news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 11 aprel 2025

Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı fövqəladə və səlahiyyətli səfiri Rəhman Mustafayevin Sankt-Peterburq şəhərinə işgüzar səfəri

Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı fövqəladə və səlahiyyətli səfiri Rəhman Mustafayevin Sankt-Peterburq şəhərinə işgüzar səfəri çərçivəsində 10 aprel 2025-ci il tarixində Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin barelyefi ziyarət edilmiş və önünə gül dəstələri düzülmüşdür.

Səfər çərçivəsində səfir R.Mustafayevin Rusiya Federasiyasının Müdafiə Nazirliyinin Sankt-Peterburq şəhərindəki ali hərbi təhsil müəssisələrində (hərbi tibb, rabitə, artilleriya, aviasiya, maddi-texniki təminat) təhsil alan azərbaycanlı zabit və kursantlar ilə görüşü keçirilmişdir.

Tədbirdə Baş konsulluğun başçısı vəzifəsini icra edən Anar Yusifzadə və Azərbaycan Silahlı Qüvvələrinin Rusiya Federasiyasındakı hərbi attaşesi polkovnik Kənan Təhməzov iştirak etmişdir.

Görüş zamanı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canlarını qurban verən şəhidlərin əziz xatirəsi ehtiramla yad edilmiş, ölkəmizin ordu quruculuğu və kadr potensialının yüksələn xətlə inkişafı qeyd olunmuş, Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında münasibətlərin mövcud vəziyyəti və əməkdaşlığın əsas istiqamətləri, ölkəmizin aktual regional və beynəlxalq məsələlərdəki mövqeyi barədə tədbir iştirakçılarına məlumat verilmişdir.

Daha sonra «Арт-Петербург» İrina Boqaçova Xeyriyyə Fondunda Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında mədəniyyət sahəsində mövcud və gələcək əməkdaşlıq məsələlərinin müzakirəsi məqsədilə “Mədəni üfüqlər: mədəniyyət sahəsində birgə layihələr” mövzusunda dəyirmi masa keçirilmişdir.

Tədbirdə Sankt-Peterburq hökumətinin Xarici əlaqələr və Mədəniyyət komitələrinin, MDB PA-nın Mədəniyyət, informasiya, turizm və idman üzrə daimi komissiyasının rəsmiləri, Müasir Dövlət İnkişafı İnstitutunun direktoru, Sankt-Peterburq İctimai Palatasının kütləvi informasiya vasitələri ilə iş və informasiya təhlükəsizliyi komissiyasının sədr müavini Dmitri Solonnikov, Fondun nümayəndələri, mətbuat nümayəndələri və ekspertlər, eləcə də onlayn video formatda Ü.Hacıbəyov adına Bakı Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəyli iştirak etmişdir.

Ölkələrimiz arasında mədəniyyət və incəsənət sahəsi üzrə əməkdaşlığın gələcək perspektivləri, birgə mədəni proqramların, hər iki ölkənin mədəniyyət günlərinin, incəsənət kollektivlərinin qarşılıqlı qastrol səfərlərinin həyata keçirilməsi ilə bağlı məsələlər müzakirə edilmiş, 2023-2024-cü illərdə Azərbaycan incəsənət nümayəndələrinin iştirakı ilə Sankt-Peterburq Dövlət Akademik Kapellasında, D.Şostakoviç adına Sankt-Peterburq Akademik Filarmoniyasında, Mariinski Dövlət Akademik Teatrında, Baltiyski Teatr Evində, Rusiya Milli Kitabxanasında baş tutmuş tədbirlər barədə dəyirmi masanın iştirakçılarına məlumat verilmişdir.

Bununla yanaşı, görüş proqramı çərçivəsində N.A.Rimski-Korsakov adına Sankt-Peterburq Dövlət Konservatoriyasının tələbələri tərəfindən Azərbaycan və rus bəstəkarlarının əsərlərindən fraqmentlər səsləndirilmişdir.

Həmçinin cari ilin 10 aprel tarixində səfir R.Mustafayev ilə Sankt-Peterburq hökumətinin Xarici əlaqələr komitəsinin sədri Yevgeni Qriqoriyev arasında görüş keçirilmişdir.

Komitə sədri Azərbaycan Respublikasının Rusiya Federasiyası üçün önəmli tərəfdaş olduğunu qeyd edərək Sankt-Peterburq ilə Azərbaycan Respublikası arasındakı bütün sahələrdə əməkdaşlığa xüsusi önəm verildiyini diqqətə çatdırmışdır.

Öz növbəsində, səfir R.Mustafayev ölkələrimiz arasında dostluq və mehriban qonşuluq prinsiplərinə əsaslanan siyasi, iqtisadi, mədəni, humanitar və digər sahələrdə əməkdaşlığın, hörmət və etimad prinsiplərinə əsaslanan müttəfiqlik qarşılıqlı fəaliyyət münasibətlərinin mövcud olduğunu, Sankt-Peterburq hökuməti ilə mədəni, iqtisadi, humanitar və digər sahələr üzrə əməkdaşlığın inkişaf etdirilməsinin və gələcəkdə birgə layihələrin həyata keçirilməsinin ikitərəfli münasibətlərin dinamikasına töhfə verəcəyini qeyd etmişdir.

Bu xüsusda 1941-1945-ci illər Böyük Vətən Müharibəsində qələbənin 80-ci ildönümü ilə əlaqədar Sankt-Peterburq şəhərində keçiriləcək silsilə tədbirlər çərçivəsində səfirliyimiz, baş konsulluq və komitənin iştirakı ilə birgə tədbirin keçirilməsi məsələsinə baxılması razılaşdırılmışdır.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti