2016-11-24

24-25 noyabr tarixlərində Sankt-Peterburqun Tavriçeskiy sarayında MDB üzv ölkələrinin payız sessiyası keçirilib.

Tədbirdə Azərbaycan Respublikası Milli Məclisinin sədri cənab Oqtay Əsədovun başçılıq etdiyi nümayəndə heyəti iştirak edir.

23 noyabr tarixində Rusiya Federasiyası Federal Şurasının Dövlət Dumasının sədri Vyaçeslav Volodin Milli Məclisin sədri Oqtay Əsədovla görüşüb. Tərəflər parlamentlərarası əməkdaşlığın inkişafı və qanunvericilik sahəsində təcrübə mübadiləsi kimi mühüm məsələləri müzakirə ediblər.

Rusiya və Azərbaycan parlamentlərinə seçkilər keçirildiyini qeyd edən Dövlət Dumasının sədri beynəlxalq müşahidəçilər missiyasında fəal iştirakına görə azərbaycanlı tərəfdaşlara minnətdarlığını bildirib. Ölkələrimizin parlamentləri arasında münasibətlərə toxunan V.Volodin Rusiya və Azərbaycan qanunvericilik hakimiyyətlərinin nümayəndələrinin intensiv dialoqunu qeyd edib.

Azərbaycan Milli Məclisinin sədri O.Əsədov Rusiya Dövlət Dumasının sədri vəzifəsinə seçilməsi münasibətilə V.Volodini təbrik edib və onun böyük təcrübəsinin ölkə parlamentinə yeni töhfə, yeni ruh verəcəyinə əminliyini bildirib.

Azərbaycan ilə Rusiya arasında münasibətlərin çox yüksək səviyyədə olduğunu vurğulayan Oqtay Əsədov qeyd edib ki, ölkələrimiz arasında 200-dən çox ikitərəfli sənəd imzalanıb, iqtisadi münasibətlərimiz sürətlə inkişaf edir, Rusiya Azərbaycan iqtisadiyyatına 3 milyard dollardan çox sərmayə yatırıb, Azərbaycanın isə Rusiyadakı investisiyaları 1 milyard dollardan artıqdır.

Oqtay Əsədov hər iki ölkə xalqlarının rifahı naminə Rusiya parlamentinin yeni heyəti ilə əlaqələrin daha sürətlə inkişaf edəcəyinə əminliyini bildirib.

Görüşdə Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev, MDB Parlamentlərarası Assambleya Şurasının baş katibinin müavini Aydın Cəfərov, Dövlət Dumasının beynəlxalq məsələlər komitəsinin sədri Leonid Slutski, Dövlət Dumasının MDB, Avrasiya inteqrasiyası və həmvətənlərin işləri üzrə komitəsinin sədri Leonid Kalaşnikov və başqaları iştirak ediblər.

Qeyd edək ki, Milli Məclisin sədri Oqtay Əsədovun başçılığı ilə parlament nümayəndə heyəti MDB PA-nın Şura, 45-ci plenar və təşkilatın daimi komissiyalarının iclaslarında iştirak etmək üçün noyabrın 23-də Rusiya Federasiyasının Sankt-Peterburq şəhərinə səfərə gəlib.

MDB PA Şurasının iclasında qurumun 25 illiyinə hazırlıq tədbirləri, təşkilata üzv ölkələrdə seçkilərin müşahidəsinin təşkili, MDB-nə üzv ölkələrdə keçirilmiş referendum və prezident seçkilərində qurumun nümayəndələrinin iştirakı, həmçinin təşkilatın gələn il üçün iş planı nəzərdən keçiriləcək.

Arxiv üzrə axtarış