Leninqradın blokadadan tam azad olunmasının 81-ci ildönümünə həsr olunmuş tədbirlərə dair
1941-1945-ci illər Böyük Vətən Müharibəsi zamanı Leninqradın blokadadan tam azad olunmasının 81-ci ildönümü ilə əlaqədar Sankt-Peterburq hökumətinin təşkilatçılığı ilə 27 yanvar 2025-ci il tarixində Piskaryov memorial məzarlığında anım mərasimi və “Oktyabrski” konsert sarayında tədbir keçirilmişdir.
Rusiya Federasiyasının Prezidenti Vladimir Putin, Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenko, Sankt-Peterburqun qubernatoru Aleksandr Beqlov, Leninqrad vilayətinin qubernatoru Aleksandr Drozdenko, Rusiya XİN-in nümayəndələrinin, dövlət və hökumət rəsmilərinin, diplomatik korpusun rəhbərlərinin iştirak etdiyi tədbirlər çərçivəsində Baş konsulluğun başçısı vəzifəsini icra edən Anar Yusifzadə tərəfindən Piskaryov memorial məzarlığındakı “Ana Vətən” abidəsinin önünə əklil qoyulmuşdur.
Daha sonra Piskaryov memorial məzarlığındakı Xatirə Xiyabanında 1941-1945-ci illər Böyük Vətən Müharibəsi və Leninqradın blokadadan azad olunması zamanı döyüşlərdə qəhrəmancasına həlak olmuş Azərbaycanın oğul və qızlarının xatirə lövhəsi Baş konsulluğun heyəti tərəfindən ziyarət olunmuş və önünə gül dəstələri düzülmüşdür.
Həmçinin Leninqradın blokadadan tam azad olunmasının 81-ci ildönümü ilə əlaqədar 28 yanvar 2025-ci il tarixində Leninqrad vilayəti hökumətinin təşkilatçılığı ilə Qatçina şəhərində keçirilmiş anım tədbiri çərçivəsində diplomatik korpusun rəhbərləri tərəfindən memorial kompleks ziyarət edilmiş və 1941-1945-ci illər Böyük Vətən Müharibəsi zamanı həlak olanların xatirəsinə ucaldılmış abidə önünə əklillər qoyulmuşdur