Cari ilin 11 dekabr tarixində Sankt-Peterburqda Ulu Öndər Heydər Əliyevin Qoroxovaya küçəsindəki barelyefi önündə onun əziz xatirəsi yad edildi.
Cari ilin 11 dekabr tarixində Sankt-Peterburqda Ulu Öndər Heydər Əliyevin Qoroxovaya küçəsindəki barelyefi önündə Baş konsul, Azərbaycan diaspor təşkilatlarının rəhbərləri və fəalları, Rusiyanın Azərbaycanlı Gənclər Birliyi AMOR-un üzvləri və Baş konsulluğun diplomatlarının iştirakı ilə Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsi anılmışdır.
Anım mərasimdə çıxış edən Baş konsul Sultan Qasımov Ümummilli Lider Heydər Əliyevin Azərbaycanın inkişafı naminə göstərdiyi fəaliyyəti, onun müdrik və uzaqgörən siyasəti, ölkəmizin və xalqımızın müstəqilliyi uğrunda verdiyi taleyüklü qərarları barədə danışdı. Diplomat Azərbaycan dövlətçiliyinin qurucusu, azərbaycançılıq təfəkkürünün banisi olan Ulu Öndərin Azərbaycan dövlətinin və xalqının taleyində oynadığı tarixi roldan, ölkəmizin gələcəyi üçün göstərdiyi misilsiz xidmətlərdən bəhs etdi. Baş konsul bildirdi ki, Azərbaycan dünyanın inkişaf edən ölkələrindəndir və Cənubi Qafqazda bütün göstəricilər üzrə lider ölkədir. Baş konsul Sultan Qasımov Ümummilli Lider Heydər Əliyevin Azərbaycanda dövlət quruculuğu ilə məşğul olduğu dövrdə ölkənin inkişafı və xalqın rifahı naminə çoxsayda mühüm əhəmiyyət kəsb edən layihələrin həyata keçirildiyini qeyd etdi. Diplomat Ümummilli Liderin layiqli davamçısı olan Prezident İlham Əliyevin həyata keçirdiyi islahatlar sahəsində Azərbaycanın gündən-günə gücləndiyini və sözün əsl mənasında beynəlxalq aləmdə müstəqil və sarsılmaz mövqeyə sahib olduğunu vurğuladı.
Sankt-Peterburqun Azərbaycan milli-mədəni muxtariyyətinin sədri Vaqif Məmişov Ulu Öndər Heydər Əliyevlə bağlı xatirələri ilə bölüşdü. O, dahi siyasətçinin 2002-ci ildə Sankt-Peterburqa baş tutmuş rəsmi səfəri zamanı vaxtı ilə Qoroxovaya küçəsində təhsil aldığı binanın önünə gəldiyini bildirdi. V.Məmişov qeyd etdi ki, bu gün həmin ünvanda Ulu Öndərin barelyefi qarşısında onun əziz xatirəsini anmaq hər bir həmvətənlimizin mənəvi borcu və böyük şərəfdir. O, xaricdə yaşayan azərbaycanlıların vahid diaspor təşkilatı ətrafında birləşməsi ideyasının məhz Ümummilli Lider Heydər Əliyevə məxsus olduğunu və onun uzaqgörən siyasəti nəticəsində bu birliyin əmələ gəldiyini vurğuladı. Vaqif Məmişov Azərbaycan diasporuna göstərilən dövlət qayğısınının bu gündə Prezident İlham Əliyev tərəfindən davam etdirildiyini qeyd etdi. “Sankt Peterburqun Azərbaycan diasporu” ictimai təşkilatının nümayəndəsi, professor Heydər İmanov Ümummilli lider Heydər Əliyevin Azərbaycanın müstəqilliyi və inkişafı üçün daima çalışdığını bildirdi. Heydər Əliyevin müdrik siyasəti və uzaqgörənliyi nəticəsində hələ 1970-1980-ci illərdən başlayaraq çox sayda azərbaycanlı gənclərin SSRİ-nin aparıcı təhsil ocaqlarına göndərildiyini və gələcək müstəqil Azərbaycan üçün yüksək səviyyəli peşəkar kadrların yetişdirildiyini bildirdi. “Naxçıvan Azərbaycanın dostları” milli-mədəni cəmiyyətinin rəhbəri İdris Qəhrəmanov müasir Azərbaycan dövlətçiliyinin quruculuğunda və möhkəmlənməsində Heydər Əliyevin misilsiz rolundan, xaricdə yaşayan həmvətənlərə böyük qayğı göstərdiyindən danışdı. O bildirdi ki, Heydər Əliyev azərbaycançılıq ideyasının banisidir və Azərbaycan diasporunun qurucusudur. Tədbirin davamında çıxış edən, Rusiyanın Azərbaycanlı Gənclər Birliyi AMOR-un nümayəndəsi Zakir Nəsibzadə Ulu Öndərin müdrik daxili və xarici siyasəti nəticəsində Azərbaycanın möhkəmləndiyini və öz müstəqilliyini əbədiləşdirdiyini bildirdi. AMOR fəalları müasir Azərbaycan gənclərinin ölkə rəhbərliyinin diqqət və qayğısını hər zaman hiss etdiklərini və Prezident İlham Əliyevin siyasi kursunu daima dəstəklədiklərini vurğuladı.
Tədbirin yekununda Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini anan həmvətənlərimiz onun barelyefi önünə gül dəstələri qoydular, xatirə şəkilləri çəkdirdilər.