news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 19 dekabr 2025

Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı fövqəladə və səlahiyyətli səfiri Rəhman Mustafayevin Kareliya Respublikasına işgüzar səfəri

Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı fövqəladə və səlahiyyətli səfiri Rəhman Mustafayevin cari ilin 13-16 dekabr tarixlərində Rusiya Federasiyasının Kareliya Respublikasına işgüzar səfəri həyata keçirilmişdir.

Səfər proqramı çərçivəsində 16 dekabr 2025-ci il tarixində səfir R.Mustafayevin Kareliya Respublikasının rəhbəri Artur Parfençikov ilə nümayəndə heyətləri səviyyəsində görüşü baş tutmuşdur.

Görüşdə Azərbaycan Respublikasının Sankt-Peterburq şəhərindəki Baş Konsulluğunun başçısı vəzifəsini icra edən Anar Yusifzadə, Kareliya Respublikasının Baş nazirinin müavini Oleq Yermolayev, iqtisadi inkişaf naziri Anton Fokin, milli və regional siyasət naziri Sergey Kisilyov, Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin Nümayəndəliyinin rəhbəri Lev Tarskix iştirak etmişdir.

Görüş zamanı Azərbaycan Respublikası ilə Kareliya Respublikası arasında iqtisadi-ticarət, kənd təsərrüfatı, elm, təhsil, mədəniyyət, turizm, humanitar, sənaye sahələri üzrə gələcək əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparılmışdır.

Söhbət zamanı Kareliya Respublikasının mədəniyyət müəssisələrinin (A.K.Qlazunov adına Petrozavodsk Dövlət Konservatoriyası, Kareliya Dövlət Filarmoniyası, Milli Teatr, Musiqili Teatr, Dram Teatrı, Kukla Teatrı, Milli Muzey, Təsviri İncəsənət Muzeyi və s.) və hər il ənənəvi olaraq burada keçirilən mədəniyyət tədbirlərinin sayına görə Rusiya Federasiyasının qabaqcıl regionlarından olduğunu diqqətə çatdıran A.Parfençikov 2026-cı il ərzində qarşılıqlı mədəniyyət günlərinin, konsert proqramlarının, sərgilərin, incəsənət xadimlərinin səfərlərinin təşkil olunmasında maraqlı olduqlarını ifadə etmişdir.

Kareliya Respublikasına 2025-ci ilin ilk 8 ayı ərzində 1 milyon nəfər turistin səfər etdiyini vurğulayan A.Parfençikov turizm şirkətlərinin nümayəndələri üçün tərəflərin turizm potensialına dair təqdimatların keçirilməsinin və turizm təsisatlarının qarşılıqlı səfərlərin təşkilinin bu sahə üzrə əlaqələrin inkişafı baxımından xüsusi əhəmiyyət daşıyacağını vurğulamışdır.

Kareliya Respublikasının ali təhsil müəssisələrinin (xüsusilə, Petrozavodsk Dövlət Universiteti) informasiya texnologiyaları sahəsi, rəqəmsal proqramlaşdırma və avtomatlaşdırılmış idarəetmə sistemləri, tibb sahəsi üzrə ixtisaslaşdığını qeyd edən həmsöhbət tərəflərin ali təhsil müəssisələri arasında əməkdaşlığın (elmi tədqiqatların, birgə simpozium, seminar və araşdırmaların, onlayn konfransların keçirilməsi, təcrübə mübadiləsinin aparılması) elm-təhsil sahəsi üzrə qarşılıqlı əlaqələrin gələcək inkişafına müsbət töhfə verəcəyini bildirmişdir.

Kareliya Respublikasının bir sıra xarici ölkələr ilə qardaş şəhər əlaqələrinin mövcud olduğunu diqqətə çatdıran həmsöhbət Azərbaycan Respublikasının sənaye və mədəniyyət sahəsi üzrə ixtisaslaşmış şəhərlərindən biri ilə Petrozavodsk şəhəri arasında qardaş şəhər əlaqələrinin qurulmasının qarşılıqlı əməkdaşlığın inkişafı üçün əhəmiyyətli addım olacağını bildirmişdir.

Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında regionlararası əməkdaşlığın mövcud vəziyyətini və iqtisadi-ticarət əlaqələrinin inkişafını, eləcə də kənd təsərrüfatı, sənaye, elm, təhsil, mədəniyyət, turizm sahələri üzrə ixtisaslaşmış Kareliya Respublikası ilə Azərbaycan Respublikası arasında gələcək əməkdaşlıq üçün geniş imkanların mövcud olduğunu nəzərə alaraq, əməkdaşlığın müvafiq istiqamətlərinin inkişafı üzrə və əməli fəaliyyətin həyata keçirilməsi məqsədilə “Yol Xəritəsi”nin hazırlanmasının vacibiliyi rusiyalı rəsmilər tərəfindən diqqətə çatdırılmışdır.

Səfər proqramı çərçivəsində 13-15 dekabr 2025-ci il tarixlərində səfir R.Mustafayev ilə Kareliya Respublikasının Baş nazirinin müavini Oleq Yermolayev və Petrozavodsk şəhərinin meri İnna Kolıxmatova arasında keçirilən görüşlər zamanı iqtisadi-ticarət, kənd təsərrüfatı, elm, təhsil, mədəniyyət, turizm, humanitar, sənaye sahələri üzrə gələcək ikitərəfli əməkdaşlıq məsələləri müzakirə olunmuş, sözügedən fəaliyyət istiqamətlərinə dair rusiyalı rəsmilərin təklifləri diqqətə çatdırılmışdır.

Səfir R.Mustafayevin 15 dekabr 2025-ci il tarixində Petrozavodsk Dövlət Universitetinin birinci prorektoru Sergey Korjov ilə görüşü keçirilmişdir. Söhbət zamanı 45 ölkədən (əsasən Türkmənistan, Qazaxıstan, Belarus, Hindistan) 800-dən çox xarici tələbə (o cümlədən, pediatriya, iqtisadiyyat, pedaqogika ixtisasları üzrə 3 nəfər Azərbaycanlı tələbə) olmaqla, ümumilikdə 5900 tələbənin təhsil aldığı və Rusiya Federasiyasının ali təhsil müəssisələrinin reytinq cədvəlində 48-ci pillədə qərarlaşan ali təhsil müəssisəsinin informasiya texnologiyaları, rəqəmsal proqramlaşdırma, süni intellekt, kənd təsərrüfatı, akvakultura (balıq və dəniz məhsullarının yetişdirilməsi), turizm, tibb sahələri üzrə ixtisaslaşdığı barədə məlumat verilmiş, Petrozavodsk Dövlət Universitetinin Akvakultura Mərkəzi və Süni İntellekt Mərkəzinə baxış keçirilmişdir.

Səfər proqramı çərçivəsində A.K.Qlazunov adına Petrozavodsk Dövlət Konservatoriyasında keçirilmiş görüş zamanı bir sıra xarici ölkələrdən (əsasən Çin Xalq Respublikası, Latın Amerikası və MDB ölkələri) olan tələbələrin təhsil aldığı ali təhsil müəssisəsinin tədbir prosesi, maddi-texniki bazası, konsert zalları, kitabxanası ilə tanışlıq keçirilmişdir.

Kareliya Respublikasının sənaye potensialı ilə tanışlıq çərçivəsində yanğınsöndürmə robotları istehsal edən «ЭФЕР» (Fire Robots) ASC-nin istehsalat prosesinə baxış keçirilmişdir. 1984-cü ildə təsis edilmiş müəssisənin əsas istehlakçılarının neft-qaz sənayesi obyektləri, ticarət və sərgi mərkəzləri olduğu, Qazaxıstan və Özbəkistan ilə əməkdaşlıq edildiyi, Rusiya Federasiyasının neft-qaz sənayesi obyektlərinin yanğın təhlükəsizliyinin şirkət tərəfindən təchiz olunduğu barədə məlumat verilmişdir.

Həmçinin ağac emalı, ağacdan məmulatlar və mebel istehsalı həyata keçirən «Русский Лесной Альянс»«Калевала» zavodları, «Скандия» mebel fabrikinin istehsal prosesinə baxış keçirilmişdir.

Səfər proqramı çərçivəsində səfir R.Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyəti Kareliya Respublikasının Milli Muzeyi və Təsviri İncəsənət Muzeyi ilə tanış edilmişdir.

Səfər çərçivəsində 14 dekabr 2025-ci il tarixində səfir R.Mustafayevin “Odlar Yurdu” Azərbaycanlıların Milli Mədəniyyəti” regional ictimai təşkilatının və Azərbaycan diasporunun nümayəndələri ilə görüşü keçirilmişdir.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti