news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 15 dekabr 2025

Ümummilli Lider Heydər Əliyevin vəfatının 22-ci ildönümü ilə əlaqədar Kareliya Respublikasının Petrozavodsk şəhərində keçirilmiş anım tədbiri

Azərbaycan xalqının Ümummilli Lideri, görkəmli dövlət xadimi və tarixi şəxsiyyət Heydər Əliyevin vəfatının 22-ci ildönümü ilə əlaqədar Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı Səfirliyinin və Sankt-Peterburq şəhərindəki Baş konsulluğunun birgə təşkilatçılığı ilə 14 dekabr 2025-ci il tarixində Rusiya Federasiyasının Kareliya Respublikasının Petrozavodsk şəhərində anım tədbiri keçirilmişdir.

Kareliya Respublikasının Milli və Regional Siyasət Nazirliyinin nəzdində fəaliyyət göstərən “Xalqlar Dostluğu Evi”ndə keçirilən tədbirdə Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı fövqəladə və səlahiyyətli səfiri Rəhman Mustafayev, Sankt-Peterburq şəhərindəki baş konsulu v.i.e Anar Yusifzadə, Kareliya Respublikasının milli və regional siyasət naziri Sergey Kisilyov, iqtisadi inkişaf naziri Anton Fokin, Petrozavodsk şəhərində fəaliyyət göstərən “Odlar Yurdu” Azərbaycanlıların Milli Mədəniyyəti” regional ictimai təşkilatının və Azərbaycan diasporunun nümayəndələri, Baş konsulluğun əməkdaşları iştirak etmişdir.

Tədbiri giriş sözü ilə açan səfir R.Mustafayev Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyəti, əvəzolunmaz və unikal dəst-xətti ilə seçilən böyük fenomen olduğunu, belə bir dahi şəxsiyyətin azərbaycanlı olmasının Azərbaycanın xalqının milli üstünlüyü və bəşəri uğuru olduğunu bildirmişdir.

Heydər Əliyevin öz xalqını zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxartdığını, onu müstəqilliyə qovuşdurmuş qüdrətli şəxsiyyət olduğunu, davamlı yüksəliş yolunda inamla irəliləyən müasir Azərbaycanın Heydər Əliyevin həyat amalının təntənəsi olduğunu, Ulu öndərin şah əsəri olan güclü Azərbaycan dövlətinin Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə öz suverenliyini və ərazi bütövlüyünü qorumağa və bərpa etməyə qadir olduğunu 44 günlük Vətən Müharibəsində şanlı Zəfər qazanmaqla sübuta yetirdiyini səfir R.Mustafayev çıxışı zamanı qeyd etmişdir.

Daha sonra çıxış edən Kareliya Respublikasının milli və regional siyasət naziri Sergey Kisilyov Heydər Əliyevin həyat və fəaliyyəti ərzində Azərbaycan-Rusiya arasında dostluq, mehriban qonşuluq, qarşılıqlı hörmət və etimada əsaslanan əməkdaşlıq münasibətlərinin inkişafında həyata keçirdiyi misilsiz xidmətlərindən bəhs edərək iki ölkə arasındakı mövcud strateji tərəfdaşlıq əlaqələrinin təməlinin hələ zamanında Ulu öndər Heydər Əliyev və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin tərəfindən qoyulduğunu bildirmişdir.

“Odlar Yurdu” Azərbaycanlıların Milli Mədəniyyəti” regional ictimai təşkilatının sədri Rasim Seydəliyev çıxışı zamanı xaricdə yaşayan azərbaycanlıların vahid diaspora təşkilatı ətrafında birləşməsi ideyasının məhz Ümummilli Lider Heydər Əliyevə məxsus olduğunu vurğulamış, onun Azərbaycanın müstəqilliyi və tərəqqisindəki xidmətlərindən, Rusiya-Azərbaycan münasibətlərinin inkişafına verdiyi töhfələrdən bəhs etmişdir.

Tədbir çərçivəsində Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən sənədli film nümayiş etdirilmiş, foto sərgi keçirilmişdir.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti