Cari ilin 20 noyabr tarixində Azərbaycanın Sankt-Peterburqdakı Baş konsulu Sultan Qasımov Sankt-Peterburqun və Rusiyanın Şimal-Qərb federal dairəsinin müftisi Ravil-Həzrət Pançeyev ilə görüşüb.
Səmimi dostluq şəraitində keçən görüşdə ikitərəfli münasibətlər və regionda Azərbaycan mədəniyyətinin, ənənələrinin və mənəviyyatın inkişafı üzrə qarşılıqlı əməkdaşlıq məsələləri müzakirə edilib. Ravil-Həzrət Pançeyev ölkəmizin bir sıra sahələrdə sürətli inkişafını qeyd edib və Azərbaycanda dini-mənəvi dəyərlərə böyük əhəmiyyət verilməsindən məmnun olduğunu bildirib. Müftinin fikrincə, Azərbaycan rəhbərliyi və şəxsən Prezident İlham Əliyev milli-mənəvi dəyərlərin, dini və mədəni abidələrin qorunub saxlanmasına böyük diqqət və qayğı göstərir. Müfti xüsusi ilə vurğulayıb ki, çoxmillətli və çoxkonfessiyalı Azərbaycanda bütöv bir dövr ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır.
Azərbaycanın Sankt-Peterburqdakı Baş konsulu Sultan Qasımov Azərbaycan diasporunun dəstəklənməsinə görə təşəkkürünü bildirib, bu iki qurum arasında qarşılıqlı fəaliyyətin vacibliyini qeyd edib.