Sankt-Peterburq şəhərindəki azərbaycanlı tələbələr üçün təşkil olunmuş iftar tədbiri
Azərbaycan Respublikasının Sankt-Peterburqdakı Baş Konsulluğu tərəfindən mübarək Ramazan ayı ilə əlaqədar Sankt-Peterburq şəhərindəki ali təhsil müəssisələrində təhsil alan azərbaycanlı tələbələr üçün 15 mart 2026-cı il tarixində iftar tədbiri təşkil olunmuşdur.
Tədbirdə Sankt-Peterburq Dövlət Universiteti, Rusiya Federasiyası Prezidenti yanında Sankt-Peterburq Xalq Təsərrüfatı və Dövlət İdarəçilik Akademiyası, Sankt-Peterburq Dövlət Pediatriya Tibb Universiteti, Sankt-Peterburq İdarəçilik Texnologiyaları və İqtisadiyyat Universiteti, Sankt-Peterburq Politexnik Universiteti və digər ali təhsil müəssisələrinin bakalavr, magistr və aspirantura pillərində təhsil alan tələbələr iştirak etmişdir.
Azərbaycan Respublikasının Sankt-Peterburqdakı baş konsulu vəzifəsini icra edən Anar Yusifzadə xeyirxahlıq və mərhəmət duyğularını ehtiva edən, gözəl niyyətlər və savab əməllər naminə müsəlman aləmini birlik, bərabərlik və həmrəylik yoluna dəvət edən mübarək Ramazan ayı münasibətilə tədbir iştirakçılarını səmimi qəlbdən təbrik etmiş və ən xoş arzularını çatdırmışdır.
Ulu öndər Heydər Əliyevin “Təhsil millətin gələcəyidir” kəlamı tələbələrin diqqətinə çatdırılaraq hər bir cəmiyyətin və dövlətin xoşbəxt gələcəyinin onun yüksək təhsil və ixtisaslara sahib olan gəncləri ilə bilavasitə bağlı olduğu qeyd edilmişdir.
Tədbir zamanı Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Vətənimiz Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpa olunması uğrunda qəhrəmancasına həlak olan şəhidlərimizin əziz xatirəsi ehtiramla yad edilmişdir.