news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 13 may 2025

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü ilə əlaqədar keçirilmiş tədbir və konsert proqramı

Azərbaycan xalqının Ümummilli Lideri, görkəmli dövlət xadimi və tarixi şəxsiyyət Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü ilə əlaqədar Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində Azərbaycan Respublikasının Baş konsulluğunun təşkilatçılığı ilə 12 may 2025-ci il tarixində Sankt-Peterburq Dövlət Akademik Kapellasında “Ümummilli Lider Heydər Əliyev – Müstəqil və Suveren Azərbaycanın Konstitusiyasının müəllifi” mövzusunda tədbir və konsert proqramı keçirilmişdir.

 

Tədbirdə Rusiya Federasiyasının Xarici İşlər Nazirliyinin Sankt-Peterburqdakı Nümayəndəliyinin rəhbəri Maksim Poletayev, MDB Parlamentlərarası Assambleyası Şurasının Baş katibi Dmitri Kobitski, Sankt-Peterburq hökumətinin Xarici əlaqələr komitəsinin rəsmiləri, Sankt-Peterburqun Qanunvericilik Məclisinin deputatları, Türkiyə Respublikası, Qazaxıstan Respublikası, Qırğız Respublikası, Tacikistan Respublikasının baş konsulları, Sankt-Peterburqda Azərbaycan Milli-Mədəni Muxtariyyətinin sədri Vaqif Məmişov, Azərbaycan diasporunun nümayəndələri, azərbaycanlı mədəniyyət və incəsənət nümayəndələri, tələbələr və kursantlar, rusiyalı mədəniyyət, elm və təhsil nümayəndələri, politoloqlar və ekspertlər iştirak etmişdir.

 

Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsi tədbir iştirakçıları tərəfindən 1 dəqiqəlik sükutla yad edilmiş, Azərbaycan Respublikasının və Rusiya Federasiyasının dövlət himnləri səsləndirilmişdir.

 

Tədbiri giriş sözü ilə açan Baş konsulluğun başçısı vəzifəsini icra edən Anar Yusifzadə ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyəti, əvəzolunmaz və unikal dəst-xətti ilə seçilən böyük fenomen olduğunu, belə bir dahi şəxsiyyətin azərbaycanlı olmasının Azərbaycanın xalqının milli üstünlüyü və bəşəri uğuru olduğunu bildirmişdir.

 

Heydər Əliyevin öz xalqını zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxartdığını, onu müstəqilliyə qovuşdurmuş qüdrətli şəxsiyyət olduğunu, davamlı yüksəliş yolunda inamla irəliləyən müasir Azərbaycanın Heydər Əliyevin həyat amalının təntənəsi olduğunu, Ulu öndərin şah əsəri olan güclü Azərbaycan dövlətinin Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə öz suverenliyini və ərazi bütövlüyünü qorumağa və bərpa etməyə qadir olduğunu 44 günlük Vətən Müharibəsində şanlı Zəfər qazanmaqla sübuta yetirdiyini Baş konsulluğun başçısı vəzifəsini icra edən Anar Yusifzadə çıxışı zamanı qeyd etmişdir.

 

Daha sonra çıxış edən Rusiya Federasiyasının Xarici İşlər Nazirliyinin Sankt-Peterburqdakı Nümayəndəliyinin rəhbəri Maksim Poletayev Heydər Əliyevin həyat və fəaliyyəti ərzində Azərbaycan-Rusiya arasında dostluq, qarşılıqlı hörmət və etimada əsaslanan əməkdaşlıq münasibətlərinin inkişafında həyata keçirdiyi misilsiz işlərdən bəhs edərək iki ölkə arasındakı mövcud strateji tərəfdaşlıq əlaqələrinin təməlinin hələ zamanında ümummilli lider Heydər Əliyev və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin tərəfindən qoyulduğunu bildirmişdir.

 

Sankt-Peterburqda Azərbaycan Milli-Mədəni Muxtariyyətinin sədri Vaqif Məmişov çıxışı zamanı Ulu öndər Heydər Əliyev ilə bağlı xatirələrini bölüşmüş, xaricdə yaşayan azərbaycanlıların vahid diaspora təşkilatı ətrafında birləşməsi ideyasının məhz Ümummilli Liderə məxsus olduğunu, onun Azərbaycanın müstəqilliyi və tərəqqisindəki xidmətlərindən, Rusiya-Azərbaycan münasibətlərinin inkişafına verdiyi töhfələrdən bəhs etmişdir.

 

Türkiyə Respublikasının Sankt-Peterburq şəhərindəki baş konsulu Özgün Talu təməli Ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş Azərbaycan və Türkiyə arasında dostluq-qardaşlıq münasibətlərinin bu gün ölkə rəhbərləri tərəfindən uğurla davam etdirildiyini vurğulamış, Ümummilli Liderə ehtiramını ifadə etmişdir.

 

 

 

Sankt-Peterburq Qanunvericilik Məclisinin deputatı Andrey Aleskerov çıxış edərək Sankt-Peterburqun Qanunvericilik Məclisinin sədri Aleksandr Belskinin tədbir iştirakçılarına müraciətini oxudu. Müraciətdə görkəmli dövlət xadimi Heydər Əliyevin doğma ölkəsinin inkişafının təməlini qoyduğu, onun Azərbaycanı Avrasiya regionunun əsas iqtisadi və mədəni mərkəzinə çevirdiyi, Heydər Əliyevin Azərbaycan və Rusiya xalqlarının çoxəsrlik dostluq münasibətlərinin möhkəmləndirilməsində və iki ölkə arasında mehriban qonşuluq və strateji tərəfdaşlıq əlaqələrinin inkişafında əvəzsiz xidmətləri, onun Sankt-Peterburq şəhərinə göstərdiyi xüsusi isti münasibəti qeyd olunmuşdur.

 

Daha sonra Azərbaycan Respublikasının əməkdar artistləri Elnarə Məmmədova və Regina Rüstəmova, N.A.Rimski-Korsakov adına Sankt-Peterburq Dövlət Konservatoriyasının tələbəsi Teymur Kazımov və digər incəsənət nümayəndələrinin ifasında konsert tədbiri keçirilmişdir.

 

Konsert proqramında dahi Azərbaycan bəstəkarları Fikrət Əmirov (“Azərbaycan elləri”, “Dilbərin nəğməsi”, “Lay-Lay”), Tofiq Quliyev (“Əziz surət”, “Öyünmə”, “Axşam”), Asəf Zeynallı (“Ölkəm”), Cahangir Cahangirov (“Nazənin”) və Müslüm Maqomayevin (“Azərbaycan”) əsərləri, eləcə də bir sıra Azərbaycan xalq mahnıları incəsənət nümayəndələrinin ifasında səsləndirilmişdir.

 

Konsert tədbirinin təşkilində dəstəyə və fəal iştiraklarına görə incəsənət nümayəndələri Baş konsulluq tərəfindən təşəkkürnamə ilə təltif edilmişdir.

 

Tədbir çərçivəsində Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən video çarxlar nümayiş etdirilmiş, kitab və foto sərgiləri keçirilmişdir.

 

Sonda Baş konsulluq adından tədbir iştirakçılarına Azərbaycanın milli mətbəxinin nümunələrindən ibarət çay ziyafəti təqdim olunmuşdur.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti