2016-11-21

Baş konsul Sultan Qasımov Sankt-Peterburqda dünya şöhrətli rusiyalı rəssam və heykəltəraş Mixayil Şemyakinlə görüşdü.

21 noyabr 2016-cı il tarixində Baş konsul Sultan Qasımov Sankt-Peterburqda dünya şöhrətli rusiyalı rəssam və heykəltəraş, Rusiyanın dövlət mükafatı laureatı Mixayil Şemyakinin fondunda incəsənət xadimi ilə görüşüb.

Görüş zamanı Baş konsul Sultan Qasımov Mixayil Şemyakina Azərbaycanda zəngin mədəni irsin qorunması və incəsənətin inkişafı sahəsində aparılan siyasət barədə danışıb. O, qeyd edib ki, ölkə başçısı Prezident İlham Əliyev və birinci xanımı Mehriban Əliyeva mədəniyyət, elm, təhsil və idman sahələrinin inkişafına xüsusi diqqət yetirirlər. Rusiyada keçirilən mədəni tədbirlərə nəzər salan diplomat Moskvada Dövlət Tretyakov qalereyasında keçirilmiş və açılışında Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın iştirak etdiyi “Abşeronun ulduzu. 1960-1980-ci illərin Azərbaycan rəssamları” sərgisini qeyd etdi.

Baş konsul Sultan Qasımov cənab M.Şemyakina Leyla xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun Rusiyadakı nümayəndəliyinin genişmiqyaslı fəaliyyəti barədə danışdı, Fondun əsas fəaliyyət istiqamətlərindən birini mədəniyyətin təşkil etdiyini bildirdi. Sultan Qasımov rəssama “Bakı” jurnalının nüsxələrini təqdim etdi və onu Bakıya dəvət etdi.                                                                                                                                                                                                                                        

M.Şemyakin maraqlı söhbətə görə Baş konsula təşəkkürünü bildirdi, ona rəhbərlik etdiyi fond və həyata keçirdiyi layihələr barədə danışdı.

Arxiv üzrə axtarış