“Komsomolskaya Pravda” qəzetində Azərbaycanın Sankt-Peterburqdakı baş konsulu Sultan Qasımov ilə müsahibə dərc edilib.
Azərbaycanın dövlət müstəqilliyinin bərpasının yubileyi ərəfəsində baş konsul Sultan Qasımov Azərbaycan ilə Rusiya arasında dostluq münasibətlərindən söz açaraq qeyd edir ki, bu səmimi münasibətlər, ilk növbədə, ölkələrimizin rəhbərlərinin dostluğuna əsaslanır. S.Qasımov deyib: “Prezidentlər sarıdan bəxtimiz çox gətirib. İlham Heydər oğlu Əliyev və Vladimir Vladimiroviç Putin bir-birinə çox səmimi münasibət bəsləyirlər. Onları çoxillik möhkəm dostluq əlaqələri bağlayır. Bu, bizi çox ruhlandırır. Biz iki qonşu ölkə, strateji tərəfdaşlarıq və qarşılıqlı münasibətlərimizə qayğı ilə yanaşırıq”.
Baş konsulluğun əsas vəzifələri barədə danışan S.Qasımov vurğulayıb ki, başlıca vəzifə Azərbaycan Respublikası vətəndaşlarının hüquqlarını müdafiə etmək, Azərbaycan ilə Rusiya Federasiyasının Şimal-Qərb Federal dairəsi arasında əlaqələri inkişaf etdirmək və möhkəmləndirməkdir. Diplomatik missiyanın işində mühüm istiqamətlərdən birinin mədəni-humanitar əməkdaşlıq olduğunu bildirən diplomat deyib: “2016-cı ilin sentyabrında Bakıda V Beynəlxalq Humanitar Forum keçirilib. Ölkələrimizin prezidentlərinin himayəsi altında keçirilən bu genişmiqyaslı tədbir son illərdə yaxşı ənənəyə çevrilib. Hər il məşhur alimlər, mədəniyyət xadimləri, siyasətçilər və ictimai xadimlər bütün dünyadan Bakıya toplaşır. Bu forumlarda Rusiya həmişə sayca ən böyük nümayəndə heyəti ilə təmsil olunur. Bu, ölkələrimiz arasında sıx əlaqələrə aid sadə bir misaldır. Bakıda Rusiyanın əsas universiteti olan MDU-nun fundamental filialı fəaliyyət göstərir. Rusiyanın Seçenov adına ən böyük tibb universitetinin Bakı filialı tələbə qəbul edir. Azərbaycanda tədrisin rus dilində olduğu 100-dən çox məktəb var. Ölkəmizdə rus mədəniyyətini yüksək qiymətləndirir və ona böyük maraqla yanaşırlar. Azərbaycan paytaxtının mərkəzində 90 ildən çoxdur ki, Rus Dram Teatrı fəaliyyət göstərir. Burada Moskvanın və Peterburqun aparıcı teatr truppaları vaxtaşırı çıxış edir. Məgər bu, bizim səmərəli münasibətlərimizin gözəl nümunəsi deyilmi?! Biz sadəcə tərəfdaşlar deyilik, biz dostlarıq. Azərbaycanda çoxlu rus yaşayır. Azərbaycanın rus icması ən böyük icmadır. Prezident İlham Heydər oğlu Əliyev bu icmanın inkişafına böyük diqqət ayırır”.
S.Qasımov ölkələrimiz arasında dostluq münasibətlərinin inkişafında Heydər Əliyev Fondunun RF-dəki nümayəndəliyinin və onun rəhbəri Leyla Əliyevanın, habelə ölkəmizin Rusiyada səfirliyinin və Azərbaycanın Moskvadakı səfiri Polad Bülbüloğlunun rolunu xüsusi qeyd edib.
Sankt-Peterburqdakı Azərbaycan diasporu mövzusuna toxunan baş konsul deyib: “Bizim hesablamalara görə, Peterburqda 380 minə yaxın azərbaycanlı yaşayır. Bu o deməkdir ki, burada onların işlər yaxşı gedir. Deməli, onlar sizin cəmiyyətin bir hissəsinə, regionun bir hissəsinə çevrilə biliblər. Əgər birisi azərbaycanlıdırsa, onun hökmən ticarətlə bağlı olması barədə geniş yayılmış stereotiplərə baxmayaraq, qeyd etməliyəm ki, mənim həmyerlilərim arasında aparıcı ali məktəblərin alimləri, professorları, mühəndislər, həkimlər, hörmətə layiq olan digər peşələrin nümayəndələri az deyil”.
Rusiyanın şimal paytaxtında yaşayan həmvətənlərimizin baş konsulluğun bütün tədbirlərində fəal iştirak etdiklərini vurğulayan Sultan Qasımov sonda deyib: “Bu günlərdə Azərbaycan Respublikasının konstitusiyasına dəyişikliklər və əlavələr edilməsinə dair referendum keçirildi. Sentyabrın 26-da həmvətənlərimiz – hazırda Rusiyada olan Azərbaycan vətəndaşları baş konsulluğun binasında yerləşən seçki məntəqəsində səs verdilər. Hazırda isə Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 25 illiyi bayramına hazırlaşırıq”.