2016-07-26

Cari ilin 26 iyul tarixində Baş konsul Sultan Qasımov Rusiya Federasiyasının Sankt-Peterburq Hökumətinin Xarici Əlaqələr Komitəsinin sədri cənab Yevgeniy Qriqoryevlə Smolnıy hökumət rezidensiyasında görüşüb.

Görüşdə Xarici Əlaqələr Komitəsinin MDB ölkələri və Rusiya Federasiyası regionlarının informasiya idarəsinin rəisi Svetlana Jurkina və Baş konsulluğun diplomatları iştirak ediblər.

Baş konsul Sultan Qasımovu və diplomatları salamlayan Yevgeniy Qriqoryev Rusiya Federasiyasının Sankt-Peterburq Hökuməti ilə Azərbaycan Respublikası Hökuməti arasında mövcud olan əməkdaşlıq əlaqələri və dostluq münasibətləri barədə danışıb.                                                    Baş konsul Sultan Qasımov Sankt-Peterburqun Xarici Əlaqələr Komitəsinin sədrinə səmimi qarşılamaya görə minnətdarlığını bildirib. Diplomat Azərbaycanla Rusiya arasındakı münasibətlərin tarixi və mehriban qonşuluq siyasəti üzərində qurulduğunu qeyd edib, ölkəmizin  Rusiyanın bir çox bölgələri, o cümlədən Sankt-Peterburqla əlaqələrin genişlənməsində maraqlı olduğunu bildirib.

Görüşün davamında tərəflər səmərəli əməkdaşlığın inkişafı üçün həlli aktual olan məsələlərin müzakirəsinə keçiblər. Tərəflər Azərbaycan Respublikası Hökuməti ilə Rusiya Federasiyasının Sankt-Peterburq Hökuməti arasında iqtisadi və humanitar sahələrdə əməkdaşlığa dair Hökumətlərarası Komissiyanın birinci iclasının təşkilini və Baş konsulluq üçün inzibati binanın ayrılması məsələsini müzakirə ediblər.              

Söhbət zamanı Baş konsul Azərbaycanla Sankt-Peterburq arasında turizm sahəsində və kənd təsərrüfatı məhsullarının ixracatı sahəsində səmərəli əməkdaşlığın inkişaf etdirilməsi mövzusuna toxunub. O bildirib ki, Azərbaycanda turizm sahəsində aparılan ciddi islahatlar nəticəsində bu sektorda mühüm irəliləyişlər  müşahidə olunur.

Xarici Əlaqələr Komitəsinin sədri Yevgeniy Qriqoryev qeyd olunan sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi üçün real imkanların mövcud olduğunu və Baş konsul Sultan Qasımovun Sankt-Peterburq hökumətinin müvafiq komitə rəhbərləri ilə görüşlərinin təşkilində köməklik göstərəcəklərini qeyd edib. Y.Qriqoryev Azərbaycan Hökuməti və Rusiya Federasiyasının Sankt-Peterburq Hökuməti arasında regional əməkdaşlığın yüksək səviyyəsinə xüsusi diqqət yetirib.Görüşün  yekununda Baş konsul Sultan Qasımov Xarici Əlaqələr Komitəsinin sədri cənab Yevgeniy Qriqoryevə səmimi söhbətə görə təşəkkürünü bildirib, Baş konsulluq adından Sankt-Peterburqun Xarici Əlaqələr Komitəsinə xatirə hədiyyələrini təqdim edib.

 

Arxiv üzrə axtarış