Cari ilin 20 sentyabr tarixində Sankt-Peterburqda “Azərbaycanda Konstitusiya reformaları” mövzusunda dəyirmi masa keçirilib.
Cari ilin 20 sentyabr tarixində Sankt-Peterburqun MDB ölkələri Parlamentlərarası Assambleyasının “Tavriçeskiy” mərkəzində Rusiyanın Azərbaycan Gənclər Təşkilatı AMOR-un və Azərbaycan Respublikasının Sankt-Peterburqdakı Baş konsulluğunun təşkilatçılığı ilə “Azərbaycanda Konstitusiya reformaları” mövzusunda dəyirmi masa keçirilmişdir.
Dəyirmi masanın işində Azərbaycan Respublikasının Sankt-Peterburqdakı Baş konsulu Sultan Qasımov, Milli Məclisinin deputatları Rüfət Quliyev və Adil Əliyev, MDB Parlamentlərarası Assambleyasının Baş katibinin müavini, ölkəmizin qurumdakı nümayəndəsi Aydın Cəfərov, “Vətən” cəmiyyətinin sədri Məzahir Həsənov, AMOR-un rəyasət heyətinin üzvü Emin Hacıyev, AMOR-un Sankt-Peterburq üzrə nümayəndəsi Zülfüqar İsmayılov və Sankt-Peterburqun aparıcı ali təhsil ocaqlarında oxuyan azərbaycanlı tələbələr iştirak ediblər.
Milli Məclisin deputatları Rüfət Quliyev və Adil Əliyev Azərbaycan Respublikasında aparılan çoxşaxəli reformalar, ölkəmizin iqtisadiyyat və digər sahələrdə əldə etdiyi yüksək nailiyyətlər barədə danışıblar.
Rüfət Quliyev Azərbaycan Respublikasının Konstitusiyasına edilməsi nəzərdə tutulan dəyişikliklər layihəsi ilə iştirakçıları tanış edib.
Emin Hacıyev iştirakçıları AMOR-un sədri Leyla xanım Əliyeva adından salamlayaraq, dəyirmi masa mövzusuna göstərilən yüksək marağa görə öz minnətdarlığını bildirib, o həmçinin AMOR-un Sankt-Peterburqdakı nümayəndəliyinin üzvlərinə gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
Baş konsul Sultan Qasımov Azərbaycan Respublikasının ali qanunverici aktı olan Konstitusiyaya edilməsi nəzərdə tutulan dəyişikliklərlə bağlı keçiriləcək ümumxalq səsvermədə Rusiyada yaşayan Azərbaycan Respublikası vətəndaşlarının iştirakının vacibliyini qeyd edib. Diplomat xaricdə yaşayan Azərbaycan vətəndaşlarının referendumda iştirakının təmin edilməsi məqsədi ilə Baş konsulluqda səsvermə məntəqəsinin fəaliyyət göstərəcəyini bildirib.
MDB Parlamentlərarası Assambleyasının Baş katibinin müavini, ölkəmizin qurumdakı nümayəndəsi Aydın Cəfərov və “Vətən” cəmiyyətinin sədri Məzahir Həsənov Azərbaycan gənclərinin ölkə gələcəyinin quruculuğunda, Azərbaycan-Rusiya dostluq münasibətlərinin inkişafında xüsusi yer tutduğunu qeyd ediblər.
Dəyirmi masada iştirak edən Sankt-Peterburq Dövlət Universitetinin, Rusiya Federasiyası Prezidenti yanında Xalq Təsərrüfatı və Dövlət Qulluğu Akademiyasının, Sankt-Peterburq Dövlət İqtisadiyyat Universitetinin və Rusiya Federasiyası Daxili İşlər Nazirliyinin Sankt-Peterburq Universitetinin tələbələri “Azərbaycanda Konstitusiya reformaları” mövzusunda hazırladıqları məruzələri oxuyublar. Həmçinin tədbir çərçivəsində tələbələr onları maraqlandıran sualları prezidium iştirakçılarına ünvanlayıblar.