2016-09-30

Cari ilin 26 sentyabr tarixində Azərbaycan Respublikasının Konstusiyasına edilməsi nəzərdə tutulmuş dəyişikliklərlə bağlı Baş konsulluqda 54 saylı seçki məntəqəsi açılmışdı.

Baş konsulluqdakı səsvermə məntəqəsi öz işini saat 08.00-dan 19.00-dək davam etdirib. Baş konsulluqda 593 vətəndaş səs verib, bunlardan 483 ümumi seçici siyahısından və 110 əlavə seçici siyahısından olub. Referendumun yekun protokolu Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına göndərilib.

Baş konsulluqdakı səsvermə məntəqəsinin fəaliyyəti MDB Parlamentlərarası Assambleyasının nümayəndələri Ksendzov Aleksandr, Malaxov Aleksandr, Anisimova Yuliya və Minabutdinova Linaradan ibarət müşahidəçi qrupu tərəfindən müşahidə olunub. Beynəlxalq müşahidəçi missiyasına MDB Parlamentlərarası Assambleyasının Baş katibi cənab Aleksey Sergeyev rəhbərlik edib. O, şəxsən Baş konsulluğu ziyarət edərək komissiyanın sədri, Sultan Qasımovla görüşüb və söhbət əsnasında səsvermənin tam şəffaflıq şəraitində keçdiyini qeyd edib.

Qeyd etmək lazımdır ki, Azərbaycanda ali qanuna edilən dəyişikliklər Rusiya ictimaiyyətinin marağına səbəb olub. Baş konsulluqda keçirilmiş səsverməni işıqlandırmaq məqsədi ilə “MİR” və “Sankt-Peterburq” televiziya kanallarının, “Peterburqskiy vestnik” və “Komsomolskaya Pravda” qəzetlərinin müxbirləri Baş konsulluqda çəkiliş aparıb və Baş konsul Sultan Qasımovdan müsahibə alıblar. Jurnalistləri maraqlandıran suallara cavab verən diplomat Azərbaycanda son illər ərzində müşahidə edilən çoxşaxəli inkişafın, ölkə rəhbərliyinin göstərişi ilə müxtəlif sahələrdə həyata keçirilən mühüm islahatların, beynəlxalq aləmdə və dünya iqtisadiyyatındakı mövcud vəziyyətin ölkə qanunvericiliyinin təkmilləşdirilməsinə zərurət yaratdığını qeyd edib. Diplomat, Azərbaycanda Konstitusiyaya edilən dəyişikliklərin beynəlxalq təcrübəyə əsaslanaraq, xalqın müstəqil iradəsi və demokratik prinsiplərə uyğun şəkildə həyata keçirildiyini vurğulayıb.        

Sankt-Peterburqda yaşayan vətəndaşlarımızla yanaşı, Ermitaj muzeyində şərqi numizmatika mövzusunda keçirilən “ICON II” beynəlxalq konfransda ölkəmizi təmsil edən alimlərimiz, Milli Tarix Muzeyinin professoru Əli Rəcəbli və Hüquq və insan haqları İnstitutunun baş elmi işçisi Rizvan Hüseynov səs veriblər.

Səsvermədə iştirak etmək məqsədi ilə məntəqəyə gələn vətəndaşlarımızla yanaşı, Azərbaycandakı referendumun ölkə gələcəyi üçün kəsb etdiyi əhəmiyyəti dərk edən Sankt-Peterburqdakı diaspor nümayəndələrimiz Baş konsulluğa gələrək mənəvi dəstəklərini nümayiş ediblər.

 

Arxiv üzrə axtarış