Xocalı soyqırımının 34-cü ildönümü ilə əlaqədar keçirilmiş anım tədbiri
Xocalı soyqırımının 34-cü ildönümü ilə əlaqədar faciə qurbanlarının xatirəsini yad etmək məqsədilə 21 fevral 2026-cı il tarixində Azərbaycan Respublikasının Sankt-Peterburq şəhərindəki Baş konsulluğunda anım tədbiri keçirilmişdir.
Dəyirmi masa formatında keçirilən anım tədbirində Azərbaycan Respublikası Milli Məclisinin deputatı Sabir Hacıyev, MDB PA Şurasının Baş katibinin müavini – Azərbaycan Respublikası Milli Məclisinin MDB PA-da səlahiyyətli nümayəndəsi Aydın Cəfərov, Azərbaycan icmasının nümayəndələri və Baş konsulluğun əməkdaşları iştirak etmişdir.
Tədbir iştirakçıları çıxışlar zamanı Xocalı soyqırımı qurbanlarının əziz xatirəsini ehtiramla yad etmiş, bu terror aktının Ermənistanın uzun illərdən bəri Azərbaycana qarşı həyata keçirdiyi planlaşdırılmış etnik təmizləmə və təcavüz siyasətinin tərkib hissəsi olduğunu, Xocalı faciəsinə dövlət səviyyəsində tam siyasi-hüquqi qiymətin verilməsi məsələsinin Ümummilli Lider Heydər Əliyevin sayəsində həllini tapdığını və məhz onun təşəbbüsü ilə Azərbaycan Respublikasının Milli Məclisinin 24.02.1994-cü il tarixli qərarı ilə 26 fevral tarixinin Xocalı Soyqırımı Günü elan edildiyini, 2020-ci il Vətən Müharibəsi və 2023-cü ilin sentyabrında həyata keçirilən uğurlu antiterror tədbirləri nəticəsində ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpa edilməsi, eləcə də Xocalının işğaldan azad olunması ilə şəhidlərimizin ruhunun şad olduğunu bildirmişdir.
Anım tədbiri çərçivəsində Xocalı soyqırımına həsr olunmuş foto və kitab sərgiləri keçirilmiş, sənədli film nümayiş olunmuş və faciə qurbanlarının əziz xatirəsinə ehtiram əlaməti olaraq ehsan süfrəsi verilmişdir.