Cari ilin 16-18 iyun tarixlərində Sankt-Peterburqda "Yeni İqtisadi reallıqlar astanasında" devizi altında XX Peterburq Beynəlxalq İqtisadi Forumu keçirilmişdir.
3 gün davam etmiş forumda dünyanın yüzdən çox ölkəsindən olan şirkət nümayəndələri, dövlət adamları, beynəlxalq təşkilatların rəhbərləri iştirak ediblər.
Forumda yüksək səviyyəli nümayəndələr sırasında BMT baş katibi Pan Gi Mun, Avropa Komissiyasının sədri Jan Klod Yunker, Fransanın sabiq prezidenti Nikolya Sarkozi, İtaliyanın baş naziri Matteo Rentsi, Qazaxıstan Respublikasının prezidenti Nursultan Nazarbayev və digər nüfuzlu dövlət nümayəndələri iştirak ediblər.
Rusiyanın siyasi, ictimai, iqtisadi həyatında əlamətdar hadisə hesab olunan beynəlxalq səviyyəli tədbirdə Azərbaycanı iqtisadiyyat naziri Şahin Mustafayev, Hesablama Palatasının sədri Vüqar Gülməmmədov, Azərbaycan Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev təmsil ediblər. Tədbirdə həmçinin Fövqəladə və Səlahiyyətli Səfir Polad Bülbüloğlu və Baş konsul Sultan Qasımov iştirak ediblər.
Forum çərçivəsində iqtisadi sahəni əhatə edən mövzularla yanaşı, beynəlxalq münasibətlərin gündəmində olan aktual məsələlər diqqət mərkəzində olub. Forumu açıq elan edən Rusiya baş nazirinin birinci müavini Sergey Prixodko tədbirin dünyanın aparıcı iqtisadi meydançasına çevrildiyini qeyd edib. Forumun diqqət mərkəzində olan siyasi hadisəsi isə Rusiya Federasiya Prezidenti Valdimir Putinin çıxışı oldu. Plenar iclasda çıxış edən Rusiya prezidenti Vladimir Putin Rusiyada iqtisadi sahə üçün aktual hesab olunan məsələlərə toxundu. O, ölkəsinin Qərblə əməkdaşlığa hazır olduğunu bildirdi və mövcud sanksiyaların Avropa və Rusiya iqtisadiyyatına göstərdiyi təsirlər barədə danışdı. Dünyadakı siyasi və iqtisadi vəziyyəti qiymətləndirən V.Putin böyük Avrasiya tərəfdaşlığı təşəbbüsü ilə çıxış etdi.
XX Peterburq Beynəlxalq İqtisadi Forumunun təşkilati komitəsinə istinadən cari il keçirilmiş tədbirdə 130 ölkədən 12 min nümayəndə iştirak edib, 332 beynəlxalq müqavilə imzalanıb. Bunlardan 24 müqavilə Sankt-Peterburq hökuməti tərəfindən imzalanıb. Digər dövlətlərlə müqayisədə ən çox müqavilə payının İtaliya üzərinə düşdüyü qeyd olunur. Onunla yanaşı Rusiya şirkətlərinin Boliviya, Hindistan, ABŞ, Belorusiya, İsveçrə, ÇİN, Azərbaycan və digər ölkələrlə imzalandığı bildirilir. Forum çərçivəsində SOCAR-ın prezidenti Rövnəq Abdullayev “Qazprom” İdarə Heyətinin sədri Aleksey Millerlə və “Qazprombank” İdarə Heyətinin sədri Andrey Akimovla görüşüb. Görüş zamanı SOCAR və “Qazprombank” arasında əməkdaşlıq haqqında müqavilə imzalanıb. Müqaviləyə əsasən ''SOCAR Polymer'' layihəsi üzrə istehsal zavodlarının tikintisində ''Qazprombank'' qrupuna daxil olan ''Kriogenmaş'' ASC iştirak edəcək. Forum çərçivəsində həmçinin “SOCAR, ''Qazprombank'', Rusiyanın EXİAR ixrac kreditləri və investisiyaların sığortalanması agentliyi və İtaliyanın SACE ixrac kredit agentliyi arasında Azərbaycanda qaz-kimya kompleksinin maliyyələşdirilməsi və tikintisi üzrə Qarşılıqlı Anlaşma Memorandumu” imzalanıb. Memoranduma əsasən Azərbaycanda qaz emalı və qaz-kimya zavodlarının tikintisində Rusiya və İtaliya tərəfdaşlarının da iştirakı nəzərdə tutulur.Rusiya hökumət nümayəndələri Rusiya hesablama palatasının sədri Tatyana Qolikova, Rusiya Dövlət Dumasının təhlükəsizlik komissiyasının sədri İrina Yarovaya, Moskva Dövlət Beynəlxalq Əlaqələr Universitetinin rektoru Anatoli Torkunov, Vladimir regionunun qubernatoru Svetlana Orlova və Dağıstan Respublikasının başçısı Ramazan Abdulatipov tədbir çərçivəsində Azərbaycan Dövlət Televiziyasına verdikləri müsahibələrdə Rusiya və Azərbaycan arasında bütün sahələrdəki uğurlardan və dinamik inkişafdan danışıblar.
Rusiyanın şimal paytaxtında keçirilmiş XX Peterburq Beynəlxalq İqtisadi Forumda iqtisadiyyat da daxil olmaqla, siyasi və humanitar sahələri əhatən edən konfrans və dəyirmi masalarda 100-ə yaxın mövzular müzakirə edilib.