Sankt-Peterburq şəhərindəki Azərbaycanlı mədəniyyət və incəsənət nümayəndələri ilə görüşə dair
Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı Səfirliyinin və Sankt-Peterburq şəhərindəki Baş Konsulluğunun birgə təşkilatçılığı ilə 19 aprel 2025-ci il tarixində səfir Rəhman Mustafayevin və baş konsul vəzifəsini icra edən Anar Yusifzadənin Sankt-Peterburq şəhərində fəaliyyət göstərən Azərbaycanlı mədəniyyət və incəsənət nümayəndələri ilə görüşü keçirilmişdir.
Dəyirmi masada Heydər Əliyev Fondunun Rusiya Federasiyasındakı Nümayəndəliyinin humanitar proqramlar şöbəsinin rəhbəri Tamilla Əhmədova, MDB Parlamentlərarası Assambleyası Şurasının baş katibinin müavini, Azərbaycan Respublikası Milli Məclisinin MDB PA-da daimi nümayəndəsi Aydın Cəfərov, eləcə də rusiyalı mədəniyyət xadimləri, elm, təhsil və media sahələrinin nümayəndələri və ekspertlər iştirak etmişdir.
Tədbiri giriş sözü ilə açan səfir Rəhman Mustafayev Rusiya Federasiyasındakı Azərbaycan icmasının təkcə etnik azərbaycanlıları deyil, həm də öz vətənlərini xaricdə layiqincə təmsil edən digər xalqların nümayəndələrini də birləşdirdiyini qeyd etmişdir.
Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında siyasi, ticarət-iqtisadi, elm, təhsil, mədəniyyət sahələrində yüksək səviyyəli əlaqələrin, regionlararası əməkdaşlığın mövcud olduğu, 2024-2028-ci illərdə Azərbaycan Hökuməti və Sankt-Peterburq Hökuməti (Rusiya Federasiyası) arasında ticarət-iqtisadi, elmi-texniki və mədəniyyət sahələrində əməkdaşlığa dair Tədbirlər Planına (“Yol Xəritəsi”) əsasən Azərbaycan-Rusiya birgə ali təhsil müəssisəsinin təsis olunmasının nəzərdə tutulduğu diqqətə çatdırılmışdır.
Mədəniyyət və incəsənət sahəsində tədbirlərin keçirilməsinin Azərbaycan və Rusiya arasında mədəniyyət sahəsində əməkdaşlığın inkişafına töhfə verəcəyini iştirakçıların diqqətinə çatdıran səfir Rəhman Mustafayev bu sahədə Azərbaycan-Rusiya birgə layihələrinin həyata keçirilməsi və iki ölkə arasında əlaqələrin möhkəmləndirilməsi baxımından bu kimi görüşlər əsasında gələcəkdə qeyri-rəsmi “Rusiya-Azərbaycan Mədəniyyət Dialoqu” formatının yaradılmasını təklif etdi.
Heydər Əliyev Fondunun Rusiya Federasiyasındakı Nümayəndəliyinin humanitar proqramlar şöbəsinin rəhbəri Tamilla Əhmədova çıxışı zamanı Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın rəhbərliyi ilə illər ərzində Rusiya Federasiyasında mədəniyyət, incəsənət, elm, təhsil, tibb sahələrində həyata keçirilən layihələr barədə məlumat verərək mədəniyyət və elmin hər bir xalqın dünyada səsi olduğunu vurğulamışdır.
Görüş zamanı çıxış edən Azərbaycan Respublikasının əməkdar artistləri Elnarə Məmmədova, Həsən Bağırov, Regina Rüstəmova, mədəniyyət, elm, təhsil, media sahələrində fəaliyyət göstərən rusiyalı nümayəndələr və ekspertlər (Dmitri Solonnikov, İnna Barışnikova-Qudina, Anna Tsapleva-Bakıxanova) birgə mədəni proqramların, konsert tədbirlərinin, sərgilərin, master-klasların təşkil olunmasının, incəsənət kollektivlərinin qarşılıqlı qastrol səfərlərinin baş tutmasının, Bakı və Sankt-Peterburq şəhərlərindəki məktəbəqədər və orta ümumtəhsil müəssisələri, musiqi məktəbləri arasında qardaşlaşma əlaqələrinin qurulmasının, hər iki ölkənin ali təhsil müəssisələri arasında telekörpülərin keçirilməsinin Azərbaycan və Rusiya arasında sadalanan sahələr üzrə əməkdaşlığın gələcək inkişafına önəmli töhfə verəcəyini qeyd etmişdir.
Sonda bu kimi görüşlərin Moskva və Sankt-Peterburq şəhərlərində, eləcə də Rusiyanın digər regionlarında mütəmadi əsasda keçirilməsi, iştirakçılarının sayının artırılması məqsədilə vahid məlumat bazasının yaradılması və digər təşkilati məsələlərin görülməsi razılaşdırılmışdır.