbaycanlı aparıcı Murad Arif aparırdılar.                                                              

Xeyriyyə konsertinin rəsmi açılış hissəsində tədbirin təşkilatçısı, Sankt-Peterburq qubernatorunun milli məsələlər üzrə müşaviri, Sankt-Peterburq Millətlər Şurasının prezidenti, Azərbaycan milli-mədəni muxtariyyətinin sədri Vaqif Məmişev, Baş konsul Sultan Qasımov, MDB Parlametlərarası Assambleyasının baş katibinin müavini, Mili Məclisin qurumdakı nümayəndəsi Aydın Cəfərov, Sankt-Peterburq hökumətinin Xarici əlaqələr Komitəsinin sədr müavini Sergey Makarov və Millətlərarası münasibətlər və miqrasiya siyasəti Komitəsinin sədr müavini Vadim Okruşko çıxış ediblər.                          

Sankt-Peterburq qubernatorunun milli məsələlər üzrə müşaviri, Azərbaycan diasporunun sədri Vaqif Məmişev tədbir iştirakçılarına Novruz bayramının tarixi mahiyyəti barədə danışıb. O bildirib ki, Novruz bayramının Sankt-Peterburqda qeyd olunması xoş ənənəyə çevrilib, Novruzun dünya azərbaycanlıları və tarixən bu bayramı qeyd edən digər xalqlar üçün əhəmiyyət kəsb etdiyini vurğulayıb. Vaqif Məmişev Novruz münasibəti ilə keçirilən şənliklərdə Azərbaycan xalqının qədim adət ənənələrinin təbliğ edildiyini və bu tarixi mirasın gələcək nəsillərə ötürüldüyünü bildirib. Novruzun ilk növbədə baharın gəlişini təcəssüm etdiyini deyən V.Məmişev, Azərbaycan diasporu tərəfindən keçirilən bayram tədbirlərinin Sankt-Peterburq ictimaiyyətinə digər xalqların adətləri ilə də tanış olmağa imkan yaratdığını vurğulayıb. Azərbaycan və Rusiyanı tarixi əlaqələrin və dostluq münasibətlərinin birləşdirdiyini qeyd edib.                                                             

Azərbaycan Respublikasının Sankt-Peterburqdakı Baş konsulu Sultan Qasımov xalqımızın qədim adət və ənənələrini özündə əks etdirən Novruz bayramı münasibəti ilə keçirilən geniş miqyaslı xeyriyyə konsertinin təşkilinə görə Sankt-Peterburqdakı Azərbaycan diasporunun rəhbəri Vaqif Məmişeva təşəkkürünü bildirib. Sultan Qasımov bildirib ki, Azərbaycan xalqı üçün Novruz bayramı baharın, dostluğun və ruzi bərəkətin rəmzidir. Diplomat Sankt-Peterburqda yaşayan azərbaycanlıları və dost Rusiya xalqını Novruz bayramı münasibəti ilə təbrik edib, əmin-amanlıq və uğurlar arzulayıb. Baş konsul Sultan Qasımov diaspor sədri Vaqif Məmişevin soydaşlarımızın birliyi və Azərbaycan-Rusiya dostluq münasibətlərinin inkişafı uğrunda apardığı uğurlu xalq diplomatiyasını xüsusi ilə qeyd edib və həmvətənlərə göstərdiyi dəstəyə görə təşəkkürünü bildirib. Çıxışının yekununda diplomat Baş konsulluq adından Vaqif Məmişevə təşəkkürnamə təqdim edib.                                                                                 

MDB Parlametlərarası Assambleyasının baş katibinin müavini, Mili Məclisin qurumdakı nümayəndəsi Aydın Cəfərov tədbir iştirakçılarına Novruz bayramı münasibəti ilə təbrik edib. Bu bayramın Sankt-Peterburqda qeyd olunmasının mahiyyətinə diqqət yetirib. O, həmçinin Sankt-Peterburq qubernatorunun milli məsələlər üzrə müşaviri Vaqif Məmişevin Azərbaycan diasporunun inkişafındakı xidmətlərinin və həyata keçirdiyi tədbirlərin əhəmiyyəti barədə danışıb.                                                                                                 

Tədbirin rəsmi hissəsində çıxış edən Sankt-Peterburq hökumətinin Xarici əlaqələr Komitəsinin sədr müavini Sergey Makarov və Millətlərarası münasibətlər və miqrasiya siyasəti Komitəsinin sədr müavini Vadim Okruşko Azərbaycan diasporunun rəhbəri Vaqif Məmişevin Sankt-Peterburq şəhərinin inkişafı və abadlığı sahəsindəki fəaliyyətini, gördüyü işlərə xüsusi diqqət yetirdilər, Azərbaycan icmasının Şimal paytaxtın həyatındakı mühüm yeri barədə danışdılar.                                                                                                                                

Tədbirin davamında Sankt-Peterburqdakı Azərbaycan diasporunun sədri Vaqif Məmişev Azərbaycan milli-mədəni muxtariyyətinin üzvlərini, xüsusi fəallığı ilə seçilən azərbaycanlı gənclər, AMOR-un Sankt-Peterburqdakı nümayəndələrini səmərəli fəaliyyətlərinə görə mükafatlarla təltif edti.                                                                          

Xeyriyyə konsertində Azərbaycandan dəvət edilmiş muğam ansamblı, Sankt-Peterburqun “Ataman” Kazak ansamblı, Rusiyanın məşhur “Qolos” televiziya müsabiqəsinin iştirakçısı, həmyerlimiz Azər Nəsibov, Azərbaycan Dövlət Filarmoniyasının uşaqlardan ibarət rəqs ansamblı, Şən və Hazırcavablar Klubunun “Bakı yığması”, Azərbaycan estradasının tanınmış ulduzları Elnur Məmmədov, Murad Arif, Miri Yusif və Tunzalə Ağayevə çıxış etdilər.                                                                                                          

Sankt-Peterburqun ən böyük konsert zalında təşkil olunmuş xeyriyyə tədbiri 5000-dən artıq tamaşaçı toplamış, zəngin və maraqlı mədəni proqram tamaşaçılar tərəfindən alqışlarla qarşılanmışdır. Sankt-Peterburqun Azərbaycan milli-mədəni muxtariyyətinin təşkilatçılığı və Baş konsulluğun iştirakı ilə təşkil edilmiş xeyriyyə konserti yerli kütləvi informasiya vasitələrində, “Sankt-Peterburq” televiziya kanalı, o cümlədən “AzTV” televiziya kanalı və “AzərTac” informasiya agentliyi 
tərəfindən işıqlandırılıb.    

Arxiv üzrə axtarış